Medianews.az
Məşhurlar estetik əməliyyatlarını niyə gizlətməyə çalışırlar?
138 baxış

Məşhurlar estetik əməliyyatlarını niyə gizlətməyə çalışırlar?

Son zamanlarda estetik və plastik əməliyyat etdirənlər sırasında məşhurlar- müğənnilər, aktrisalar daha çox yer alır. Tanınmışlara bu barədə sual ünvanlanan zaman hətta aqresiya ilə qarşılayanlara da rast gəlirik. Belə bir deyim var: “Xalqın gözü tərəzidir”. Bəs onlar xarici görünüşlərindəki dəyişikliyi niyə insanlardan gizlətməyə çalışır? Mövzunun psixoloji tərəfləri barədə Medianews. az-a danışan Psixologiya Konsultasiya Mərkəzinin  psixoloqu, ADPU-nun Ümumi psixologiya kafedrasının müəllimi Gülər Məmmədova bildirib ki, tanınmışların üzərində edilən estetik və plastik əməliyyatların ifrata varması onların bu halı təkzib etmə səbəblərindən biridir: “ Məsələyə müxtəlif tərəflərdən yanaşmaq olar. Bəzi insanlar uğursuz əməliyyatları səbəbindən növbəti dəfə əməliyyata getməli olur və bu bezdirici halı təkrarladıqları üçün vəziyyəti kənara sızdırmaq istəmirlər, digərləri isə psixoloji cəhətdən özlərini inandırmaq istəyirlər ki, bu onların təbii gözəllikləridir. Sanki, əvvəldən belə idilər. Bu cür insanlar həm də el qınağından çəkinir, insanların “dilinə düşmək”-dən qorxur, beləliklə, məşhurlarda insanları susdurmaq istəyi yaranır.”  Psixoloq bildirib ki, bu onlardakı nevroloji problemlərdən də qaynaqlana bilər: Onlar bəzən kimlərəsə bənzəməyə çalışır, kimisə təqlid edir, özlərini olduqları kimi qəbul etmir və bunun üzə çıxmasını istəmirlər. Bütün bunlara baxmayaraq etiraf etməliyik ki, insanlar da sanki tanınmışlara əməliyyat olduqlarını sübut etməyə çalışır, bu isə məşhurlarda qıcıq yaradan amillərdən biridir". Aysel Şirinova Medianews.az

Bizə qoşulun