Medianews.az
Həsən Xomeyni kimdir? Niyə onun adı yenidən ön plana çıxır?
172 baxış

Həsən Xomeyni kimdir? Niyə onun adı yenidən ön plana çıxır?

İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni ölkədə növbəti ali rəhbərin müəyyənləşdirilməsi prosesində əsas fiqurlardan birinə çevrilə bilər.

Medianews.az bildirir ki, ABŞ-nin “Röyter” agentliyinin şərhində belə deyilir.

Qeyd olunur ki, Ruhullah Xomeynidən sonrakı ali rəhbər Əli Xameneinin ABŞ ilə İsrailin birgə hərbi hücumu nəticəsində öldürülməsi İranda varislik məsələsini gündəmə gətirib: “Xameneinin 86 yaşı vardı. Ona görə uzun müddət idi varislik məsələsi müzakirə olunurdu. Lakin bu məsələyə aydınlıq gətirilməmiş o, öldürüldü və beləliklə, varislik problemi indi daha təxirəsalınmaz xarakter alıb”.

Şərhdə vurğulanır ki, 53 yaşlı Həsən Xomeyni Ruhullah Xomeyninin 15 nəvəsi arasında ən tanınmış simadır: “O, İranın ruhani elitasında nisbətən mötədil fiqur kimi qəbul olunur. Keçmiş prezidentlər Məhəmməd Xatəmi və Həsən Ruhani ilə yaxın münasibətləri var. Hər iki siyasətçi hakimiyyətdə olduqları dövrdə Qərblə dialoq siyasəti yürüdüb.

Həsən Xomeyni Tehranda babasının məqbərəsinin mühafizəçisi kimi simvolik, amma əhəmiyyətli vəzifə daşıyır və indiyədək dövlət postu tutmayıb.

Bəzi siyasi dairələrdə o, Əli Xameneinin hakimiyyəti dövründə güclənmiş sərt xətt tərəfdarlarına, xüsusilə də Xameneinin oğlu Müctəbaya alternativ kimi dəyərləndirilir.

Həsən Xomeyni 2021-ci ildə prezidentliyə namizədləri yoxlayan Qəyyumlar Şurasını tənqid etmişdi. Həmin qərar sərt xətt tərəfdarı İbrahim Rəisinin qələbəsinə yol açmışdı (Rəisi 2024-cü ildə helikopter qəzasında həlak oldu).

“Siz mənim yerimə kimisə seçib mənə deyə bilməzsiniz ki, ona səs ver” – Həsən Xomeyni o vaxt belə bəyanat vermişdi.

Həsən Xomeyni 2022-ci ildə əxlaq polisi tərəfindən saxlandıqdan sonra ölən gənc qadın Məhsa Əmini ilə bağlı şəffaf araşdırma aparılmasını tələb etmişdi. Əmini məsələsi iri aksiyalara səbəb olmuşdu.

Hakimiyyət orqanlarının “təlim və tərbiyə” adı altında baş verənlərə aydın və dəqiq izah verməli olduğunu bildirən Həsən Xomeyni eyni zamanda ali rəhbər Əli Xamenei əleyhinə şüarlar səsləndirən etirazçıları da tənqid etmişdi. O, iğtişaşlar zamanı hakimiyyətə dəstək yürüşündə iştirak etmiş, zorakılığın bir hissəsini İŞİD tipli qrupların fəaliyyətinə bənzətmişdi.

Yaxın çevrəsində olan şəxslər Həsən Xomeynini musiqi, qadın hüquqları və sosial azadlıqlar məsələsində daha açıq düşüncəli ilahiyyatçı kimi xarakterizə edirlər. Sosial medianı izlədiyi, Qərb fəlsəfəsinə maraq göstərdiyi bildirilir.

Həsən Xomeyni 2015-ci ildə imzalanmış nüvə sazişini dəstəkləyən Ruhani hökumətini müdafiə edib. Həmin saziş sonradan, 2018-ci ildə ABŞ prezidenti Donald Tramp tərəfindən ləğv olundu.

Həsən Xomeyni sanksiyalar səbəbindən iranlıların üzləşdiyi iqtisadi çətinliklər barədə açıq danışır.

Təxminən on il əvvəl Həsən Xomeyni ali rəhbəri seçən quruma – Ekspertlər Şurasına üzv olmaq istəsə də, Qəyyumlar Şurası onun namizədliyini qeydə almadı. Rəsmi əsas kimi onun ruhani rütbəsinin höccətülislam səviyyəsində olmasının kifayət etmədiyi göstərildi. Amma bəziləri hesab edir ki, Həsən Xomeyni islahatçı düşərgənin güclənməsinə imkan verməmək üçün Ekspertlər Şurasına buraxılmayıb.

2008-ci ildə verdiyi müsahibədə Həsən Xomeyninin hərbçilərin siyasətdən kənarda qalmalı olduğunu deməsi onun dolayısı ilə İnqilab Keşikçiləri Korpusunu (SEPAH) tənqid etməsi kimi yozulmuşdu. Bununla belə, Həsən Xomeyninin SEPAH-la münasibətlərinin yaxşı olduğu bildirilir.

Ötən il İsraillə İran arasında 12 günlük müharibə zamanı Həsən Xomeyni Əli Xameneiyə məktub yazaraq onun liderliyini yüksək qiymətləndirmiş, İran raketlərinin İsrail üçün “kabus”, İran xalqı üçün isə “qürur mənbəyi” olduğunu bildirmişdi.

O, İsraili “sionist, şər rejim, xərçəng şişi” adlandırıb, müsəlman dünyasını sionizmə qarşı güclənməyə çağırıb.

Ərəb və ingilis dillərini sərbəst bildiyi qeyd olunan Həsən Xomeyni gənclik illərində futbol oynayıb. 21 yaşında babasının təkidi ilə Qum şəhərinə gedərək ilahiyyat təhsili alıb.

Müşahidəçilər hesab edirlər ki, Əli Xameneinin ölümündən sonra ali lider postu ətrafında müzakirələrdə Həsən Xomeyninin nəvəsinin adı daha çox hallana bilər, lakin qərarı verəcək əsas söz sahibləri yenə də ruhani elitanın qapalı dairələri olacaq”.

Medianews.az

Bizə qoşulun