“Azərbaycan vətəndaşları qaçqınlıq problemini kifayət qədər yaxşı bilir. Uzun illər boyu biz 1 milyon vətəndaşımızın ağrı və acısını öz üzərimizdə yaşatmışıq. Baxmayaraq ki, torpaqlarımız işğaldan azad olunub, həmin şəxslər hələ də öz yurd-yuvalarına qayıda bilmirlər. Çünki dağıntıların miqyası o qədər genişdir ki, qısa bir müddət ərzində onlar üçün müvafiq infrastruktur yaratmaq və işlə təmin etmək, yaşayış yerini yaşanacaq hala gətirmək mümükün deyil”.
Bu sözləri Medianews.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, dünyada qaçqınların sayı durmadan artır: “Birləşmiş Millətlər Təşkilatının son hesabatına görə müharibələr, münaqişələr insan hüquq və azadlıqlarının pozulmasına görə hazırda bəşəriyyət tarixində ilk dəfə dünyada qaçqınların sayı 100 milyona çatıb. Bu, çox dəhşətli bir rəqəmdir. Nəzərə alsaq ki, İkinci Dünya Müharibəsinin az qala dünyanı bürüməsinə və Avropa qitəsini tamamilə əhatə etməsinə baxmayaraq, qaçqınların sayı bu göstəricidən, rəqəmlərdən az idi. Son dövrlərdə 2021-ci ildə daha çox Efiopiya, Nigeriya, Əfqanıstan, Konqo və Ukraynada baş verənlər səbəbindən qaçqınların sayında kifayət qədər artım yaranıb. Ukrayna daxilindəki köçkünlər 8 milyon, Ukraynanı tərk edənlər isə 6 milyon nəfərdir. Bu sayın getdikcə artacağı gözlənilir”.
Ekspert bildirdi ki, bu gün dünyada qaçqın və köçkün ordusunun yaranmasının əsas səbəbi münaqişələr və müharibələrdir: “Təbii fəlakət səbəbindən qaçqın düşən insanların sayı kifayət qədər azdır. Bu da əslində dünyadakı təhlükəsizlik mexanizmlərinin artıq işlək olmayan bir vəziyyətə gəlib çatdığını göstərir. Bu, əslində problemin nə qədər genişmiqyaslı olmasından xəbər verir. Təssüflər olsun ki, dünyanın ayrı-ayrı ölkələrinə müdaxilələr, seperatçı hərəkatların siyasi maraqlar səbəbindən dəstəklənməsi, terrorizmin məqsədyönlü şəkildə stimullaşdırılmasının nəticəsində bu gün dünyadakı təhlükəsizlik mexanizmləri tam şəkildə sıradan çıxıb. Bu da son nəticədə milyonlarla insanların taleyinə təsir göstərən səbəb kimi qiymətləndirilməlidir”.
Elçin Mirzəbəyli qeyd etdi ki, qaçqınların sayının artmasının digər səbəbi BMT-nin öz işini layiqincə görə bilməməsidir: “BMT hesabatında yer alan məqamların səbəbkarlarından biri də elə Birləşmiş Millətlər Təşkilatı və onun artıq heç bir işə yaramayan Təhlükəsizlik Şurasıdır. Məhz bu qurum dünyada baş verən problemləri, münaqişələri həll etmək, çevik reaksiya vermək və eyni zamanda, insanların təhlükəsiz həyatını təmin etmək iqtidarında deyil. Belə olduğu təqdirdə, şübhəsiz ki, qaçqınların sayının indikindən daha çox olacağı gözlənilir. Mövcud qarşıdurmalar, ayrı-ayrı güc mərkəzlərinin nümayiş etdirdiyi geosiyasi iddialar nəticə etibarilə milyonlarla insanın taleyinin acınacaqlı istiqamətdə dəyişməsinə zəmin yaradır”.
Zərif Ülvizadə
Medianews.az