“İsveç və Finlandiya Madrid razılaşmasına əməl etmir”.
Bu sözləri Medianews.az-a siyasi şərhçi Elçin Xalidbəyli deyib. O qeyd edib ki, bu məsələdə Türkiyə öz maraqlarını üstün tutur:
“İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ABŞ və Qərb üçün olduqca vacibdir və prinsipial məsələdir. Hər iki dövlətin NATO-ya üzvlüyü Rusiyanın qərb sərhədlərinin bu hərbi-siyasi blok tərəfindən tamamilə blokadaya alınması deməkdir. Yəni NATO bu halda Rusiya sərhədlərində Qara dənizdən şimal qütbünə qədər hərbi bazalar yerləşdirməklə mühasirə halqasını bağlamış olacaq. Ancaq hazırda İsveç və Finlandiyanın NATO üzvlüyü qarşısında yalnız bir həlledici maneə var. Yəni indi yalnız Türkiyə bu ölkələri NATO-nun taybatay açılmış qapıları arxasında saxlamaq imkanındadır. Ancaq rəsmi Ankara öz maraqlarına görə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə mane olmur. Bu məsələdə Türkiyənin milli təhlükəsizlik maraqları həlledici xarakter daşıyır. İsveç və Finlandiya Türkiyəyə qarşı terrorçu qruplaşmalara “qucaq açmış” ölkələrdir. Ona görə də rəsmi Ankara Türkiyənin milli təhlükəsizlik maraqlarını təhdid edən terrorçu qruplaşmaları dəstəkləyən İsveç və Finlandiyanı NATO sıralarına buraxmaq niyyətində deyil. Düzdür, NATO-nun Madrid sammitində Türkiyənin şərtləri çərçivəsində İsveç və Finlandiya ilə üçtərəfli anlaşma imzalanıb. Bu iki ölkə öz ərazilərində terrorizmə qarşı mübarizə aparacaqları və rəsmi Ankaranın verdiyi siyahılarda yer alan terrorçuları Türkiyəyə təhvil verəcəyi barədə öhdəlik götürüb. Yalnız bundan sonra Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə imkan verən rəsmi sənədi imzalayıb”.
Analitik qeyd edib ki, İsveç və Finlandiya həmin sənəd imzalandıqdan sonra Türkiyə ilə olan üçtərəfli anlaşmaya riayət etməyib:
“Hər iki dövlət rəsmi Ankaranın tələb etdiyi terrorçuları Türkiyəyə təhvil verməkdən imtina edib. Həmçinin terrorçu qruplaşmalara maliyyə dəstəyini əvvəlki kimi davam etdirir. Üstəlik, son vaxtlar İsveçdə bəzi siyasi partiyalar PKK təbliğatını daha da gücləndiriblər. Ona görə də rəsmi Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsində öz mövqeyindən qətiyyən uzaqlaşmayıb. Türkiyə üçtərəfli anlaşmalarda İsveç və Finlandiyanın üzərinə qoyulan öhdəliklər yerinə yetirilməyənə qədər bu iki ölkəni NATO-ya buraxmayacaq. Bu baxımdan bu iki ölkənin NATO-ya üzvlüyünə razılıq verilməsi üçün ümumi sənəd imzalansa da, onların taleyi hələ də Türkiyədən birbaşa asılıdır. Çünki, İsveç və Finlandiyanın NATO-ya qatılmasının reallaşması üçün bu barədə imzalanmış ümumi razılıq sənədinin Avratlantika blokunun bütün üzvlərinin parlamentlərində ratifikasiya olunması vacibdir.
Bu, baş verməyəcəyi və ya hər hansı üzv dövlət parlamentdə həmin sənədi təsdiqləməyə təqdirdə İsveç və Finlandiya NATO-nun qapıları ağzında gözləməkdə davam edəcək. Rəsmi Ankara Türkiyənin tələbləri tam şəkildə yerinə yetirilməzsə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə imkan verməyəcək”.
Xanlar Əlibəy
Medianews.az