Medianews.az
Rusiyanın verdiyi “S-300”-lər MƏHV EDİLDİ - <span style=color:red>İranın hava məkanı tam MÜDAFİƏSİZ QALIB?
157 baxış

Rusiyanın verdiyi “S-300”-lər MƏHV EDİLDİ - İranın hava məkanı tam MÜDAFİƏSİZ QALIB?

İsrail ordusunun İrana hava hücumu zamanı üç “S-300” zenit-raket kompleksi məhv edib. Bu barədə “The Wall Street Journal” xəbər yayıb. Qeyd olunub ki, Rusiyanın İrana verilmiş dörd “S-300” kompleksindən üçü həmin hücumda, biri isə apreldə məhv edilib. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumatına görə, “S-300”-lərdən biri Tehran hava limanı yaxınlığında, digər ikisi isə enerji obyektlərində yerləşdirilibmiş. İranın arsenalındakı “S-300” sistemləri 1990-cı illərin sonlarında modernləşdirilmiş kompleksin versiyaları olub. ABŞ analitiklərinin fikrincə, “S-300” komplekslərinin itirilməsi ilə İranın bir çox mühüm obyektləri raket hücumuna qarşı müdafiəsiz qalıb. Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert, ehtiyatda olan general Yücel Karauz bildirib ki, İranın hava hücumundan müdafiə sistemi sadəcə “S-300” komplekslərindən ibarət deyil. Onun sözlərin görə, İranın strateji əhəmiyyət daşıyan yanacaq, kimya, nüvə müəssisələri, mühüm hərbi hissələr, hava limanlarının olduğu ərazilərində kifayət qədər hava hücumundan müdafiə sistemləri var: “S-300”-lərin məhv edilməsi təbii ki, önəmlidir. Lakin “S-300”-lərdən başqa da hava hücumundan müdafiə sistemləri var. Misal üçün, hərbi təyyarə, ballistik raketlər və sair. Ona görə də İran hava hücumundan müdafiə sistemi təbii ki, “S-300” qədər təsirli bir silahın məhv olmasından təsirlənər, lakin yıxılmaz, ayaqda qalmağa davam edər. Fikrimcə, ABŞ bu istiqamətdə qavrayış və psixoloji təzyiq yaratmağa çalışır ki, İranda hava hücumundan müdafiə sistemində heç nə qalmayıb. Bu, modern müharibənin fərqli bir formasıdır. Təbii ki, ölkənin hava hücumundan müdafiə sisteminin məhv olması silahlı qüvvələrin əlinin, qolunun, gözünün bağlanması deməkdir. Çünki, artıq modern müharibələr havada baş verir. Havada davam edən müharibələrdə hava hücumundan müdafiə sistemləri çox önəmlidir. İranın bütün hava məkanını qoruya biləcək böyük hava hücumundan müdafiə sisteminə malik olduğunu düşünmürəm. Amma strateji əhəmiyyət daşıyan yanacaq, kimya, nüvə müəssisələri, mühüm hərbi hissələr, hava limanlarının olduğu ərazilərdə kifayət qədər hava hücumundan müdafiə sistemlərinin olduğu qənaətindəyəm. Bunu istədiyi hər yerdən, o cümlədən Rusiyadan, Şimali Koreyadan, Çindən və digər ölkələrdən alıb özünün hava hücumundan müdafiəsini təmin edə bilər”. Hərbi ekspert qeyd edib ki, İran çox zəif deyil, amma çox köhnə sistemlər və bunların birləşdirilməsi, koordinasiya edilməsi, hava sahəsinin etibarlı müdafiəsi ilə bağlı bu ölkədə çox ciddi problemlər var: “Xatırlayırsınızsa, İranda baş verən helikopter qəzasında Prezident İbrahim Rəisi həlak oldu. Hələ helikopterlə əlaqə itdiyi andan onlar müasir sistemlərdən istifadə etsələr də prezidentlə əlaqə yarada bilmədilər. Çünki, modern, koordinasiya və təlim çatışmazlıqları var. İran bir gün sıranın özünə çatacağını bilərək, hücum və müdafiə sistemlərini inkişaf etdirməli idi. Yəni, “İsrail məndən 1600-1700 kilometr uzaqdadır. İsrail mənə heç nə edə bilməz” düşüncəsi çox bəsit və gözlənilməz davranış formasıdır. Müasir dövrün müharibəsində və coğrafiyasında ölkələr arasındakı məsafə azalıb. İstər bir ölkə ilə quru sərhədin olsun, istərsə də minlərlə kilometr uzaqlıq olsun, bu, ciddi fərq yaradan amil deyil. İstənilən təyyarənin, pilotsuz uçuş aparatının (PUA), silahlı PUA-nın, ballistik raketin imkanı məsafəni önəmsiz edir. Bir qədər əvvəlki fikrimə qayıdaraq təkrar qeyd etmək istəyirəm ki, üç “S-300” zenit-raket kompleksinin məhv edilməsi önəmli bir məsələdir, lakin bu, İranın bütün hava hücumundan müdafiə sisteminin çökməsinə səbəb ola bilməz”. Nailə QASIMOVA

Bizə qoşulun