Medianews.az
Paşinyan imicini və siyasi kursunu DƏYİŞDİ: <span style=color:red>İrəvandakı istefaların ƏSL SƏBƏBİ
115 baxış

Paşinyan imicini və siyasi kursunu DƏYİŞDİ: İrəvandakı istefaların ƏSL SƏBƏBİ

Ermənistanda istefalar kütləvi hal alır. Baş nazir Nikol Paşinyanın bu yaxınlarda Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrini danlamasından sonra daxili işlər naziri Vaqe Kazaryan, istintaq komitəsinin rəhbəri Argişti Karamyan, ərazi idarəetmə naziri Qnel Sanosyan, dövlət gəlirləri komitəsinin rəhbəri Rustam Balasyan, korrupsiyaya qarşı mübarizə komitəsinin rəhbəri Sasun Xaçatryan və başqaları istefa ərizəsi yazıblar. Sosial şəbəkələrin Ermənistan seqmentində baş nazir N.Paşinyanın hökumətin tərkibində təmizləmələr həyata keçirdiyi barədə məlumatlar dərc edilib. Bu təmizləmələr və ya istefalar nədən qaynaqlanır? N.Paşinyan yeni komanda formalaşdırmaqla nəyə hazırlaşır, məqsəd və hədəf nədir? Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Xəyal Bəşirov bildirib ki, ümumən Ermənistanda, o cümlədən Paşinyan hökuməti daxilində xaotik proseslər baş verir. Onun sözlərinə görə, bu proseslər İkinci Qarabağ müharibəsindən sonra səngimək bilmir: “Bu proseslər zaman-zaman Ermənistanda çaxnaşmalara, etiraz aksiyalarına, qarşıdurmalara səbəb olur. Təbii ki, bu, Nikol Paşinyan hakimiyyətini narahat edir. Çünki hakimiyyət daxilində onun yürütdüyü siyasətə, atdığı addımlara qarşı olan şəxslər var. Hesab edirəm ki, Paşinyanın bu günlərdə rəmzi olaraq öz imicini dəyişməsi də təsadüfi deyil. Yeni imiclə və komanda ilə bundan sonrakı fəaliyyətini davam etdirəcək. Ölkənin daxilində daha çox hüquq-mühafizə orqanlarının, güc strukturlarının rəhbərlərinin istefalarını biz müşahidə edirik. Bu, ondan xəbər verir ki, Paşinyan hətta öz komandasına belə, etibar etmir. Ermənistan ordusunda, kilsədə ona qarşı çıxan qüvvələrin olmasına şahidliyini etmişik. Bu nöqteyi-nəzərdən Paşinyanın narahatlığını hakimiyyət prizmasından baxanda anlamaq da mümkündür. Kilsədə və orduda dəfələrlə dəyişiklik edən Paşinyanın bəzi hallarda müdafiə və xarici işlər nazirlərini də dəyişib. Lakin kütləvi şəkildə istefaların olması o deməkdir ki, artıq hakimiyyət daxilində böyük “çatlar” var”. X.Bəşirov hesab edir ki, Ermənistanda hüquq-mühafizə orqanlarında kütləvi istefaların olması heç də həmin şəxslərin özlərinin müstəqil qərarı deyil: “Əksinə, onlara göstəriş verilib ki, ərizənizi yazın və işinizi tərk edin. Əks halda onlar barəsində müvafiq tədbirlər görülə bilər. Düşünürəm ki, məsələnin mahiyyəti Nikol Paşinyanın yürütdüyü siyasətə etiraz edən, ona qarşı olan qüvvələrin güc strukturlarından təmizlənməsidir. Xatırladım ki, Paşinyan indiyə qədər xarici siyasətində gah Rusiya, gah da Qərbyönlü siyasət yürütməklə təhlükəli oyunlar oynayıb. Ölkə daxilində də onun yürütdüyü siyasətin iflasa uğradığının şahidi oluruq. Azərbaycanla sülh sazişini imzalamaq mövqeyini nümayiş etdirən Nikol Paşinyan Qərb və Şimal yönlü siyasəti ilə hər iki qütbdə narazılıq yaradır. Bütün bu məqamlar onu deməyə əsas verir ki, Paşinyan sadəcə öz hakimiyyətinin gələcəyi üçün narahatlıq keçirir”. Politoloq  əlavə edib ki, Ermənistanda güc strukturlarında dəyişikliyin edilməsi N.Paşinyanın Şimal və ya Qərb arasında konkret seçim edəcəyi anlamına da gələ bilər: “Yəni, Paşinyan küləyin əsdiyi istiqamətə yönəlik siyasətində artıq konkret addımlar atmaq məcburiyyətindədir. Həm Qərbdən, həm də Şimaldan ona təzyiqlər var və konkret seçim etməsi tələb olunur. Fikrimcə, son kadr dəyişiklikləri ilə Paşinyan daha çox Qərbə yönəlmiş siyasi kurs götürəcək. Bu da təbiidir. Onun hakimiyyətə gəlməsində Qərb institutları əsas rol oynayıb. O, hakimiyyətə gəlib öz yerini möhkəmləndirdikdən sonra Qərbə yönələn siyasətini ortaya qoymalı idi. Ermənistanda son günlər kütləvi hal alan istefalar da bu məqsədə hesablanıb. Hətta perspektivdə həbslərin olacağı barədə məlumatlar da var. Bu, komandanın təmizlənməsi və Qərb yönlü siyasətin həyata keçirilməsi ilə bağlı ola bilər”. Ərtürk İSMAYIL

Bizə qoşulun