Medianews.az
Nüvə sazişi GÜNDƏMDƏ: <span style=color:red>İran Qərblə yeni danışıqlara başlayır?
177 baxış

Nüvə sazişi GÜNDƏMDƏ: İran Qərblə yeni danışıqlara başlayır?

İran noyabrın 29-da İngiltərə, Fransa, Almaniya və Avropa İttifaqı ilə 6 böyük güc, o cümlədən 3 Avropa ölkəsi və ABŞ arasında dayandırılmış 2015-ci ildə imzalanmış nüvə sazişini bərpa etmək üçün danışıqlar aparacaq. Bu barədə Yaponiyanın "Kyodo" xəbər agentliyi İranın diplomatik mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, İran, 3 Avropa ölkəsi və vasitəçi kimi çıxış edən Aİ arasında planlaşdırılan danışıqlar Məsud Pezeşkianın iyulun sonunda prezident İbrahim Rəisi əvəzləyərək vəzifəyə başlamasından sonra Cenevrədə keçiriləcək ilk nüvə danışıqları olacaq. Danışıqlarda İranın nüvə proqramı, Avropanın İran aviaşirkətlərinə və gəmiçilik şirkətlərinə tətbiq etdiyi sanksiyalara toxunulacağı gözlənilir. İranın xarici işlər nazirinin müavini, İranın nüvə danışıqlarının veteranı Məcid Təxt Rəvançi ölkənin Cenevrədəki nümayəndə heyətinə rəhbərlik edəcək. ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın yanvarda Ağ Evə qayıdış ərəfəsinə təsadüf edəcək bu danışıqlar baş tutacaqmı? Əgər nəzərə alsaq ki, Donald Trampın ilk administrasiyası zamanı İran bu sazişdən çıxıb, indi onun yeni hakimiyyəti dövründə Tehranın geri dönüşü, Ağ Evin də bunu qəbullanması realdırmı? Mövzu ilə bağlı Medianews.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, tərəflər arasında əhatəli razılaşma müqaviləsi 2015-ci ilin yayında imzalanıb. Onun sözlərinə görə, Donald Tramp o zaman prezidentliyə namizədlik kampaniyası zamanı bu müqavilənin əleyhinə çıxış edib: “Tramp bildirmişdi ki, prezident seçiləcəyi təqdirdə həmin müqavilədən ölkəsini çıxaracaq. Elə də oldu, 2016-cı ilin mayında ABŞ həmin müqavilədən çıxdı. Bu müqavilədə İranın aviaşirkətlərinə, gəmiçilik şirkətlərinə tətbiq olunan sanksiyalar aradan qaldırılırdı. Razılaşma sənədində İrana mülki aviasiyasının ehtiyat hissələrinin satılması, yeni mülki təyyarələrin satılması kimi məsələlər də var idi. Hətta o dövrdə İranla ABŞ-nin, Fransanın bir sıra şirkətləri arasında mülki aviasiya avadanlığı və təyyarələrin satın alınmasına dair müqavilələr imzalanmışdı. Bütün bu müqavilələr Trampın prezident seçilməsi ilə donduruldu. Tehran hakimiyyəti nüvə proqramını həyata keçirməkdə iddialı və israrlı görünür, bununla bağlı çox sərt bəyanatlar verir. Misal üçün, Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Laricani İranın atom bombasını 24 saata əldə edə biləcəyini qeyd edib. Yaxud, bu ilin avqust ayında İran parlamentinin 12-ci çağırış deputatı, milli təhlükəsizlik və xarici siyasət üzrə parlament komissiyasının keçmiş üzvü Əhməd Ərdəstani Tehranın nüvə silahı əldə etdiyini irəli sürüb. Bu kimi məsələlər nüvə proqramına dair Tehran hakimiyyətinə olan şübhələri daha da artırır. Buna qarşılıq olaraq İsrailin yeni seçilən müdafiə naziri  bəyan edib ki, İranın nüvə proqramının reallaşmasına imkan verməmək, onun qarşısını almaq yəhudi hökumətinin başlıca vəzifəsidir. Oxşar bəyanatla ABŞ də çıxış edir. Düzdür, Prezident Məsud Pezeşkian açıqlamalarında Qərblə nüvə proqramına dair danışıqların aparılmasına razılığını ifadə edib və bu istiqamətdə anlaşmalar nəzərdə tutulduğu qeyd olunub. Hətta 2023-cü ilin dekabrında bu danışıqlar başlamışdı. Sadəcə olaraq, İbrahim Rəisinin helikopter qəzasında ölməsi prosesin dayanmasına səbəb oldu. HƏMAS-ın İsrailə 2023-cü ilin oktyabrında hücumu da İrana münasibətdə etibarsızlıq və etimadsızlıq yaratdı”. S.Soltan deyib ki, ABŞ-nin yeni seçilmiş prezidenti D.Tramp İranın nüvə proqramına qarşıdır və onun bu mövqedən geri çəkiləcəyi ehtimalı azdır: “İndi yenidən danışıqlar məsələsi gündəmə gəlir. Tehran rəsmiləri iddia edirlər ki, danışıqlar üçün ilk növbədə ABŞ ötən dövr ərzində dəyən ziyanı ödəməli və məlum sanksiyaları aradan qaldırmalı, əhatəli razılaşma müqaviləsinin müddəaları həyata keçməlidir. Yalnız bundan sonra danışıqlar davam edə bilər deyə, münasibət sərgilənir. Bütün bunlar detallardır. Atom Enerjisi və Beynəlxalq Agentliyin baş direktoru Rafael Mariano Grossi ötən həftə Tehrana səfər etmişdi. Döndükdən sonra onun səfərinin, apardığı təftişin yekununa dair hesabat hələ hazır deyil. Bu hesabatın yaz fəslinə qədər hazır olacağı ehtimal edilir. Odur ki, Donald Trampın yanvarın 20-dən sonrakı hakimiyyəti dövründə İranın nüvə proqramına dair AEBA-nın hesabatı da yayıla bilər. Amma indi ABŞ İranla danışığa, xüsusən də nüvə proqramına dair dialoqa özünü hazır olan kimi göstərmir. Vaşinqton bu istiqamətdə addım atacağını bəyan etməyib. Ona görə də perspektivdə ABŞ ilə İranın, yaxud Qərblə, Avropa İttifaqı ilə Tehranın nüvə proqramına dair danışıqlara başlaması, məlum sazişin bərpa edilməsi Rafael Mariano Grossinin 2025-ci ilin yazına qədər hazırlayacağı hesabatdan asılıdır. İndiki şərtlər və mövcud şərait çərçivəsində bu danışıqların baş tutması qeyri-real görünür. Donald Tramp İranın nüvə proqramına qarşıdır və onun bu mövqedən geri çəkiləcəyi ehtimalı azdır”. Nailə QASIMOVA

Bizə qoşulun