Bu günlərdə Avropada hava limanlarında baş verənləri ən yaxşı izah edən söz xaosdur. Pandemiyadan sonra kadr çatışmazlığı və işçilərin tətilləri səbəbindən Avropa ölkələrində hava limanları həyəcan təbili çalır.
Medianews.az xəbər verir ki, Almaniya da kadr çatışmazlığı olan ölkələrdən biridir. Almaniyada hava limanlarında işçi çatışmazlığı gözləri Türkiyəyə çevirib. Almaniya xüsusilə Türkiyədən olan ixtisaslı işçilərin hava limanlarında işləməsini istəyir.
Orta hesabla 3 ay müddətinə Türkiyədən gətiriləcək işçilər hava limanlarının təhlükəsizliyini, qeydiyyat prosesinin sürətini, çamadanların yüklənməsini və yardımını edəcək. Bunun üçün hava limanında təcrübəsi olan və hava limanında təhlükəsizlik üzrə təhsil almış şəxslər seçiləcək.
Dünən axşam Almaniyada nəqliyyat naziri Volker Wissing, daxili işlər naziri Nensi Faeser və əmək naziri Hubertus Heil Türkiyədən işçi qəbulunu müzakirə etmək üçün bir araya gəlib. Alman Aviasiya Sənayesi Federal Assosiasiyasının (BDL) prezidenti Matthias von Randow bildirib ki, Türkiyədə Almaniya hava limanlarında baqajın idarə olunmasına kömək edə biləcək 2000 təlim keçmiş işçi var.
Əmək naziri Heil təcili ehtiyac duyulan kadrların müvəqqəti iş üçün Almaniyaya gətirilməsini sürətləndirəcəklərini açıqlayıb.
Digər tərəfdən Almaniya mətbuatında yer alan xəbərlərdə Daxili İşlər Nazirliyinin qastronomiya və yerləşdirmə sektorunda işləyə biləcək xarici kadrlar gətirməyi hədəflədiyi bildirilib. Daxili işlər naziri Nensi Faeser pandemiyadan sonra bir çox sektorlarda işçi çatışmazlığı olduğunu bildirib və ixtisaslı kadrların Almaniyaya üstünlük verməsi üçün çalışacaqlarını bildirib.
Federal Əmək Naziri Hubertus Heil də “Almaniyaya yaxşı və ixtisaslı işçilər gətirmək üçün” bəzi dəyişikliklər ediləcəyini açıqlayıb.
Leyla, Medianews.az