Homofobiya ilə Beynəlxalq Mübarizə Günündə təşkil olunan yürüş Hollandiya səfiri tərəfindən maliyyələşdirilib
“Nəfəs LGBT Alyansı”: “Azərbaycanda homoseksuallığın tarixi Qobustan qədər qədimdir
Azərbaycanda fəaliyyət göstərən “Nəfəs LGBT Alyansı” 17 may tarixində – Homofobiya ilə Beynəlxalq Mübarizə Günündə aksiya keçiriblər.
“Yeni Müsavat”ın məlumatına görə, təşkilat üzvləri böyük bir avtobusla – gey və lezbianlarla Qobustana yürüş təşkil ediblər. Gey və lezbianların bu səfərini bütün xərcini Hollandiyanın Azərbaycandakı səfiri öz öhdəliyinə götürüb.
Məqsəd və ideya ondan ibarətdir olub ki, “Azərbaycanda homoseksuallığın tarixi Qobustan qədər qədimdir” iddiası qabardılsın.
Məlumat üçün bildirək ki, gey və lezbianların çoxu Azərbaycanda “Nəfəs LGBT” təşkilatında toplanıblar. Sözügedən təşkilat öz internet saytında qeyd edir ki, bu təşkilatın yaradılmasının məqsədləri Azərbaycanda “LGBT” insanların hüquq və azadlıqlarının müdafiəsi, bu istiqamətdə qanun layihələrinin hazırlanması və qanunvericilik təşəbbüslərinin edilməsi, mövcud qanunvericiliyin işlək vəziyyətə gətirilməsi, təhsil və səhiyyə sistemində islahatların aparılması, həmçinin “LGBT” insanlara qarşı mövcud olan homofobiyanın aradan qaldırılması üçün fəaliyyət göstərməkdir.
Təşkilat rəsmi internet səhifəsində o da qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində insanların cinsi ayrı-seçkiliyə məruz qalmaması təsbit olunub və respublikamız dünyəvi bir dövlətdir: “2001-ci ilin yanvar ayının 17-də Avropa Şurasına üzv olduqdan sonra Milli Məclisdə ratifikasiya olunan ilk sənəd sırf cinsi azlıqlarla bağlı olub. Lakin görürük ki, mövcud qanunvericiliyin işləməməsi səbəbindən homoseksuallar işdən çıxarılır, hüquqlarının müdafiəsi üçün hüquq-mühafizə orqanlarına rahatlıqla müraciət edə bilmirlər. Onlara qarşı hər hansısa hədələrin, zorakılığın olması zamanı müraciət etməyə çəkinirlər, hətta inamları belə yoxdur, qorxurlar. Beynəlxalq konvensiyalara qoşulmağımıza baxmayaraq, hələ də bu istiqamətdə heç bir proqram həyata keçirilmir, “LGBT” insanların hüquqları qorunmur. Əksinə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən zorakılıq hallarına, əməkdaşlığa cəlb olunmağa məcbur edilirlər. Bu problemdən daha çox transseksual və transvestitlər əziyyət çəkirlər. Son illər ölkəni tərk edən transseksualların sayı çoxalıb və onlar əsasən Türkiyəyə köç edirlər.
Həmçinin dövlətin səhiyyə və təhsil siyasətində “LGBT” insanların həyat tərzinin yaxşılaşdırılması və homofobiyanın aradan qaldırılmasına yer verilmir. Bu isə öz-özlüyündə qanunvericilikdə boşluğun olması, bu sahədə dövlətin heç bir qanunvericilik təşəbbüsünün həyata keçirilməməsi və ya bunda heç maraqlı olmamasını göstərir. Təşkilat, ümumilikdə yuxarıda sadalanan problemlərin aradan qaldırılması və vəziyyətin yaxşılaşdırılması, zərərin azaldılması üçün bir neçə istiqamətdə fəaliyyət göstərir”.