Medianews.az
Ukraynaya ballistik raketlə güclü zərbə: <span style=color:red>Rusiyanın növbəti addımı nə olacaq?
148 baxış

Ukraynaya ballistik raketlə güclü zərbə: Rusiyanın növbəti addımı nə olacaq?

Ukraynanın ABŞ, Böyük Britaniya və Fransadan aldığı silahlarla Rusiya ərazisinə zərbə endirmək icazəsi alması, ardınca belə bir hücumu reallaşdırması qarşı tərəfin də cavab tədbirlərinə səbəb olub. Rusiya ilk dəfə olaraq Ukraynaya qitələrarası ballistik raketlə zərbə endirib. Qeyd edək ki, “РС-26 Рубеж” raketi Həştərxandan buraxılıb. Kütləsi 40-50 ton olan raket 9 min kilometrdən çox məsafə qət etməyə qadirdir. Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsi, Kiyevin öldürücü qərb silahlarını, Moskvanın isə qitələrarası raketi istifadə etməsinin indiki və gələcək nəticələri barədə fikirlərini Medianews.az-a bölüşən hərbi ekspert İbrahim Rüstəmli bildirib ki, imperialist ölkələrin siyasətində kökaltı dövlətləri əzmək, onları ağır, çətin situasiyalarda qoymaq ənənəvi yanaşma formasıdır. Onun sözlərinə görə, Rusiya kimi ABŞ də mahiyyət etibarilə imperiyadır və bu iki dövlət arasında çox ciddi siyasi, iqtisadi, hərbi yarışma var: “Bu gün yalnız Rusiya-Ukrayna müharibəsi haqqında danışmamalıyıq. Bu, Rusiyanın əslində qərb və Avropa dövlətlərinə bir savaşıdır. Həmin savaşı da baş aktor kimi ABŞ başladıb. Rusiyanı Ukraynaya və yaxud da əksinə, Ukraynanı Rusiyaya qarşı qaldırmaq, dini və dili bir olan bu iki ölkə arasında müharibə yaratmaq, bununla da özlərinin geosiyasi və ya regional maraqlarını təmin etmək imperialist siyasətin əsas hədəfləridir. Heç bir imperiya xarakterli dövlət digər az saylı, nisbətən zəif dövlətlərə qarşı həssas deyil. Onlara qarşı diqqət göstərmir. ABŞ, Fransa kimi dövlətlər Cənubi Qafqazda Rusiyanı ən yaxın müttəfiqi sayılan Ermənistanı onun əlindən alıblar. Biri var 10-11 min kilometr uzaqdan Rusiyaya nəzarət edəsən, biri də var Moskvanın qulağının dibində olan bir ölkədə oturub oradakı vəziyyəti analiz edəsən, hər hansı bir şəkildə ona təsir göstərəsən. Bu gün Rusiya-Ukrayna müharibəsi ABŞ-nin çox ciddi ssenarisi əsasında hazırlanıb. ABŞ Rusiyanı ciddi-cəhdlə belə bir müharibəyə başlatmağa sövq etdi, qıcıqlandırdı. Bu proses zərgər dəqiqliyi ilə işlənmişdi. ABŞ-nin və Rusiyanın siyasətində imperialist mövqe açıq-aydın görünməkdədir. Rusiya heç Xəzəryanı ölkələrin fikirlərini öyrənmədən  Xəzər dənizi sahillərində silahlanma prosesinə başlayıb. Rusiya üçün Xəzəryanı dövlətlərin, məsələn Azərbaycanın, İranın, Türkmənistanın, Qazaxıstanın mövqeyi heç də maraqlı deyil. Eyni yanaşma da ABŞ üçün keçərlidir. İmperialist dövlətlər üçün öz maraqları bütün ölkələrin maraqlarından üstündür”. Hərbi ekspert vurğulayıb ki, hazırda Ukraynanın vəziyyəti son dərəcə kəskindir: “Qitələrarası ballistik raketlə Petrozavodsk ərazisinin, o cümlədən zavodun vurulması və sair çox ciddi bir reaksiyadır. Bu reaksiyanın da arxasında qıcıqlandırıcı məqamlar dayanır. ABŞ və digər qərb dövlətlərinin Ukraynaya satdığı silahlarla Rusiya ərazisinin vurulmasına icazə verildi. Bunun qarşılığında da Rusiya kəskin şəkildə reaksiya verdi, daha sərt münasibət bildirdi. Petrozavodsk ərazisinə atılan 40-50 tonluq qitələrarası raketin dağıdıcı radiusu həddindən artıq böyükdür. Rusiyanın burada əsas məqsədi başda ABŞ olmaqla qərb dövlətlərinə, o cümlədən Fransa, Böyük Britaniya, ümumən Avropa İttifaqına cavab vermək idi. Yəni, biz zarafat etmirik. Belə bir vəziyyətdə vaxt və döyüşlər nə Ukraynanın, nə də Rusiyanın xeyrinə işləmir. Əslində elə Avropa İttifaqı və qərb dövlətlərinin əsas məqsədi ondan ibarət idi ki, bu iki qardaş xalqı bir-bir ili qarşı-qarşıya qoysunlar. Bunun fonunda da özləri rahat fəaliyyət göstərsinlər. Yəni, Ukraynaya silah elə-belə verilmir, məqsəd Rusiyanı çökdürməkdir”. İ.Rüstəmli deyib ki, ABŞ dünyada öz alternativini hesab etdiyi Rusiyanı sıradan çıxarmağa çalışır: “Rusiyanın da bu məsələyə ayırdığı maliyyə vəsaiti kifayət qədər böyükdür. Düzdür, silah-sursat cəhətdən çoxlu problemlər yaranır. Amma bütün hallarda nə Rusiya, nə də Ukrayna qalib gələcək. Qalib gələn ABŞ başda olmaqla qərb dövlətləri, Avropa İttifaqı olacaq. Proseslər Ukrayna üçün daha ağır nəticələnəcək. Amma bu o demək deyil ki, Rusiya ciddi problemlər yaşamayacaq. Canlı qüvvə itkisi ilə yanaşı, hər ay döyüş əməliyyatlarına milyardlarla vəsait xərclənir. Bu, əslində Rusiyanı iqtisadi cəhətdən çökdürmək planının bir tərkib hissəsidir. Təbii ki, zamanı gəldikdə bütün müharibələr sülhlə, danışıqla bitir. Ancaq ən çox itirən Ukrayna olacaq. Rusiya da Ukrayna kimi qardaşını itirəcək. Bir qədər əvvəl vurğuladığım kimi, arada ən çox qazanan qərb dövlətləri olacaq”. Nailə QASIMOVA

Bizə qoşulun