Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının nümayəndələri arasında avqustun 30-da görüşlərin keçirlməsi nəzərdə tutulub. Bəs bu görüşdə hansı məsələlər müzakirə olunacaq?
Bununla bağlı Medianews.az-a politoloq Elxan Şahinoğlu danışıb:
“Bu görüşlərin keçirilməsində məqsəd bəzi həlli uzadılan məsələlərin müzakirəsidir. Azərbaycana aid olan ərazilərdə müharibədən sonra biz yerləşmişik, amma Qazaxın kəndləri var ki, onlar bu danışıqda öz həllini tapmalıdır. Bu görüşlərin əsas məqsədi iki qonşu dövlət arasındakı sərhədləri müəyyənləşdirməkdir. Sərhədlərin müəyən edilməsi prosesi bütün dünyada belədir və bu prosesin sürətləndirilməsinə ehtiyac var. Yeni görüşdə ölkələrin hansı qərar verəcəyi bilinmir. Görüşlər ağır keçirilir və baş tutan görüşdə də heç bir məsələ öz həllini tapmır.
Ermənistan və Azərbaycan arasında iki ən mühüm məsələ var ki, hələ də həllini gözləyir. Bu kommunikasiya xətlərinin açılması, sərhədlərin müəyyənləşməsi və sonda sülh sazişinin imzalanmasıdır. Ölkələr arası görüşlərin keçirilməsinə baxmayaraq, bu istiqamətdə də heç bir irəliləyiş yoxdur. Buna görə də komissiyaların görüşlərinin nə qədər sürətli olmasını arzulasaq da, bu dəfəki görüşdə müsbət bir nəticə verəcəyini gözləmirəm.
Bu görüşlərin uzun zaman itkisinə səbəb olması, Ermənistan dövlətinin Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan qorxmasıdır. Müharibədə məğlub oldular, başları daşa dəydi, amma yenə də danışıqlar prosesini uzatmağa çalışırlar, lakin məsələni çox uzada bilməyəcəklər. Biz artıq Qarabağı öz qanunlarımızla idarə edirik. İşğaldan azad olunmuş torpaqlarımızda abadlıq, quruculuq işləri aparırıq. Bununla bağlı bizə heç bir mane yarada bilmirlər.
Bu danışıqları uzatmaqla öz məsələlərini gecikdirmiş olurlar. Çünki onlar Azərbaycanın ərazi bütövlüyünü tanısalar, Qarabağı Azərbaycanın ərazisi kimi tanıyacaqlar, amma nəzərə almırlar ki, onlar bu prosesi davam etdirməklə zaman itirirlər.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadığı müddətcə biz “Qərbi Zəngəzurla” bağlı iddialarımızı davam etdirəcəyik. Bu, ermənilər üçün daha böyük problem yaradacaq. Belə olan halda onların marağı danışıqları uzatmadan məsələnin həllinə gəlməkdir.
Ermənilər hər zaman danışıqlar masasında bu tipli oyunları davam etdirib. Lakin Azərbaycan öz ədalətli mövqeyini sübuta yetirib. Emənistan bu məsələni uzatmaqla öz maraqlarını əzmiş olur, çünki Azərbaycan Nikol Paşinyan hakimiyyətdə olduğu müddətdə bəyannaməyə əsasən ərazi bütövlüyünün tanınmasını, sərhədlərin müəyyənləşdirilməsini həll edəcək”.
Ayşən Azadova
Medianews.az