İran-ABŞ/İsrail gərginliyi fonunda İranın Naxçıvan istiqamətini hədəf alması Azərbaycanın nümayiş etdirdiyi mehriban qonşuluq siyasətinə tamamilə ziddir. Rəsmi Bakı öz ərazisindən İrana qarşı hər hansı əməliyyatlarda istifadə olunmayacağını ən yüksək səviyyədə və dəfələrlə bəyan edib. Bundan əlavə, Azərbaycan Prezidenti İranın ali dini liderinin həlak olması ilə bağlı İranın Azərbaycandakı səfirliyini ziyarət edib və dinc insanların öldürülməsini pisləyib.
Yazılarımda hər zaman qeyd etmişəm: Azərbaycanın İrana, İranın siyasi elitasının Azərbaycana qarşı münasibətindən asılı olmayaraq, SEPAH-ın mövqeyi dəyişməz qalacaq. Onlar dünən də düşmən idilər, bu gün də düşməndirlər, sabah da düşmən olacaqlar.
O ki qaldı İranın Naxçıvana dron hücumuna, bu, sadəcə bir sərhəd insidenti deyil, Azərbaycanın suverenliyinə və “qırmızı xətt”inə birbaşa qəsddir. Unutmaq olmaz ki, Naxçıvan 1921-ci il Qars müqaviləsi ilə beynəlxalq statusu və Türkiyənin zaminliyi (qarantiyaçılığı) olan bir ərazidir. İranın Naxçıvanı hədəf alması həm də Türkiyənin təhlükəsizlik çətirinə və regiondakı balanslara meydan oxumaqdır.
Bu məsələnin ciddi araşdırılmasına ehtiyac var. Niyə? Çünki dünən diqqətimi çəkən bir informasiya yayıldı. Həmin məlumatda qeyd olunurdu ki, Azərbaycan İran sərhədinə qoşun cəmləşdirir. Öz mənbələrimlə bu məsələni araşdırdım və bunun real olmadığı ortaya çıxdı. Dünən ən çox vaxtımı alan məsələlərdən biri məhz sözügedən dezinformasiyanın haradan yayılmasını tapmaq idi.
Məlum oldu ki, dezinformasiya müxtəlif ölkələrin teleqram kanalları vasitəsilə tirajlanır. Bu ölkələr sırasında Ukrayna, Rusiya, Ermənistan, Polşa və Türkiyə kanalları var idi. Hətta iki teleqram kanalının rəhbərinin erməni olmasına qədər izə düşə bildim. Daha sonra Azərbaycanın bəzi teleqram kanalları qeyri-rəsmi məlumatlar yayaraq Azərbaycanın İran sərhədinə qoşun cəmləşdirmədiyini bildirdilər.
Düşünürəm ki, o dezinformasiyanın yayılması ilə bu gün Naxçıvana edilən hücum arasında ciddi əlaqə mövcuddur. İddia etmirəm ki, İran məhz o dezinformasiyalara görə bu addımı atıb – çünki söhbət Naxçıvandan yox, digər istiqamətlərdən gedirdi. Ancaq əlaqənin olması inandırıcıdır.
Digər tərəfdən, SEPAH tərəfindən İsrailə gedən neft kəmərlərinin hədəfə alınacağı barədə xəbərdarlıqlar proseslərin bu regiona sıçrayacağı ehtimalını gücləndirirdi. Hər kəs sülhdən danışanda yazılarımda qeyd edirdim ki, Cənubi Qafqaz müharibədən sığortalanmayıb. İranın "ağzının içində" TRIPP layihəsi (Zəngəzur dəhlizi) layihəsi var. İran hazırda ABŞ-nin Yaxın Şərqdəki bütün hərbi bazalarına zərbələr endirir. Kim qarantiya verə bilər ki, quru əməliyyatlarına start verilsə, İran TRIPP bəhanəsi ilə Ermənistan ərazisinə müdaxilə etməyəcək? Nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz və Xəzər Rusiya üçün də həssas bölgədir. Bu proses dərinləşərsə, Rusiyanın da hadisələrə qoşulacağı ehtimalı son dərəcə yüksəkdir.
Ümid edirəm ki, məsələ dərinləşməz və vəziyyət kontroldan çıxmaz.
Səxavət Məmməd