Medianews.az
Azərbaycanda vilayətlər yaradıla bilərmi? –
277 baxış

Azərbaycanda vilayətlər yaradıla bilərmi? – Deputat və hüquqşünasdan AÇIQLAMA

Rəsmi bölgüyə görə, Azərbaycan Respublikasının tərkibinə Naxçıvan Muxtar Respublikası, 64 rayon, 79 şəhər, 263 qəsəbə və 4244 kənd daxildir.

Ölkə 685 bələdiyyəyə bölünüb, həmçinin 14 iqtisadi rayon yaradılıb: Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Mərkəzi Aran, Şirvan-Salyan, Lənkəran-Astara, Mil-Muğan, Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan.

Azərbaycan ərazisinin vilayətlərə (mahal, diyar, el, qəza, dairə) bölünməsi, bu cür idarəçiliyə keçilməsi mümkün və gərəklidirmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev vurğulayıb ki, idarəetmədə islahatların aparılması çox vacib, həm də məsuliyyətli işdir: “Çünki idarəetmənin düzgün təşkili ölkə iqtisadiyyatının inkişafı, insanların rahatlığının təmin olunması, qarşıya qoyulan vəzifələrin vaxtında, operativ qaydada həyata keçirilməsi üçün əhəmiyyətlidir. Bu baxımdan da cənab Prezidentin tapşırığı ilə son illər idarəetmədə bir çox mühüm islahat həyata keçirilib, kadr potensialının yüksəldilməsi, tələbkarlığın artırılması, tapşırılan işə qayğı ilə yanaşılması, əhaliyə nümunəvi xidmət göstərilməsi sahəsində əsaslı tədbirlər görülüb. İşğaldan azad olunmuş ərazilərdə xüsusi nümayəndəliklərin yaradılması və onların bilavasitə Prezident qarşısında vaxtaşırı hesabatlar verməsi işlərin səmərəli həyata keçirilməsinə xidmət edir. Bu özünü doğruldub. Artıq işğaldan azad olunmuş ərazilərdə möhtəşəm tikinti, quruculuq və abadlıq işləri görülür. Xüsusi nümayəndələr bu vəzifələrin icrasında mühüm rol oynayır və işlərini günün tələbləri səviyyəsində qurmağı bacarırlar.

Sözsüz ki, bundan sonra da islahatlar davam etdirilməlidir. Çünki bu, dövrün tələbi olmaqla yanaşı, ölkənin inkişafını xarakterizə edən və ona geniş imkanlar yaradan bir üsuldur”.

T.Rzayev bildirib ki, regionların vilayət, mahal, diyar, qəza və ya başqa formada idarəçiliyi ölkə rəhbərinin səlahiyyətlərinə aid məsələlərdir: “Hələlik bu barədə müəyyən mülahizələr səsləndirilir. Əgər ölkə başçısının bu yöndə təşəbbüsü olarsa, gələcəkdə regional idarəetmə qurumlarının yaradılması həyata keçirilə bilər. Hazırda isə ölkədə iqtisadi inkişaf təmin olunub. Regionların sosial-iqtisadi inkişafı istiqamətində dörd dövlət proqramının reallaşdırılması, icra strukturlarının səmərəli fəaliyyəti və digər qurumların birgə işi müsbət nəticələr verib. Sözsüz ki, bu yol daha sistemli şəkildə davam etdirilməlidir”.

Hüquqşünas Qulamhüseyn Əlibəyli Medianews.az-a bildirib ki, Azərbaycanda rayonlaşma bölgüsü sovet dövründə aparılıb: “O dövrdə rayon idarəetmə sistemi yerli dövlət orqanlarının əhaliyə daha yaxın olması baxımından üstün tutulub. İndiki dövrdə, yəni informasiya texnologiyaları əsrində, xüsusən idarəetmənin rəqəmsallaşması ilə əlaqədar bu yanaşma əhəmiyyətini itirib. Ona görə də hesab edirəm ki, daha iri idarəetmə sisteminə - bölgə idarəetmə üsuluna keçmək olar. Yəni hazırkı iqtisadi rayonlar üzrə idarəetmə sisteminə keçmək mümkündür. Bölgü zamanı fərqli adlar seçilə bilər: mahal, el, dairə və sair. Köhnə adlar da bərpa edilə bilər. Bu, çox da əhəmiyyət kəsb etmir. Əsas məsələ odur ki, idarəetmədə icra hakimiyyətinin rolu azaldılmalı, bələdiyyələrin səlahiyyəti genişləndirilməlidir. İri bələdiyyələr yaradılmalı və onlar yerlərdə icra hakimiyyəti funksiyasını həyata keçirməlidir.

Eyni zamanda Prezidentin bölgələr üzrə xüsusi səlahiyyətli nümayəndələri olmalıdır ki, həm bələdiyyələrin fəaliyyətinə nəzarət etsin, həm də ümumi dövlət əhəmiyyətli məsələləri, yəni müdafiə, təhlükəsizlik, ictimai asayişin qorunması məsələlərini həll etsin. Digər səlahiyyətlər isə bələdiyyələrə verilməlidir”.

Q.Əlibəylinin fikrincə, bir növ Türkiyə modelinə keçmək olar: “Azərbaycanda yerli idarəetmədə Türkiyə modelinə keçmək tamamilə mümkündür. Hesab edirəm ki, bu hətta zəruri xarakter daşıyır. İndi bir çox rayonda Prezidentin səlahiyyətli nümayəndəsi, eyni zamanda icra hakimiyyəti orqanları fəaliyyət göstərir. Reallıq isə belədir ki, rayon-şəhər icra hakimiyyəti orqanları Prezidentin səlahiyyətli nümayəndəsi olmayanda heç bir məsələni həll edə bilmirlər. Baxmayaraq ki, səlahiyyətli nümayəndə Prezident Administrasiyasının təmsilçisi kimi çıxış edir, yerli icra hakimiyyəti orqanının təmsilçisi kimi yox. Amma yerlərdə bütün səlahiyyəti faktiki olaraq səlahiyyətli nümayəndə həyata keçirir”.

Nailə Qasımova,
Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;zərbaycançılıq ideyasının təbliği” mövzusunda hazırlanıb.

Bizə qoşulun