“Son illərə qədər Ermənistanın xarici siyasəti mükəmməl şəkildə olub. Bizim Rusiya ilə müttəfiq olmağımız heç də Avropa İttifaqı, ABŞ, Çin və İranla dostluq münasibətlərimizə mane olmayıb”.
Medianews.az xəbər verir ki, bu fikirləri Ermənistanın sabiq müdafiə naziri Vazgen Manukyan bildirib.
O xatırladıb ki, 90-cı illərin əvvəllərində Ermənistan Türkiyə ilə yolların açılması və sair barədə danışıqlar aparırdı. Manukyanın sözlərinə görə, indi hər şey dəyişib, amma təkcə Ermənistana görə dəyişməyib.
Üç böyük dəyişiklik baş verdi:
“Biz müharibəni orta hesabla itirdik, Rusiya Türkiyə və Azərbaycanla yaxınlaşdı, həm də Rusiya ilə Avropa arasında böyük qarşıdurma yarandı. Bu, bizim qarşımızda yeni vəzifələr qoyur. Müttəfiqlərlə danışmaq üçün dəqiq tapşırıqlar olmalıdır”.
“Hesab edirəm ki, indi silahın nişangahı qarşısında sülh müqaviləsi imzalamağın mənası yoxdur. Bundan əlavə, ərazilər məsələsi var. Anklavlar məsələsinə gəlincə, bu sovet dövründə bir milləti digərinə qarşı qoymaq üçün belə mexanizm icad edilib. Hələ Zəngəzur dəhlizi məsələsi də var. Mən təkcə dəhlizə qarşı deyiləm, ümumiyyətlə, Naxçıvandan Ermənistan vasitəsilə Azərbaycana gedən yolun açılmasına qarşıyam. Ermənistan tamamilə blokadadadır və bütün yollar eyni vaxtda açılmalıdır”, -Manukyan deyib.
Zəfər
Medianews.az