Kirayədə yaşamaq nədir, bilirsiniz? Mən yaxşı bilirəm. Bu o deməkdir ki, ev yiyəsi ürəyi istəyən vaxt gəlib hər şeyə, lap sənin işinə-gücünə belə müdaxilə edəcək. Məsələn, bizimki çaynikin altını qaldırıb diqqətlə baxırdı ki, görsün altı qaralmayıb, ləkə-cızıq düşməyib.
Kirayədə yaşamaq ev sahibinə elə bir müstəsna hüquq verir ki, o özünü təkcə evinin yox, həm də sənin sahibin hesab edə bilər.
Son günlər hamımız ozümüzü penoplas üzlüklü binanin sakinləri kimi hiss edirik. Fərəh bir an belə gözümüzün önündən cəkilmir, sirayətedici şirin təbəssümü ilə “mən canımı qurtardım, siz tüstülənin” deyir…
Burum-burum qaramatı hələ də başımızdan göyə çıxan binanın kirayədə yaşayan sakinləri üçün qərar verənləri qınamaq fikrindən çox-çox uzağam. Çünki heç kimi kirayədə yaşamadığına və buna görə də kirayəşin həyatının nə demək olduğunu bimədiyinə görə ittiham etmək olmaz.
Amma heç kimin şübhəsi olmasın ki, heç bir ev sahibi ona düşən pulun bir qəpiyini saatlarla odun, alovun içində qalıb, stressdən xəstəlik tapan, ömürləri gödələn, bu evdən o evə, o evdən bu evə daşınmaqdan sınıq-salxaq əşyaları yanan, min həvəslə, əzab-əziyyətlə yığdıqları cehizi məhv olan kirayənişinlərə verməyəcək.
Elə açıqca da deyirlər: Dünənə qədər mənim evimdə kirayə yaşayırdın, indi də get başqa yerdə yaşa, sənə kompensasiya düşmür.
Amma bu məntiq mənzil sahiblərinə də qarşı çevrilə bilər. Onların başqa yerlərdə evləri var, buranı da dövlət təmir edəcək, bəs onlara niyə kompensasiya düşməlidir?
Onsuz da kirayədə qalmaq hər gün yana-yana yaşamaq deməkdir. Bu gün quru yurdda qalan, naəlac ailələr illərdir ki, penoplassız, tüstüsüz-filansiz alışıb yanırdılar.
Ola bilər ki, zərərçəkmişlər üçün ayrılan vəsaitdən bu ailələrə yardım etmək imkani məhduddur, bu mümkün. Ancaq bu həlli qeyri-mümkün olan problem də deyil.
Əks təqdirdə, bu doqrugan da qlobal bir məsələdirsə onda bunu elə “Global Construction” şirkətinin boynuna qoyun. Zatən adam günahkar, həbsdədir, heç olmasa bir neçə çıxılmaz duruma düşən insana yardım etsin, bəlkə gedər ayaqda savaba batmış olacaq.
Yetər ki, çaynikin altında cızıq axtaran ev sahibinin səviyyəsinə düşməyək.