“Türk dövlətlərinin ortaq əlifbasının qəbulu qərarından sonra inteqrasiya yolunda başqa addımlar planlaşdırılıb. Oktyabrın 9-10-da Qırğızıstanın paytaxtı Bişkekdə türk dövlətlərinin süni intellekt üzrə ilk sammitinin keçirilməsi bu addımlardan biridir. Sammitin təşəbbüskarı Qırğızıstan Prezidenti Sadır Japarovdur. Sammitdə türk dövlətlərinin bu sahədə aparıcı ekspertləri bir araya gələcək. Sammitdə süni intellekt sahəsində ən son nailiyyətlərin müzakirəsi, təcrübə mübadiləsi olacaq, bu sahədə ortaq strategiyanın konturları müəyyənləşəcək”.
Medianews.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, toplantının məqsədləri kimi türk dünyasında süni intellektin inkişaf strategiyalarının hazırlanması, innovasiya və texnoloji tərəqqinin təşviqi, elmi-texniki əməkdaşlığın gücləndirilməsi, startaplara investisiyaların cəlb edilməsi göstərilib.

Politoloqun qənaətincə, Türk dövlətlərinin inteqrasiyası yolunda daha bir addım da atılıb: “Ankarada sentyabr ayında keçirilən toplantıda Türk dünyasının vahid xəritəsinin yaradılması barədə qərar qəbul edilib. Toplantıda təşkilata üzv və müşahidəçi ölkələrin kartoqrafiya qurumlarının rəhbərləri və üzv ölkələrin hərbi attaşeləri iştirak ediblər. Beləliklə, türk dövlətləri bütün sahələrdə əməkdaşlığı genişləndirməyə çalışırlar. Türk dövlətlərinin inteqrasiyası heç bir dövlətə qarşı yönəlməyib və bu haqda dəfələrlə müxtəlif açıqlamalar verilib. Buna baxmayaraq, Rusiya mətbuatında bu inteqrasiya əleyhinə yazılar yayılmaqdadır. Türk xalqlarının qədim vətəninin Altay olduğu bildirilərək, Türk dünyasının gələcəkdə Rusiya ərazisinə iddiası olacağına eyham vurulub. Məqalələrdə türk dünyasının inteqrasiyasının arxasında Türkiyə və Böyük Britaniyanın dayandığı göstərilib. Guya bu iki ölkə Rusiyanın nə vaxtsa zəifləməsindən istifadə edərək bölgədə Turan ideyasını reallaşdıracaq”.

E.Şahinoğlu deyib ki, Rusiya mətbuatında türk dünyasının vahid xəritəsi ilə bağlı toplantıda üzv ölkələrin hərbi attaşelərin iştirakından yanlış nəticə çıxarılıb: “Guya vahid xəritə vasitəsilə bölgənin yolları, infrastrukturları, hərbi məntəqələri, körpüləri və hava limanlarının dəqiq koordinatları müəyyənləşdirilərək hərbi planlaşmaya dəstək mahiyyəti daşıyacaq. Türkiyə ilə Mərkəzi Asiya ölkələri ilə arasında artan hərbi əməkdaşlıq da Rusiya üçün təhlükə kimi qiymətləndirilib”.

Politoloq vurğulayıb ki, Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hər biri ilə tərəfdaşlıq münasibətləri mövcuddur: “Buna baxmayaraq, Rusiyadakı bəzi dairələr Türk dövlətləri arasındakı inteqrasiyanı özü üçün təhlükə kimi qiymətlənidirməkdə davam edir. Rusiya Türk dünyasından çəkinməkdənsə, Ukrayna müharibəsini necə bitirəcəyini, o cümlədən ABŞ və Fransa hərbçilərinin Ermənistanda yerləşdirilməsinin qarşısının necə alacağı barədə düşünsün”.
Kamilə ORUCOVA