Medianews.az
Geyiminə görə qadına ƏXLAQSIZ DEMƏK: <span style=color:red>İslamda buna MÜNASİBƏT - FOTO
331 baxış

Geyiminə görə qadına ƏXLAQSIZ DEMƏK: İslamda buna MÜNASİBƏT - FOTO

“Geyiminə görə bu və ya digər qadını əxlaqsızlıqda ittiham etmək həm dini nöqteyi-nəzərə görə doğru deyil, həm də əxlaqın qiymətləndirilməsi kimi mürəkkəb problemi kompleks yox, tək bir parametr əsasında həll etməyə cəhd göstərməkdir”. Medianews.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti Elvüsal Məmmədov bildirib. O qeyd edib ki, geyimdə Allahın qoyduğu qaydalardan kənara çıxan fərd İslam hüququnda əxlaqsız deyil, asi, yəni Allahın qaydalarını pozan, günahkar kimi tövsif olunur. İlahiyyatçı-alimin qənaətincə, geyiminə görə bir qadına əxlaqsız demək onun ismətini şübhə altına almaq, bununla da ona iftira atmaq - qəzf əl-mühsənat mənasına gəlir: “Qadının ismətini şübhə altına almaq, ona böhtan atmaq isə böyük və həlakedici günahlardan - kəbairü mubiqat sayılır. Müsəlman hüququnda qadının geyimdə Allah tərəfindən qoyulan qaydalardan kənara çıxması əxlaq məsələsi kimi deyil, şəriət hökmlərinə münasibət məsələsi kimi öyrənilir. Odur ki belə bir hal baş verdikdə problemi əxlaq məsələsi kimi həll etmək İslam hüquq təcrübəsi və ənənəsindən kənara çıxmaqdır. İslam mövqeyində dayanaraq, geyimi üzündən qadına əxlaqsız deyənlər hüquqi (fiqhi) status (əl-hökm əş-şər`i) və əxlaqi davranış anlayışları arasında fərq qoymağı bacarmayan şəxslərdir”. Əxlaqi kimliyin qiymətləndirilməsinə gəlincə, E.Məmmədov vurğulayıb ki, bu mürəkkəb problemin həlli tək parametrlə kifayətlənməyi deyil, kompleks yanaşmanı tələb edir: “Geyim tək bir parametrdir, odur ki birbaşa nəyinsə göstəricisi ola bilməz, fərdin həyat tərzi (davranışları, danışığı, başqalarına münasibəti...) sərf-nəzər edilə bilməz. Nəzərə alaq ki, liberal-dünyəvi cəmiyyətlərdə bu gün ayıb sayılan şey sabah ayıb sayılmaya bilir, məhz bu baxımdan müəyyən geyim formasına üstünlük vermək, hər şeydən əvvəl, mövcud vəziyyətə uyğun hərəkət edən fərdin şüurlu, yaxud şüursuz seçimindən başqa bir şey deyildir, yaxud mövcud dəbə, mədəni paradiqmalara uyğun davranmaqdır”. İlahiyyatçı-alim söyləyib ki, təkcə geyiminə görə bir xanım haqqında əxlaqsız sözünü işlətmək onun kimliyini, şəxsiyyətini zənn altına almaqdır, cəmiyyətdə adını qara çıxarmaqdır: “Geyimin indiki dövrdə pop-mədəniyyətin təsiri ilə şüurlu seçimdən daha çox dəb ifadə edən seçim halına gəlməsi bizi daha ehtiyatlı hərəkət etməyə vadar edir. Geyim nə əxlaqın, nə də əxlaqsızlığın birbaşa göstəricisi deyildir! Bir şəxsin əxlaqlı olub-olmamağını təkcə geyimlə əlaqələndirmək əsəbi-emosional və sadəlövh yanaşmanı ifadə edir”. Nailə QASIMOVA

Bizə qoşulun