Medianews.az
Dünyanın taleyi təhlükə altında: <span style=color:red>Dağıdıcı silahlar İŞƏ DÜŞÜR - FOTOLAR
255 baxış

Dünyanın taleyi təhlükə altında: Dağıdıcı silahlar İŞƏ DÜŞÜR - FOTOLAR

Bir neçə gün bundan öncə ABŞ prezidenti Co Bayden Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verib. Ağ ev sahibinin məlum qərarının ardınca, Fransa və Böyük Britaniya da analoji addım atıb. Paris və London Kiyevə “Storm Shadow/SCALP-EG” raketlərindən istifadə olunmaqla Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməyə icazə verib. Bu barədə məlumat mediada ictimailəşəndən qısa müddət sonra Ukrayna Rusiya ərazisinə qeyd olunan silahlarla hücum edib. Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub ki, hava hücumundan müdafiə sistemləri vasitəsilə Böyük Britaniya istehsalı olan 2 "Storm Shadow" qanadlı raketi, ABŞ istehsalı olan 6 HIMARS raketi və 67 təyyarə tipli pilotsuz uçuş aparatı vurulub. Buna cavab olaraq Rusiya Ukraynaya qitələrarası raketlə zərbə endirib. Ötən gün isə “Politico” nəşri məlumat yayıb ki, Ukrayna ABŞ Prezidenti Co Baydenin administrasiyasından Rusiya ərazisinə “Tomahawk” raketləri ilə zərbə endirmək üçün də icazə ala bilər. Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini Yeqor Çerneva ölkəsi tərəfindən Rusiya ərazisindəki müdafiə obyektlərinə, xüsusilə də silah və hərbi texnika istehsal edən zavodlara zərbə endirmək məqsədilə ABŞ-dən xüsusi icazə alınmasının vacib olduğunu vurğulayıb. O, nəşrə bildirib ki, bu cür zərbələr Ukraynanın raketlər və pilotsuz uçuş aparatları ilə Rusiya ərazisindəki hədəfləri vurması üçün imkanlar yaradacaq. Y.Çernevanın sözlərinə görə, bu addım yalnız ABŞ-ın verdiyi icazə əsasında mümkün olacaq. Maraqlıdır, Qərb dövlətləri Kiyevə Rusiyaya qarşı daha öldürücü, dağıdıcı gücə malik silahlar tətbiq etməyə icazə verəcəkmi? Rusiyanın buna qarşı cavabı nə olacaq? Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Qasımov bildirib ki, Rusiya müasir tarixinin ən acınacaqlı günlərini yaşayır. Onun qənaətincə, Rusiya məcbur edilir ki, öz sərhədinə nüvə zərbəsi endirsin: “Rusiyanın əraziləri işğal olunur, uzaq mənzilli raketlərlə zərbələr endirilir. Moskva cavab reaksiyaların, heç bir dövlətin etməyəcəyi bir işə təhrik olunur. Rusiya məcbur edilir ki, öz sərhədinə nüvə zərbəsi endirsin. Heç bir ağıldan kəm dövlət rəhbəri bu işə məcbur edilə bilməz. Öz sərhədinə nüvə zərbəsi endirmək on illərlə nüvə radiasiyası, onun fəlakətləri və nəticələri ilə baş-başa qalmaq deməkdir. Bununla yanaşı, vaxtilə qardaş xalq hesab etdiyi bir xalqı sonsuza qədər bir-birinə düşmən etmək deməkdir. Rusiya etdiyi tarixi səhvin, Ukraynaya qarşı işğalçı hərəkətinin acınacaqlı nəticələri ilə üz-üzədir. Üç ilə yaxın dövrdə verilən insan və digər itkilər birlikdə, tək mənəvi itkilər qarşısında aciz qalır. Düşülən durum daha da mürəkkəbləşir”. A.Qasımov söyləyib ki, bu qanlı oyunu idarə edənlər müharibə aparan Rusiya və Ukraynanı artıq geri dönməz proseslərin içərisinə itələyiblər: “ABŞ dövləti “dovşana qaç, tazıya tut” deyir. Gələn prezident sülhdən danışır, gedən prezident müharibəni körükləyir. Amma bu münasibətlər içərisində Rusiyanın da günahı olmamış deyil. Əsas günah Kreml rəhbərliyində, imperiya maraqlarında və şovinist siyasət yürütməsindədir. Kimsə başına gələnlərdə başqasını günahkar çıxara bilməz. Rusiyanın indi əraziləri özünə düşmən hesab etdiyi Qərb ölkələri tərəfindən vurulursa, kimin əli olmasından asılı olmayaraq, bunda günahkar elə Rusiyanın özüdür. Qərb ölkələrinin əlində bəhanə var ki, Ukrayna əraziləri işğal olunur. Ona görə də Ukraynaya hər cür silah verir. Qərbin Ukraynaya vermədiyi ciddi silah növü tək-tük qalıb. Təbii ki, ABŞ-nin siyasətində geosiyasi maraqlar əsas rol oynayır. Rusiyanın zəiflədilməsi başlıca məqsəddir”. Siyasi şərhçi deyib ki, Donald Trampın hakimiyyətə gəlməsinə iki ay qalmış Co Baydenin Ukraynaya verdiyi uzaqmənzilli raketlərlə Rusiyanın ərazilərini vurmaq razılığı Moskvanın üzərində psixoloji əməliyyatdır: “ABŞ ən ciddi silahlarının hamısını Ukraynaya verəsi deyil. Məsələn “F-35” və ya “F-22” təyyarələri kimi. Müharibə deyildiyi kimi, Donald Trampın hakimiyyətə gəlişi ilə başa çatacaqsa, qeyd edilən silahlara növbə çatmayacaq. Yox, əgər müharibə uzanacaqsa, bu gedişlə “F-35”lər belə Ukraynaya veriləcək. Rusiya isə hələlik özünü sındırmır. Amma görünən odur ki, çıxılmaz vəziyyətdədir. 2025-ci il yanvarın 20-də Trampın hakimiyyətə gəlməsi fonunda qələbə qazanacağı gözləntisi ilə Ukraynaya nüvə zərbəsi endirib dünya müharibəsi çıxarmaz. Amma endirilən zərbələrin ciddi fəsadlar yaratmasına cavab olaraq tələfat törədici silahları işə sala bilər. Görünən odur ki, Moskva ilk belə zərbəni endirib. Amma bu, çəkindirici zərbədir. Hesab edirəm ki, belə əsəb oyunu son iki ayda davam edəcək. Əsas məsələyə aydınlıq iki aydan sonra gələcək. Elə bir durum yarana bilər ki, Rusiyanın əsəbləri tab gətirməz. Onda dünyanın taleyi təhlükə altına düşəcək”. Nailə QASIMOVA  

Bizə qoşulun