Artıq iyun ayıdır. Tədris ilinin bitməsinə bir həftə zaman qalıb. Şagirdlər kitablarını təhvil verib, yoldaşları ilə gələn ilə qədər vidalaşır. Bəzi şagirdlər üçün artıq yay tətili başlayıb. Bəs bu bitən tədris ili bizim yadımızda nələrlə qaldı? Bu il hansı əlamətdar hadisələr baş verdi?
Mövzu barədə Medianews.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, pandemiya təhsilimizə çox güclü təsir edib:
“İlk növbədə qeyd edim ki, 2021-ci ilin sentyabr ayında Azərbaycanda tədris prosesinin 22 və 29 sentyabrda tam olaraq bərpası böyük hadisədir. 2020-ci ilin martından etibarən pandemiya səbəbindən tədrisin təşkili mümkün deyildi, bütün dərslər onlayn həyata keçirilirdi. Şagirdlər dərs prosesində iştirak etməkdən ötrü kompüter, planşet, telefondan istifadə edirdilər. Bu da keyfiyətli təhsilin təmin edilməsinə imkan vermirdi”.
Ekspert bildirdi ki, ən böyük hadisə birmənalı şəkildə dərslərin tam olaraq bərpasını hesab etmək olar:
“Geridə qoyduğumuz tədris prosesində kifayət qədər hadisələrin şahidi olduq. Belə ki, Azərbaycanda bu il regional təhsil idarələrinin yaranması təhsil üçün böyük hadisə hesab edilə bilər. Ardınca 2021-ci ilin dekabrında ölkə prezidenti tərəfindən uşaq bağçaları icra hakimiyyətlərindən alınaraq Təhsil Nazirliyinə verildi ki, bu təhsildə böyük hadisə hesab edilə bilər. Ardınca biz bu il qəbul imtahanlarında ixtisas qruplarında dəyişikliyi müşahidə etdik. Yəni beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları ikinci qrupdan çıxarılaraq üçüncü qrupa əlavə edildi ki, eyni zmanda üçüncü qrupa coğrafiya fənnininn əlavə edilməsi bunlar təhsilin qəbul prosesində böyük hadisə hesab edilə bilər”.
Kamran Əsədov qeyd etdi ki, Azərbaycan pandemiya dövrünü uğurla başa vurmuş ölkələrdəndir:
“Təbii ki, biz uğurlarla bağlı da danışa bilərik ki, bu il Azərbaycan şagirdlərinin beynəlxalq olimpiadalardakı uğurları, xüsusən qız şagirdlərin olimpiadalarda uğur əldə etməsi çox böyük bir hadisə hesab edilə bilər. Yəni biz bu hadisələr baxanda Azərbaycan təhsilinin müsbətə doğru dəyişdiyinin şahidi olmuşuq. Eyni zamanda bu il təhsilin inkişafı fondunun yaradılması, təhsil tələbə kredit fondunun fəaliyyətini genişləndirməsi mühüm hadisə kimin qiymətləndirilə bilər. Dərsliklərlə bağlı bu il bir neçə yeni dərsliklər istifadəyə verildi. Xüsusən ibtidai siniflərlə bağlı yeni kurikulumlarla yazılmış dərsliklər. Yəni bunların hər birini böyük hadisə olaraq qiymətləndiririk və inanırıq ki, növbəti ildə Azərbaycan təhsili öz qarşısına qoyduğu vəzifələri yerinə yetirə biləcək. Çünki pandemiya dövründə təhsilin əlçatanlığı baxımından dünyada ümumi çətinliklər var. Amma Azərbaycan bu vəziyyətdə tədrisin təşkilini kifayət qədər həyata keçirə bilir”.
Zərif Ülvizadə
Medianews.az