Medianews.az
MÜHARİBƏNİN ADI: Niyə hökumətlər müharibəyə əməliyyat deyir? -
248 baxış

MÜHARİBƏNİN ADI: Niyə hökumətlər müharibəyə əməliyyat deyir? - İZAH

2022-ci ilin fevralından Rusiya Ukraynada total müharibə aparır. Rusiyada bu savaş rəsmən “xüsusi hərbi əməliyyat” adlandırılır, müharibəyə “müharibə” demək qadağandır, həbslə də nəticələnir.

2025-ci ilin iyununda İsrail İranla 12 gün müharibə apardı. İsrail bu savaşa rəsmən “Kükrəyən aslan” əməliyyatı adını verdi, dövlət səviyyəsində müharibə kimi yox, hərbi əməliyyat kimi qiymətləndirdi.

2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana qarşı növbəti müharibəyə başlayıb. Lakin həm ABŞ, həm də İsrail savaşı hərbi əməliyyat adlandırır. ABŞ “Epik qəzəb”, İsrail “Aslanın nəriltisi” əməliyyatı deyir.

Niyə savaşa başlayan hakimiyyətlər müharibəyə müharibə deməkdən çəkinirlər? Bu, hakimiyyətlərin müharibə qərarı vermək üçün öz ölkələrində lazım olan hüquqi proseduralardan (məsələni parlamentdə müzakirəyə çıxarmaq və sair) yan keçmək, yaxud cəmiyyətdə ajiotaj yaratmamaq məqsədi daşıyır, yoxsa əsas səbəb, nə qədər zəifləmiş, hətta yoxa çıxmış kimi görünsə də, beynəlxalq hüquqda müharibəyə görə müəyyənləşmiş məsuliyyətdən, müharibə cinayətləri ilə bağlı sorğu-sualdan yayınmaqdır?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, dövlətlərin başlatdıqları silahlı qarşıdurmaları “xüsusi hərbi əməliyyat”, “hərbi əməliyyat” və ya başqa adlarla təqdim etməsi müasir beynəlxalq siyasətdə tez-tez rast gəlinən bir tendensiyadır. O bildirib ki, bunun arxasında həm hüquqi, həm siyasi, həm də informasiya xarakterli bir neçə mühüm səbəb dayanır: “İlk növbədə bu məsələ dövlətlərin daxili hüquqi mexanizmləri ilə bağlıdır. Bir çox ölkədə müharibə elan edilməsi xüsusi konstitusion prosedurlar tələb edir. Adətən bu qərarın parlamentdə müzakirə olunması, qanunverici orqanın razılığı və bəzi hallarda xüsusi hüquqi rejimlərin tətbiqi tələb olunur. Hakimiyyətlər isə əməliyyat terminindən istifadə etməklə bu prosedurların bir hissəsini ya sadələşdirir, ya da tam şəkildə həmin prosedurlardan yan keçə bilir. Bu, icra hakimiyyətinə qərarları daha operativ qəbul etmək və hərbi fəaliyyətə daha sürətli başlamaq imkanı verir.

Digər mühüm səbəb ictimai rəy və siyasi psixologiya ilə bağlıdır. “Müharibə” sözü cəmiyyət üçün çox ağır və emosional məna daşıyır. Bu söz iqtisadi çətinliklər, səfərbərlik, insan itkiləri və uzunmüddətli qeyri-müəyyənlik kimi assosiasiyalar yaradır. Hakimiyyətlər isə “hərbi əməliyyat”, “xüsusi əməliyyat” kimi ifadələrdən istifadə etməklə vəziyyəti daha məhdud və nəzarət altında olan proses kimi təqdim etməyə çalışır. Bu, cəmiyyətdə panikanın və kəskin etirazların qarşısını almağa, eyni zamanda informasiya gündəmini daha rahat idarə etməyə kömək edir”.

Ə.Allahverdiyev qeyd edib ki, terminologiya beynəlxalq hüquq və diplomatiya baxımından da əhəmiyyət daşıyır: “Müharibə elan edilməsi dövlətlər arasında münasibətləri daha sərt hüquqi çərçivəyə salır və bir sıra beynəlxalq mexanizmlərin işə düşməsinə səbəb ola bilər. Məsələn, müharibə statusu müəyyən konvensiyaların tətbiqi, müharibə cinayətləri ilə bağlı araşdırmalar və beynəlxalq təşkilatların daha fəal reaksiyası ilə nəticələnə bilər. Buna görə də bəzi dövlətlər silahlı qarşıdurmanı rəsmi olaraq müharibə kimi tanımaqdan çəkinir və onu “əməliyyat” kimi təqdim etməyə üstünlük verirlər.

Digər tərəfdən, bu terminlər informasiya və siyasi narrativin formalaşdırılmasına da xidmət edir. Dövlətlər belə adlandırma vasitəsilə öz hərbi fəaliyyətlərini müdafiə xarakterli, məhdud və məqsədyönlü addım kimi göstərməyə çalışırlar. Əməliyyat termini sanki konkret hədəflərə yönəlmiş, qısa müddətli və nəzarət edilən hərbi fəaliyyət təsiri yaradır, halbuki müharibə anlayışı daha genişmiqyaslı və uzunmüddətli qarşıdurmanı ifadə edir.

Beləliklə, müasir beynəlxalq siyasətdə müharibələrin “hərbi əməliyyat” kimi təqdim olunmasını bir neçə amilin birgə təsiri ilə izah etmək olar: daxili hüquqi prosedurlardan yayınmaq və ya onları sadələşdirmək, ictimai reaksiyanı və informasiya mühitini idarə etmək, eləcə də beynəlxalq hüquqi və diplomatik nəticələri minimuma endirmək. Bu səbəbdən terminologiya təkcə söz seçimi deyil, həm də siyasi strategiyanın mühüm elementidir”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun