İsrailin xarici işlər naziri Yair Lapid cümə axşamı Türkiyəyə səfər edəcək. Xarici İşlər Nazirliyinin dünən verdiyi açıqlamaya görə, görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq.
Medianews.az xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Lapidin səfərindən təxminən bir ay əvvəl İsrailə səfər edib. Məlumatda bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə dünən İsrail prezidenti İsaak Hersoqla telefon danışığı aparıb.
Rəyasət Heyətinin bəyanatına görə, iki ölkə regional məsələlərdə dialoq və əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Bundan əlavə, Hersoq terrorla mübarizədə göstərdiyi səylərə görə Ərdoğana təşəkkür edib.
Xatırladaq ki, İran İnqilabı Keşikçiləri Korpusunun yüksək səviyyəli simalarından olan polkovnik Həsən Seyid Xodainin ötən ay evinin qarşısında silahlı hücumda həlak olmasından sonra İsrail rəhbərliyi İranın mümkün hücumlarına görə vətəndaşlarına Türkiyəyə getməmələri barədə xəbərdarlıq edib. İsrailin xarici işlər naziri Yair Lapid ötən həftə verdiyi açıqlamada “israilliləri lazım olmadıqca İstanbul və Türkiyəyə getməməyə çağırırıq. İstanbuldasınızsa, dərhal İsrailə qayıdın, İstanbula uçuş planınız varsa, onu ləğv edin”,-deyə bildirib.
Digər tərəfdən, İsrailin Türkiyəyə səyahət xəbərdarlığına cavab verən Türkiyə Xarici İşlər Nazirliyi, “sözügedən xəbərdarlıqların müxtəlif beynəlxalq hadisələrlə əlaqəli olduğu düşünülür. Terrorla mübarizə ilə bağlı əməkdaşlıq mexanizmlərimiz çərçivəsində müvafiq qurumlarımız tərəfindən bütün lazımi təhlükəsizlik tədbirləri həyata keçirilir”,-deyə bildirib.
Leyla, Medianews.az