Britaniyalı yazıçı, tarixçi və filosof Tomas Karleylin belə bir kəlamı var: “Bütün inqilabları romantiklər fikirləşir, fanatiklər həyata keçirir, bəhrəsini isə islaholunmaz alçaqlar görür”. Onun kəlamının reallıqda əksini tapmasının növbəti sübutu Ukrayna AvroMaydanının bəzi “qəhrəmanlarının” hərəkətləridir.
ABŞ-ın birinci xanımı Mişel Obama martın 4-də ukraynalı müğənni Ruslananı (Ruslana Lıjiçko) “International Women of Courage” mükafatı ilə təltif edib. Mükafatı 2007-ci ildə Kondoliza Rays təsis edilib və o vaxtdan hər il ABŞ Dövlət Departamenti tərəfindən dünyanın şücaət göstərən 10 qadınına verilir.
Ruslana da dünyanın seçilmiş 10 qadını sırasındadır. Lakin bu məsələdə bir məqama aydınlıq gətirmək lazımdır. Bəli, Ruslana səhnədə çıxış edib, oxuyub, ancaq qarşıdurmaların ən qızğın çağında İstiqlaliyyət meydanı adlandırılan “Maydan”da olmayıb.
Şou-biznesdə dostları satmaq, ləyaqətli insanları aşağılamaq adi haldır və belə alçaqlıqları yalnız Ruslana kimiləri bacarır
Ondan fərqli olaraq, hadisələrdə sadə vətəndaşlar arasında günlərlə meydanı tərk etməyib mübarizə aparanlar olub, lakin onları heç kim, elə Mişel Obama da “görməyib”, yada salmayıb. Məsələn, həlak olmuş “Səmavi yüzlükdən” bir nəfər də, heç olmasa, ölümündən sonra xatırlanmayıb və təbii ki, mükafata da layiq görülməyib, amma Ruslana yada düşüb!
Başqa bir nüns da maraq doğurur. Ukraynadan həyəcanlı xəbərlər hələ davam edir, proses addım-addım Rusiya-Ukrayna hərbi qarşıdurma müstəvisinə yaxınlaşır. Bəs, Ruslana indi hardadır? Hər halda, Ukraynadan kənardadır və başı mükafat almağa qarışıb. Halbuki, Ukrayna üçün belə ağır günlərdə mükafatdan imtina etmək də olardı.
Amma bu baş vermir, çünki Ruslana həmişə və bütün işlərdə yalnız öz şəxsi mənafeyini güdüb. Ukraynada məşhurluq dövrünü çoxdan yaşamış və artıq kifayət qədər bezdirici “vəhşi rəqslər” ifaçısı obrazından o yana gedə bilməyən Ruslana vaxtında dərk edib ki, Azərbaycanla əməkdaşlıq onun üçün nə qədər faydalıdır.
Söhbət onun bizim ölkədən Avroviziyada iştirak edəcək ifaçının hazırlanması və təşviqi işində köməkçi rolunu öz üzərinə götürməsindən gedir. Lakin bu hüququ da o, ədalətsiz mübarizə ilə əldə etmişdi. Həyat yoldaşı Aleksandr ilə birgə “Luxen Studio” reklam-prodüser agentliyinin sahibi olan Ruslana onun piar-strategiyasını işləyib hazırlayan və 2004-cü il Avrovisiya müsabiqəsində əldə etdiyi qələbədə böyük rol oynamış şəxslərə qarşı özünü çox ləyaqətsiz aparmışdı.
Heç kimə sirr deyil ki, “CFC Consulting Company” şirkətinin düzgün və peşəkar işi sayəsində Ruslananın qələbəsi mümkün olmuşdu. Ancaq Azərbaycanla əməkdaşlıqdan sanballı gəlir əldə etməyin mümkünlüyünü görən kimi Ruslana sözügedən şirkəti “uff” demədən proseslərdən kənarlaşdırmışdı.
Şou-biznes belədir – burada müvəffəqiyyət naminə istənilən adamı, hətta o sənə olmazın yaxşlığını etmiş olsa belə, “tapdalamaq”, dostları satmaq, süni intriqa yaratmaq, ümumiyyətlə, ləyaqətli insanları aşağılamaq adi haldır və belə alçaqlıqları hər kəs bacarmır. Amma Ruslana kimilərində bu bacarıq maksimum həddədir. O, çoxlu sayda insanın ölümünə görə mükafat almağı da ayıb yox, öznün uğuru sayır.
Dairə qapanmışdır, Tomas Karleyl tamamilə haqlı idi – inqilabın bəhrəsindən həqiqətən də islaholunmaz alçaqlar faydalanır. Baxmayaraq ki, kəlamın deyilməsindən bizi böyük zaman kəsiyi ayırır və biz sivil dünyanın sakinləriyik…