18 oktyabr müstəqillik gününü, daha doğrusu, müstəqilliyimizin bərpasının 25 illiyini təntənə ilə qeyd etməkdəyik. Hələ bundan sonra 17 noyabr Milli Dirçəliş Günü, arada 12 noyabr Konstitusiya Günü kimi şeylər də olacaqdır. Maşallah. Bu millətə kim bata bilər? Müstəqillik, dirçəliş, konstitusiya, qurtuluş, gül-çiçək… Hər şeyimiz var. İstəməyənlərin gözü çıxır.
Elə dünən modern.az saytı bu münasibətlə müstəqilliyin əleyhinə səs vermiş, ancaq 25 ildir həmin müstəqil deputatxanada mandatla mükafatlandırılmış, seçicilər üçün fantom-deputat Madər Musayevdən açıqlama alıb. Gəlin onu diqqətlə oxuyaq:
“Düzü, 25 ildir ki, kimsə məndən 1991-ci ildə olub-keçənləri soruşmayıb. ”Niyə Müstəqillik Aktına imza atmamısan” sualını verən də olmayıb.
25 il bundan qabaq Müstəqillik Aktına imza atanlar və atmayanlar həmişə müzakirə mövzusu olur. Adım müstəqilliyə imza atmayanlar arasında olsa da, bunu məndən istəyib-istəmədiyimi soruşmayıblar. Həmin vaxt kimsə mənə yaxınlaşıb soruşmamışdı ki, “sən müstəqillik istəyirsən, yoxsa, yox?!” Sitatın sonu. Əslində onu qınamaq da olmaz. Dünyanın hansı ölkəsində zavmaqdan müstəqillik aktı haqda soruşurlar, hansı ölkədə dükançını deputat qoyurlar ki?
İndi siz nəyə inanırsınız onun canı, belə dövlətdə yaşadığınız üçün xəcalət çəkmirsinizmi? Mən çəkirəm. Heyf o müstəqillik uğrunda həlak olanlardan. Heyf 20 Yanvarda ölənlərdən. Heyf Qarabağda ölənlərdən. Nəticə budursa, müstəqillik budursa, nəyi bayram edirsiniz?
İlk növbədə, Qarabağsız Azərbaycanın müstəqilliyi yarımçıqdır. Deməli, 18 oktyabr alınmamış bayramdır. İkincisi, 1991-ci ilin oktyabrında, o cümlədən yaz aylarında parlamentdə xeyli sayda müxalifətçi deputat vardı. İndi bir nəfər də yoxdur. Yəni, həmin müstəqillik aktını bu günkü parlamentin üzvləri ilə, ancaq 1991-ci ildə səsə qoysaydın, qəbul edilməyəcəyi şəksizdir.
Ancaq bu məsələdə çox dərinə getmək bəlkə də lazım deyil. Kim bilir, Arif Rəhimzadə və Zeynəb Xanlarova o vaxt bizim müstəqilliyimizi dəstəkləsəydilər, axırımız necə olardı? Tarix “filan şey filan cür olsaydı” tipli söhbətləri sevməsə də, reallıq deyir ki, biz hələ yaxşı qurtarmışıq.
Örnək üçün, uca millətimiz bulvarda gəzib mayallaq aşanda, Xəzərin sularından zövq alıb şeirlər qayıranda, heç ağlına gətirirmi ki, bu dənizin sahilində yaşadığı üçün… bir erməniyə borcludur? Yəqin sayğılı oxucularımın çoxu da bu məsələdən xəbərsizdir, yazım bilin. İnanıb-inanmamaq öz işinizdir.
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) birinci sədri olmuş İvan Serovun qızı 2012-ci ildə qarajı sökərkən bir çamadan tapıb. Onun içində atasının xatirələri, gündəlikləri var imiş və bunlar bu il Moskvada “Çamadandan çıxan qeydlər” adıyla kitab şəklində buraxılıb. Öncədən bildirim ki, rus tarixçiləri, sovetoloqlar bu qeydlərin həqiqiliyi üzərində hələ tam qərara gəlməyiblər. Fikirlər haçalanır. Ancaq İvan Serovun həyatına yaxından bələd olanlar qeydlərin həqiqətən KQB şefinə məxsusluğuna inanırlar. Uzun söhbətdir, bu yazıya sığışdıra bilmərəm, ümid edirəm bizim tarixçilər də ermənilərlə mənasız dartışmalardan ayılanda, həqiqi tarix kitabları yazar, bu məsələni də öyrənərlər. Keçək dəniz məsələsinə.
Serov qeyd edib ki, II Dünya savaşından sonra Stalin Xəzər dənizini qurutmaq planını “böyük mühəndis tapşırığı” kimi ortaya atıbmış. Plana görə, Volqa çayı Qazaxıstan çöllərinə döndərilməliydi, nəticədə Abşeron yarımadası ətrafındakı böyük neft yataqları quruya çıxmalıydı, neft və qaz istehsalı asanlaşmalı idi. Mühəndislər bu fantasmaqorik və ilk baxışda axmaq görünən, ancaq SSRİ üçün yetərincə perspektivli – o dövlətin tarixi belə fantasmaqoriyalarla zəngindir – projenin hesablamalarını da aparıbmışlar. Planın müzakirə edildiyi iclasda o vaxt SSRİ-nin xarici ticarət naziri olan, köhnə bolşevik Anastas Mikoyan (sözgəlişi, Mikoyan Andranikin dəstəsində də döyüşüb) etiraz edib, deyib, Xəzəri qurutsaq, xaricə qara kürü sata bilmərik. Kürü o vaxt SSRİ-nin ixracında ciddi yer tutan məhsullardan imiş, dövlət mülkiyyətinə əsaslanan bərbad sovet iqtisadi sisteminə babat valyuta gətirirmiş. Nəticədə plan ləğv olunub.
Yəni biz KQB sədrinin kitabına inansaq, bugünkü dənizə görə osetrin və Mikoyana borcluyuq. Müstəqilliyi də 91-də onun əleyhinə səs verən Mixail Zabelinə borclu olsaq, nə dəyişər? Faktiki heç nə. Əsas odur müstəqilliyimizin atributları var. İsti yerdə saxlayın.