Rusiyada müharibə əleyhinə kiçik ölçülü etirazların şahidi oluruq. Lakin nədənsə, siyasi şərhçilərin proqnozlarına uyğun olaraq, işlərində problemlər yaranan biznes sahibləri, ölkədən gedən xarici şirkətlərin işsiz qalan işçilərinin kütləvi etirazı nəzərə çarpmır.
Bunun səbəbi nədir? Rusiya xalqı bütün bu sanksiyaların altından tək başına çıxacaqlarına inanırmı?
Siyasi şərhçi Mübariz Göyüşlü Medianews.az-a açıqlaması zamanı bildirib ki, Rusiya xalqın bu qədər gərginlik fonunda etirazlara qalxmamasının səbəbi etiraz aksiyaların dərhal və yerindəcə boğulması ilə əlaqədardır.
“Bu müharibə ilə bağlı məsələdə “hamı Putini dəstəkləyir” deyə bir anlayış yoxdur. Bu etirazların müntəzəm şəkildə və Putinin hakimiyyətini sarsıdacaq qədər təşkilatlanmış formada, nizam-intizamla keçirildiyini görə bilmirik. Bu da avtoritar rejimin idarə etməsi ilə bağlıdır. Bu onu göstərmir ki, xalq müharibə, onun yaratdığı çətinliklər ilə razıdır. Bunu demək olmaz. Sadəcə olaraq, görünür ki, bu etirazlar nəticə vermir və yaxud tam təşkilatlana bilmirlər.
Düşünürəm ki, Putinin bütün bunları nəzərə alması, qısa müddətdə müharibəni sonlandırması, Rusiyanı normal vəziyyətə çıxarması lazımdır. Əks halda elə aksiyalar başlaya bilər. Bu, da Putinin hakimiyyətinə son qoya bilər”.
Leyla
Medianews.az