“Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimovla ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Çarlz Braun arasında telefon danışığı olub. Rəsmi məlumata əsasən, generallar Rusiya Hərbi Dəniz Qüvvələri ilə Hərbi Kosmik Qüvvələrinin Aralıq dənizindəki təlimlərini müzakirə ediblər, lakin açıqlanmayan hissələrdə başqa məqamlar da yer alır”.
Medianews.az xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov bildirib.
O qeyd edib ki, ABŞ ilə Rusiyanın ali hərbi qurumlar vasitəsilə diplomatiyası tərəflər arasında konfliktlərə son qoymağa yönəlmiş xüsusi təklifləri özündə ehtiva edə bilər.

Siyasi şərhçinin qənaətincə, Gerasimovla Braunun müzakirələri Rusiya ilə ABŞ-nin Yaxın Şərqdən tutmuş Ukrayna poliqonuna qədər uzanan münaqişələrin potensial olaraq məhdudlaşdırılmasını əks etdirir: “Bu təkliflərə Donald Trampın növbəti prezidentliyi dövründə ABŞ-Rusiya əlaqələrində əsas fiqurların, o cümlədən Trampla Vladimir Putinin görüş planları ilə əlaqədar ümumi planlar da daxildir. Zəngin Rusiya tərəfindən edildiyi məlumatından yola çıxaraq demək mümkündür ki, Gerasimov Trampın administrasiyası dövründə ABŞ-nin hərbi planları barədə nəbz yoxlayıb. Ukrayna hakimiyyətindən 2022-ci ilin 23 fevral sərhədlərinə qayıdış fonunda Rusiya ilə danışıqların mümkünlüyünə işarələrin işığında Gerasimov-Braun danışıqlarına daha bir “gizli qat” əlavə edilir”.

A.Kərimov vurğulayıb ki, Gerasimovla Braunun telefon danışıqları Rusiyanın Suriyadakı hadisələr fonunda Aralıq dənizində mövqelərini əldən verməmək üçün bütün vasitələrdən istifadə edəcəyinə dair də işartılardır: “Danışıqlar ABŞ-nin də mövcud və onun da fövqünə çıxa biləcək potensial maraqlarının çərçivələrini işıqlandırır. Bu, Rusiya ilə ABŞ-nin həm potensial qarşılıqlı güzəştlərinin ölçülərini, həm də mübarizəyə davam edəcəyinin hədlərini müəyyənləşdirir. Rusiyanın Ukraynaya qarşı müharibədə kompleks çağırışları intensiv olaraq yeni növ raketlərin sınaqdan çıxarılması ehtimalını yüksəldir. Yəqin ki, Gerasimov bu barədə də həmkarını məlumatlandırıb və ümumiyyətlə, ABŞ ilə Rusiyanın dərin eskalasiyaya girməməsi üçün kəşfiyyat məlumatlarını mübadilə proqramının hazırlanması təklif edilib”.
Turan ORUC