Medianews.az
Azərbaycan aviasiya GÜCÜNÜ ARTIRIR - <span style=color:red>“JF-17 Thunder” BAKI SƏMASINDA
387 baxış

Azərbaycan aviasiya GÜCÜNÜ ARTIRIR - “JF-17 Thunder” BAKI SƏMASINDA

“Azərbaycan Vətən müharibəsində qələbə əldə edərək öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra ordunun modernləşdirilməsi istiqamətində fəaliyyətlərini daha da aktivləşdirib. Əvvəlcə Azərbaycan nəqliyyat təyyarə parkının İtaliyanın  “C-27J - Spartan” təyyarələri ilə yeniləyib. Növbəti mərhələdə hücum və döyüş aviasiya vasitələrinin yenilənməsi üçün fəaliyyətlərini davam etdirir”. Bu barədə Medianews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib. O qeyd edib ki, Azərbaycan pilotsuz aviasiya sahəsində ən yaxından Türkiyə ilə əməkdaşlıq edir: “Türkiyənin Azərbaycana satacağı “KAAN” təyyarələrinin 2030-cu illərdə ölkəyə gətirilməsi mümkün olacaq. Rusiya ilə aviasiya sahəsində biz yeni əməkdaşlıqlar qurmaq niyyətində deyilik. İsraildən də aviasiya vasitələri ala bilərik. Amma İsrailin pilotlu aviasiya vasitələrində, yəni qırıcı seqmentində bizim istehsal sahəsi mövcud deyil. Bu səbəblə də Azərbaycan Pakistanla bu istiqamətdə fəaliyyətlərini kifayət qədər intensiv şəkildə davam etdirir”. Hərbi ekspert vurğulayıb ki, Azərbaycan Pakistanın istehsal etdiyi “JF-17 Thunder” qırıcıları ilə uzun müddətdir maraqlanır: “Bu təyyarələrin modifikasiyası mövcuddur. Onlardan ən sonuncusu “JF-17 Thunder Block III” versiyası 2020-ci ildən istehsal olunur. Kifayət qədər texnoloji üstünlüklərə malik aviasiya vasitəsidir. Azərbaycanın bu təyyarələri almasına dair mətbuatda məlumatlar ilin əvvəlindən mövcud idi. Bəzi mənbələr Azərbaycanın 1.6 milyard dollara, təxminən 30 ədəd “JF-17 Thunder Block III” alacağını qeyd edirdilər. Bu təyyarələri Azərbaycandan əvvəl İraq nəzərdən keçirib. İraqın əldə etdiyi təyyarələrin biri txminən 55 milyon dollara başa gəlib. Ümumilikdə, dəyəri 50 milyon dollardır. 5 milyon da ola bilsin ki, ehtiyat hissələrə və sursatlara görə ödənilən bir məbləğ olub. Azərbaycan və Pakistan arasında bu təyyarələrin alınması üçün qarşılıqlı səfərlər olub. Pilotlarımız da bu qırıcılarla bir qədər tanışdırlar. Artıq qırıcılardan bir ədədi Bakıya gətirilib və paytaxt səmasında uçuşlar həyata keçirilib”. Ə.Verdiyev qeyd edib ki, sözügedən təyyarələrin son versiyalarında müasir “AFAR” tipli radiolokasiya stansiyası quraşdırılıb: “Təyyarənin özünün radioelktron  mübarizə kompleksi mövcuddur. Digər tərəfdən isə bu təyyarələrin mühərriki Çində istehsal olunub. Azərbaycanın Pakistan və Çinlə münasibətləri imkan verir ki, Bakı ilə İslamabad aviasiya sahəsində yaxından əməkdaşlıq etsinlər. Çünki döyüş aviasiya vasitələrinin alınması dövlətlərarası münasibətlərin 30, 40 bəzən isə 50 illik müsbət məcrada inkişafına hesablanır. Yəni aviasiya sahəsi atıcı silah deyil, çox bahalı vasitələrdir. Onların alınması, saxlanılması, istifadəsi hər iki – idxalçı və ixracatçı ölkənin bir-biri ilə olan yüksək münasibətlərinin göstəricisi kimi də ifadə oluna bilər”. Nailə QASIMOVA

Bizə qoşulun