Finlandiyada qadınlar ilkin hərbi hazırlıq kursları çərçivəsində Rusiya ilə mümkün qarşıdurma üzrə təlimlər keçirlər. Bu barədə məlumat yayan “The Guardian” qeyd edir ki, 18-70 yaş arası qadınlardan ibarət qruplardan biri Finlandiyanın şərqindəki hərbi bazada təlim keçir.
Təlim Finlandiya Müdafiə Nazirliyinin dəstəyi ilə “Nasta” ümumi silah hazırlığı kursu çərçivəsində həyata keçirilir. Nəşr vurğulayır ki, hərbiləşdirilmiş digər kurslara kibertəhlükəsizlik və sürücülük sahəsində təlimlər daxildir.

Bütün bu hazırlıqları, eyni zamanda geosiyasi vəziyyəti nəzərə alsaq, Rusiya Finlandiya qarşıdurması nə dərəcədə realdır? Rusiya-Ukrayna müharibəsində Moskvanın döyüş meydanındakı gücünü parçalamaq, faktiki olaraq Kreml rəhbərini iki cəbhədə savaşmağa məcbur etmək üçün belə bir addım atılarmı? Şimali Koreyanın Rusiya tərəfdən müharibəyə daxil olmasına cavab olaraq, Finlandiyanın da Ukraynaya dəstək üçün savaşa başlaması perspektivdə hansı nəticələrə səbəb ola bilər?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, Finlandiyanın savaş başlatma ehtimalı çox azdır.

Onun sözlərinə görə, Finlandiya NATO ölkəsi olduğu üçün özbaşına belə bir qərar qəbul edə bilməz: “Əslində, Finlandiyanın bu savaşı başlatması üçün heç bir motiv yoxdur. Sadəcə Rusiya bütün Şərqi və Şimali Avropa, NATO ölkələrinə qarşı hazırlaşır. Bu yaxınlarda keçmiş Leninqrad hərbi dairəsi bərpa olunub. Rusiya yenidən qərb cinahını möhkəmləndirməyə başlayıb. Mənə elə gəlir ki, bu gün Avropada daha çox düşündürücü məsələ Donald Trampın yenidən hakimiyyətə gəlişindən sonra Avropa-ABŞ, ABŞ-Rusiya münasibətlərinin dəyişməsi, bunun nəticəsində Avropa ölkələrinin, xüsusən də Rusiya ilə həmsərhəd, yaxın, müəyyən mübahisələri olan ölkələrin narahatlığıdır. Məsələn, biz diqqətlə baxsaq görərik ki, elə Ukrayna savaşında Rusiyaya daha sərt, aqressiv münasibət sərgiləyən ölkələr məhz onunla həmsərhəd olan ölkələrdir”.

Ə.Oruclu vurğulayıb ki, Baltikyanı ölkələr, Polşa və Finlandiya daim Rusiya təhlükəsini öz üzərlərində hiss edirlər: “Hesab edirlər ki, əgər Rusiya Avropaya qarşı hansısa cəbhə açacaqsa, ilk zərbə onlara dəyəcək. Digər tərəfdən, ölkələrin hər birinin tarixində çətin dönəmlər olub. Rusiyanın hərbi təcavüzünə məruz qalmaq, Rusiya İmperiyasının əsarətinə düşmək kimi dövrlər olub. Polşa, Finlandiya, Baltikyanı ölkələr də Rusiya İmperiyası tərəfindən vaxtilə işğal olunub, onun tərkibinə qatılıb. Çox güman ki, mümkün olan müharibəyə Rusiya tərəfindən hücuma hazırlıqları gedir. Yoxsa, Finlandiyanın Rusiyaya cəbhə açmasında heç bir motiv yoxdur. Yüksək ehtimalla Finlandiya sadəcə öz təhlükəsizliyini təmin etmək məqsədi ilə hərbi hazırlıq kursları təşkil edir. Təhlükəsizliyi təmin etmək ehtiyacı da yalnız Rusiyanın hərbi təcavüzü nəticəsində və ya onun qarşılığında meydana çıxa biləcək zərurətdir”.
Nailə QASIMOVA