Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün Kiyevin işğal olunmuş ərazilərdən imtina etməsi məsələsi gündəmə gətirilib. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan “CBS” telekanalının efirində bildirib ki, Ukrayna münaqişəni həll etmək üçün ərazilərdən imtina etmək barədə qərarı özü verməlidir.
O vurğulayıb ki, ərazi, təhlükəsizlik və digər məsələlərlə bağlı prezident Volodimir Zelenski danışmalıdır. C.Sallivanın sözlərinə görə, Kiyev başa düşür ki, son nəticədə münaqişə danışıqlar yolu ilə həll olunacaq.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Telegram” kanalında C.Sallivanın açıqlamasına münasibət bildirib. Qeyd edib ki, V.Zelenskinin sahibləri ona xəyanət etdilər. M.Zaxarovanın qənaətincə, onların məqsədi Ukraynaya kömək etmək deyil, Rusiyaya ziyan vurmaq olub.
C.Sallivanın səsləndirdiyi fikirlər nəyin göstəricisidir? Vaşinqton bununla Kiyevə nə təklif edir? Rusiya-Ukrayna müharibəsinin sonlandırılması barədə artıq siyasi qərar verilibmi? Ukrayna Prezidenti V.Zelinski işğalla barışmağa məcbur edilirmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Qərbdən tez-tez Ukraynanın meydanına “sülh təklifi” üçün toplar atılır.

Onun sözlərinə görə, müharibədəki dinamika dəyişə bilər: “Rusiya Ukraynanı elə bir situasiya ilə üz-üzə qoymaq istəyir ki, Kiyev üçün NATO unudulmuş təhlükəsizlik çətiri kimi görünsün. Bu, indiki vəziyyətdə Qərbin də xeyrinədir. Çünki Ukrayna müharibəsindəki yeni dinamikalar beynəlxalq ictimaiyyəti potensial sülh sazişini necə sabitləşdirmək barədə düşünməyə vadar edir. Mümkün Rusiya-Ukrayna danışıqları həmin sabitləşmənin vacib hissəsidir, ona görə də, Qərbdən tez-tez Ukraynanın meydanına “sülh təklifi” üçün toplar atılır. Bununla belə, Qərb Rusiyanın nüvə şantajlarından və ya müharibədə istifadə etdiyi yeni silahlardan çəkinməsə, müharibədəki dinamikanı dəyişə bilər. Lakin Rusiyanın nəzarət etdiyi ərazilərin xəritəsinə diqqət yetirəndə və Rusiya qoşunlarının bir neçə laylı müdafiə xətləri qurduqlarını nəzərə alanda Ukraynanın həlledici irəliləyişləri çətin görünür”.

A.Kərimov deyib ki, Ukrayna Prezidenti V.Zelenski ölkəsinin ABŞ-dən nə dərəcədə asılı olduğunu yaxşı bilir və Ağ Evin yeni sahibi Donald Trampın dövründə Vladimir Putinlə iş aparıla biləcəyi imtahanında narahatlıq keçirir: “Bununla belə, Ukraynanın müqaviməti tam qırılmadığından savaşın gec bitə biləcəyi ehtimalları qalmaqdadır. Yəni, Zelenski hələ ərazi güzəştlərinə hazır deyil, lakin bu o demək deyil ki, beynəlxalq ictimaiyyət atəşkəslə əlaqədar sazişin gözləniləndən tez ortaya çıxmasını istisna edir. Belə bir sənəd imzalanarsa, Qərb onu dəstəkləmək və sabitləşdirmək üçün əlavə tədbirlərə ehtiyac hiss edəcək. Ən vacib məsələ mümkün sazişin Qərblə Rusiyanın məqsədləri arasında üst-üstə düşmək variantlarını müəyyən etməkdir. Bu isə Ukraynaya problemlər yarada bilər. Üstəlik, Ukraynanın Rusiyanın elan etdiyi hərbi kampaniyaya qarşı mübarizəsinin əhəmiyyətinə kölgə sala bilər”.
Ərtürk İSMAYIL