- Aysel Əlizadə: “Ailəmiz dağılmasın deyə fədakarlıq etmədi, etsə də artıq çox gec idi”
- “La vita” italyan dilində həyat deməkdir. Həyatın bir gününə “Həyat”da başlamaq gözəl idi. Dizayn, dekor, qulluq tamamlayıcı komponentlər olaraq xoş təsir bağışlayırdı. Amma əsas rol gülərüz, daxili rəngarəngliyi ilə zahiri harmoniya təşkil edən Aysel xanımın idi. O Aysel xanım ki, barəsində müsbət, ya mənfi, çox danışılır. Azərbaycanda üzdə olan simaların məruz qaldığı dedi-qodu selinin növbəti qurbanlarından biri. O Aysel xanım ki, yazdıqları ilə oxucuların ürəyinə yol tapıb. Beləliklə, növbəti müsahibimiz, yazıçı-publisist-şairə Aysel Əlizadədir.
Təyin etdiyimiz görüş 12:20 radələrində “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində baş tutdu. Səhər qidalanma rasionu ilə seçilən A.Əlizadə maraqlı sifariş verdi. Şirinçay və pendir növləri… Nə olur olsun, hər səhər şirinçay içdiyini dedi Aysel xanım, uzun zamandır çörəkdən imtina etdiyini də öyrəndik.
Ümumi söhbətə saç düzümündən başladıq. Yazıçı xanımlar adətən daxili inqilab etdikdə fransızsayağı qısa saç düzümünə üstünlük verirlər. Seçiminin belə bir arqumentlə əlaqəsi olduğunu xəbər aldıqda tamam fərqli bir cavab gəldi:
“Kənardan çoxuna elə gəlir ki, heç nə vecimə deyil. Mənə nəyisə silib atmaq rahatdır. Buna səbəb də rəngli biri olmağımdır. Mən bomboz adam deyiləm, həyatım da düz xətt üzrə yaşanmayıb heç vaxt” |
– Qızım İzelin saçını kəsdirməyə aparmışdım. Usta ilə öz saç düzümümlə bağlı da danışırdıq. Bu an birdən qızım qayçını götürüb saçımdan bir ovuc kəsdi. Usta da məcburən qısaltmalı oldu.
Gülərək “Qızım mənlə yarışır” dedi.
Söhbət İzeldən düşmüşkən, balacanın atası yazar Aqşindən söz saldıq – Aqşin Yeniseydən. Müsahibələrinin birində Aqşin İzeli necə çox istədiyini, evdə bir məclis olarkən qızını evə gətirdiyini söyləmişdi. Bunu Aysel xanıma söyləyəndə baxışları bir anlıq dondu, sanki şok yaşadı. Elə ilk reaksiyası da “yalandı” – sözü oldu. Daha sonra təmkinlə söhbətinə davam etdi, ayrılığa aparan səbəblərdən danışdı:
– Evlilik gərçəkləri üzə çıxardan bir prosesdir. Boşananları qınayanlar olur həmişə. Çoxuna elə gəlir ki, mənim heç nə vecimə deyil. Mənə nəyisə silib atmaq rahatdır. Buna səbəb də rəngli olmağımdı. Bomboz adam deyiləm, həyatım da düz xətt üzrə yaşanmayıb heç vaxt. Bir dəfə yazarlarımızın günlük həyatı ilə bağlı material oxudum, dəhşətə gəldim. Necə belə maraqsız olmaq mümkündü, yazıçı olasan və həyatın bu qədər mənasız keçsin. İş, kafe, araq, iş, kafe, araq…
Mən ailəm üçün mübarizə apardım. Boşanma dönəmini çox ağır keçirdim. Nə qədər adamın içindən seçmişdim onu, ən çox buna ağrıyırdım. Girinc idim onla, gah haqqında film çəkdim, gah evinə yemək daşıdım. Universitetdə divar qəzeti çıxarırdım. İlk və yeganə divar qəzeti bizim fakültədə olub. Orda şerlərini yazırdım. Universitetdə keçirdiyim tədbirlərdə özünü və yazdıqlarını tələbələrə təqdim edirdim. Bu, ona verdiyim dəyər olub. O zaman kimsənin tanımadığı bir adam idi.
Evlilik təklif edəndə də “yox” demədim və heç nə istəmədim ondan. Özümü yuxarı da tutmadım, forslanmadım. Ancaq o, belə şeyləri anlamır. Onun üçün fərqi yoxdu. Neçə vaxt kənddən gələn adamlarına qulluq etmişəm, sayğısızlığına – xəyanətlərinə susmuşam, işsizliyinə, boş soyuducuya, unudulmuş ad günlərinə, hədiyyəsiz, təbriksiz bayramlara, araq iyinə, evə yıxıla-yıxıla gələn ərə dözmüşəm. Ancaq örnəklər vardı gözümün qabağında, bu gedişlə qadının sonu nə ola bilər, görürdüm və ona görə getdim. İstedadını sevmişdim. İndi heç o istedad da qalmayıb. İstedad saf nəsnədi, onu gərək qoruyasan, çirkləndirəndə yox olur.
