Ukraynada cəbhə xəttində qadın hərbçilər də döyüşür.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya-Ukrayna orduları arasında gərgin qarşıdurmaların yaşandığı Donbas cəbhəsində ukraynalı qadınlar da döyüşür.
Məlumatda qeyd olunub ki, Kramatorsk rayonunun Slavyansk şəhəri yaxınlığında yerləşən hərbi mərkəzdə qalan ukraynalı qadınlar və könüllü döyüşçülər cəbhədə xidmət edir. Rusiya Ukraynaya qarşı müharibəyə başladığı gündən cəbhədə olan qadınlar, verilən əmrə əsasən, hər şəraitdə öz vəzifələrini yerinə yetirmək üçün aylarla evlərinə getmir. Donetsk cəbhəsindəki qadınların bir hissəsi artıq illərdir orduda xidmət edir, digər qismi isə könüllü olaraq ordu sıralarına yazılanlardır. Hərbi hissədə qalan qadınlar hər gün silahlarını təmizləyir, onlara qulluq edir, eyni zamanda yemək bişirməkdə, çay dəmləməkdə aşpazlara kömək edirlər.
Ukrayna Silahlı Qüvvələrinin Donetskdəki cəbhəyə dislokasiya olunmuş batalyonuna rəhbərlik edən 28 yaşlı Svetlana Anadolu Agentliyinə bildirib ki, 2014-cü ildən orduda zabit kimi xidmət edir. O, 6 aydır ki, evə getməyib. Quru Qoşunlarının kapitanı Svetlana söyləyib ki, o, illərdir orduda çalışır, indi də müharibə səbəbindən birbaşa cəbhədədir. Svetlana əvvəllər Luqansk vilayətində, indi isə Donetskdə cəbhədə xidmət etdiyini bildirib:
“Biz həm qadınlar, həm də kişilər çiyin-çiyinə mübarizə aparırıq. Qadınların bacarmadığını kişilər, kişilərin bacarmadığını qadınlar edir. Biz bir-birimizə bu formada dəstək göstəririk”.
Svetlana həyat yoldaşının da əsgər kimi cəbhədə olduğunu vurğulayıb. Qadın olaraq cəbhədə olduğu üçün heç bir çətinlik yaşamadığını bildirən Svetlana sözlərini belə davam etdirdi:
“İnsan hər şeyə alışa bilər. Müharibə başlayandan 6 aydır ki, məzuniyyətə çıxmıram. Evə getməmişəm. Mövqeyimiz tez-tez dəyişir. Hara gediriksə, əlimizdə silahla getməliyik. Batalyonumuzda qadınların nisbəti 10 faizdir. Biz hər şeyə hazırıq. Müharibə motivasiyamız heç vaxt azalmayacaq”.
Ayşən Azadova
Medianews.az