Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyə Klinikasının konfrans zalında Qərbi Azərbaycan İcmasının Basarkeçər Rayon İcmasının təşkilatçılığı ilə Basarkeçər kökənli, tələbə adını qazanmış gənclərlə görüş keçirilib.
Medianews.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad olunub.
Basarkeçər Rayon İcmasının sədri, akademik Nuru Bayramov çıxış edərək tələbə adını qazanan gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində böyük uğurlar arzulayıb. Qeyd edib ki, bu il Basarkeçər kökənli 490 gənc müxtəlif ali məktəblərə qəbul olub. Onlardan 240 nəfəri xanım, 250 nəfəri bəylərdir.

Tələbə adını qazanan gənclər ən çox mühəndislik, pedaqoji, texnologiya, tibb, kompüter mühəndisliyi ixtisaslarını seçiblər. Onlar Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Almaniya, İngiltərə, Ukrayna, ABŞ, Polşa, İspaniya, Çexiya, Qazaxıstan, Çin kimi ölkələrin ali məktəblərində təhsil alacaqlar.

Akademik söyləyib ki, tələbə adını qazanan 490 gəncdən 40 nəfəri qəbul imtahanlarında 600-700, 50-yə yaxını 500-600, 60-a yaxını 400-500 aralığında bal toplayıb. Basarkeçər rayonunun yaşayış məntəqələri üzrə isə bu il ən çox gənci tələbə adını qazanan kənd Nərimanlı olub. Nərimanlı kökənli 44 gənc bu il ali məktəbə qəbul olub. Sonrakı yerlərdə ardıcıllıqla Qaraqoyunlu, Zod, Böyük Məzrə, Babacan, Zərkənd, Şişqaya, Canəhməd kəndləri gəlir.

Tədbirdə
millət vəkillərindən Əhliman Əmiraslanov, Əziz Ələkbərli, Sahib Alıyev, Arzuxan Əlizadə, Məlahət İbrahimqızı, Naqif Həmzəyev, Tənzilə Rüstəmxanlı, Şahin İsmayılov çıxış edərək tələbə gəncləri təbrik edib, onlara arzu və istəklərini çatdırıblar.
Gənclər adından Nərimanlı kökənli İlkin Həmzəyev çıxış edərək onlara göstərilən diqqət və qayğıya, ünvanlarına söylənən xoş sözlərə görə minnətdarlığını bildirib. Qeyd edib ki, Qərbi Azərbaycana qayıdışı sürətlənmək, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə dəstək olmaq üçün gənclər də öz üzərlərinə düşən vəzifəni şərəflə yerinə yetirəcəklər.

Tədbirdən sonra iştirakçılar Ustad Aşıq Ələsgərin Bakı şəhərinin mərkəzi ünvanlarından birində ucaldılan heykəlini ziyarət edib, abidə önündə xatirə fotosu çəkdiriblər.
Ərtürk İSMAYIL