Bir neçə dəfə “öldü” xəbəri yayılan İŞİD komandanının bu dəfə kimlər tərəfindən öldürülməsi müzakirələrə səbəb olub
Türkiyənin Timeturk.com saytında bir qədər əvvəl öldürüldü xəbəri yayılmış İraq-Şam İslam Dövləti (İŞİD) komandirlərindən olan Ömər Şişani (Çeçeni) barəsində yazı dərc olunub. Furkan Azeri adlı müəllifin qələmə aldığı yazıda Şişaninin İŞİD tərəfindən əsir alındığı və hazırda edam edilib-edilmədiyi ilə bağlı dəqiq bilginin olmadığı qeyd olunur.
Yazıda qeyd olunur ki, Ömər Şişani İŞİD yaradılmamışdan hələ bir ay əvvəl Suriyaya gedib və burada bir qrup gəlmə döyüşçünün komandiri olub. Sonradan “Katibətul Muhacirun” (Mühacirlərin camaatı) adlandırılan bu qrup qısa müddət ərzində qəddarlığı və qazandığı qələbələr sayəsində məşhurlaşıb və ətrafına 3 min nəfər yaxın tərəfdar toplayıb. Ancaq müəllifin iddiasına görə, camaatın idarə şurasındakı liderlərin çoxunun yaşlarının az olması, təcrübəsizlikləri və təhsil səviyyələrinin az olması onların sonradan İŞİD-in təsirinə düşməsinə səbəb olub. Belə ki onları islam dövləti, şəriət və sair kimi şirnikləndirici şüarlarla İŞİD-ə dəvət ediblər. Bundan az sonra Şişani Hələb şəhəri yaxınlığında yerləşən Anadan bölgəsində İŞİD lideri Bağdadi ilə görüşərək ona biət edib.
Ancaq müəllifin iddiasına görə, Ömər Şişaninin rəhbərlik etdiyi camaatın İŞİD-ə qoşulmasından az sonra qruplaşmanın törətdiyi qəddar edamlar, kütləvi qətllər və zorakılıqlara görə qruplaşma daxilində qopmalar başlayıb. Bu mənada Ö.Şişaninin də məhz qruplaşma tərəfindən qaçırılaraq edam edildiyi ilə bağlı iddialar yayılıb. Ancaq eyni zamanda müəllif Şişaninin öldürüldüyü xəbərlərinin dəqiqləşmədiyini, Şişaninin özünün ortaya çıxıb məlumatı təsdiqləyə biləcəyini qeyd edir.
Qeyd edək ki, Suriyada savaşan xaricilər arasında ən məşhur komandirlərdən olan Ömər Şişaninin ötən il sentyabr-oktyabr aylarında Suriyanın şimalında kürdlərin YPG təşkilatının silahlıları ilə döyüşlərdə öldürüldüyü xəbəri yayılsa da, sonradan ortaya çıxan Şişani bu xəbəri yalanlamışdı. Bir neçə gün əvvəl isə Suriya müxalifətinə yaxın saytlar Ömər Şişaninin Suriyanın Deyr əz-Zor qəsəbəsi yaxınlığında İŞİD və “əl-Qaidə”nin Suriya qolu hesab olunan “ən-Nusra” cəbhəsi döyüşçüləri arasında baş verən toqquşma zamanı öldürülməsi ilə bağlı xəbər yayılıb. Ömər Şişani Suriyadakı gəlmə döyüşçülərin əsas komandanı hesab olunurdu. Qeyd edək ki, daha əvvəl eyni cəbhəni paylaşsalar da, sonradan Suriya müxalifəti daxilində parçalanma yaranıb, İraq mərkəzli İŞİD-lə “ən-Nusra” cəbhəsi qruplaşması arasında düşmən münasibətlər yaranıb. İŞİD-in Suriyanın şimalında “dövlət” elan etməsindən sonra bu ilin yanvarında iki qruplaşma arasında qanlı döyüşlər başlayıb. Hazırda Suriyanın şimalında ən böyük əraziyə nəzarət edən İŞİD “ən-Nusra” ilə yanaşı, Azad Suriya Ordusu, kürdlərin silahlı qruplaşmaları və digər silahlı qruplara qarşı savaşan ən böyük silahlı qruplaşma hesab olunur.
Musavat.com