Medianews.az
Pezeşkian Bakıya SÖZ verdi,
50 baxış

Pezeşkian Bakıya SÖZ verdi, bəs SONRA...

İran Prezidenti Məsud Pezeşkian, nəhayət, neçə günlük sükutu pozdu. Naxçıvana terror hücumu ilə bağlı Bakıya, həmkarı İlham Əliyevə niyə hələ də zəng etmədiyinin əsas səbəbi bilindi.

Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı o, Naxçıvana olayı haqda xəbərləri “iki qonşu ölkənin münasibətlərinə zərbə vuran şayiə” adlandırıb. Bildirib ki, Tehran öz qonşularına hücum planlaşdırmayıb. Yəni ki, “bizlik bir şey yox”...

Belə çıxır, Naxçıvana yadplanetlilər hücum edibmiş. Allah göstərməsin, sabah İran ərazisindən bizim hansısa neft infrastrukturumuz zərər görsə, yenə bəyan edəcəklər ki, “inanmayın, şayiədir, bizlik bir şey yox”? Bu nə yanaşma?

Hərçənd, Pezeşkian dünən xalqa müraciətində deyib ki, İranın yeni yaradılmış Müvəqqəti Rəhbərlik Şurası qonşu dövlətlərə qarşı hücumları dayandırmaq barədə qərar qəbul edib. Üzrxahlıq edən prezident vurğulayıb ki, İran artıq qonşu ölkələrə raket zərbələri endirməyəcək, lakin bir mühüm şərti var: “Əgər bu ölkələrin ərazisindən İrana qarşı hücumlar baş verməzsə”.

Məgər Azərbaycandan İrana hücum olmuşdu?

Bu da var ki, cənab Pezeşkian İranın idarə olunmasında hələ ki, həlledici sima deyil. Zatən, onun Naxçıvana hücumu “şayiə” adlandırması bunu bir daha sübut edir...

Maraqlıdır ki, faciəvi olaydan cəmi bir gün qabaq İran prezidenti qonşu ölkələrə müraciətində qəribə bir mesaj göndərmiş, “İranın özünü müdafiəni zəruriliyindən” söz açmışdı. Bəyəm özünü qorumaq ərazisində heç bir xarici hərbi qüvvə olmayan qonşunu vurmaqla olur?

Görünür, İran rejimi hələ də hər şeyi məntiqsizlik aurasına bürüməklə başdan eləmək yolu tutub. Yəni ki, sadəlövh azərbaycanlılar fikirləşsin ki, Tehran buna niyə getsin ki? Ona görə də bu boyda faktı danmaq yolunu tutublar. Vurulan təyyarəmizlə bağlı Rusiyanın uzun müddət sərgilədiyi haqsız mövqeyə necə də oxşayır...

Məqsəd yəqin ki, həm də vaxt udmaqdır. Göbbelssayağı yalanı tez-tez təkrarlamaqla ona həqiqət çixası geydirib “bir güllə ilə iki dovşan vurmağa” çalışmaqdır. İsraillə münasibətlərimizə kölgə və şübhə salmaqdır.

Diqqət edin, Tehran rejimi Ukraynaya qarşı müharibədə Rusiyaya hərbi dəstək verdiyini də indiyədək danır. Fakt tələb edir. Bunca dəlil sübut ortada ola-ola.

İkincisi hədəf əlbəttə ki, hədə-şantajdır. SEPAH-dan Naxçıvanla bağlı nə demişdilər: “Bu bir xəbərdarlıqdır”. Amma Azərbaycanın son dərəcə sərt reaksiyasını görəndən sonra valı deyəsən, bir azca dəyişiblər.

Gözləyək görək, İran prezidentinin, daha dəqiqi, Müvəqqəti Rəhbərlik Şurasının vədi nə qədər müddətə qüvvədə qalacaq. Naxçıvana terror hücumu ilə bağlı Bakının məlum haqlı tələbləri yerinə yetiriləcəkmi, kimsə cəzalanacaqmı?..

Və sonda. Biz özümüzə həmişə “bir köynək yaxın” saydığımız cənab Pezeşkianın hansı qəliz durumda, hansı şərtlər altında olduğunu bilirik. Uman yerdən küsərlər. Bütün hallarda 4 nəfərin yaralanması (biri ağır kəllə-beyin travması alıb) ilə nəticələnən xain terror hücumuna görə o, heç olmasa, Bakıya zəng edib elə həmin gün təəssüfünü bildirə bilərdi. Bizim tanıdığımız Pezeşkian bunu mütləq və dərhal etməli idi. Ən əvvəl insanlıq naminə və bir həkim olaraq. Üstəgəl, yaralananlar onunla eyni soydan, eyni millətdəndir. Amma o, Putinə zəng elədi. Təəssüf.

Keşkə, elə susmağa davam eləsəydi...

Zahid SƏFƏROĞLU

Bizə qoşulun