“Mutlu evliliyin düsturu nədi, deyə bilmərəm. Ancaq əminəm ki, plankada həm də məişət uyğunluğu olmalıdı. Adamla təkcə ədəbi-mədəni söhbətlər eləmirsən axı, həm də bir masanı, bir mətbəxi, bir soyuducunu paylaşırsan. Ağıl, savad, zarafatlar və s. bəs etmir. Kulturoloji ortaqlıq da çox önəmlidi” |
İstedad bir yerə qədər adama kömək edə bilər. Ondan sonra zəhmət, bilgi, xarakter gərək olur. Mutlu evliliyin düsturu nədi, deyə bilmərəm. Ancaq əminəm ki, plankada həm də məişət uyğunluğu olmalıdı. Adamla təkcə ədəbi-mədəni söhbətlər eləmirsən axı, həm də bir masanı, bir mətbəxi, bir soyuducunu paylaşırsan. Ağıl, savad, zarafatlar və s. bəs etmir. Kulturoloji ortaqlıq da çox önəmlidi. Adam harda, hansı şəraitdə böyüyüb, necə bir ailədə böyüyüb, hansı sivilizasiya böyüdüb onu, bu, çox önəmlidi. Ailəmiz dağılmasın deyə fədakarlıq, jest etmədi. Körpəm 3 aylıq qucağımda evimə getdim, qapını üzümə yad qadın açdı. Özünü elə apardı qabağımda, elə bil otuz illik arvadıdı. Ayrılmağımıza ən böyük səbəbsə onun qızına qarşı diqqətsizliyi, vecsizliyi oldu. Əgər yaxşı ata olsaydı, heç olmasa normal ata, hər şeyi unudub davam edərdim. Ancaq bir dəfə məndən soruşmadı ki, sizin nəyə ehtiyacınız var. Bir kişi kimi yox, bir dost kimi də heç vaxt yanımda olmayıb. Onun içində sevgi hissi yoxdu. Heç kimi sevmir. Adamlara ürəyində nifrət edir. Macal tapan kimi ən yaxın dostlarını vurmağa çalışır. Mən bunları bilirdim və nəyisə dəyişməyə çalışırdım, gücüm çatmadı və qızına münasİbəti son damla oldu.
– Bütün bunlardan sonra, onunla ailə qurmağınıza peşmansınız?
– Sokrat məntiqiylə evlilik mütləq lazımdı, həyat yoldaşımız yaxşı olsa xoşbəxt olacağıq, pis olsa – dahi (gülür). Heç nəyə görə peşman olmuram, heç vaxt. Sezen Aksu demiş, acı-şirin nəyim varsa, xəzinəmdi. Bu mövzuda danışmağı da sevmirəm. Bu, son olsun! Kim narahatdısa bu mövzuyla bağlı aydınlıq gətirdim ki, dincəlsin. Bütün bunlardan sonra hansısa axmaq utanmaz-utanmaz haqqımda qınayıcı nəsə deyirsə, deməli, qərəzlidi. Ən çox da ona görə peşman deyiləm ki, İzel dünyaya gəlib. Qızıma görə çox mutluyam. Həm də əminəm ki, İzel böyük bir irs yaradacaq. Şəxsiyyət kimi öz sözünü deyəcək. Onda bunun işartılarını görürəm.
– “Azad” kitabını oxuduqda nəyə görə elm xadimi, akademik Azad Mirzəcanzadədən yazdığınız aydın olur. Bəhs etdiyiniz mistik məqamlardan danışmanızı istərdim.
– Bax, bu məsələ ilə bağlı kitab özü danışır. Ancaq özüm orda bir boşluq hiss edirdim. Film üçün Azad müəllimi seçməyimin mistik izahı mənə görə lazımınca ifadə olunmayıb. Çünki, kitabı yazanda bu səbəbi unutmuşdum. Sonra anam yadıma saldı. Mən o vaxt verilişimə kimi çəkim deyə düşünəndə nənəm demişdi ki, Azərbaycanın özü ağırlığında bir alimi var – Azad Mirzəcanzadə, onu tap çək. Bunu oxucu bəlkə də hiss etmir, ancaq özüm yazıçı gözüylə baxanda görürəm ki, kitabın sonunda nənəmlə Azad müəllimin bir yerdə yuxuma girməyi izahsız qalır. Birdən-birə nənə hardan çıxdı? Əgər əvvəldə əslində nənənin məni Azad müəllimlə tanış etdiyini yazsaydım mistik halqa tamamlanardı. Həmin o yuxu isə təxəyyülümün məhsulu deyil. Həqiqətdir. Həyatımın ən ağır, keşməkeşli vaxtlarını yaşayırdım. Sanırdım belim elə əyilib ki, bir də qalxa bilməyəcəm. Bax, belə bir zamanda yuxuma gəldi və dedi: “Elə bilirsən mən elə-belə Mirzəcanzadə olmuşam? Hər şey yaxşı olacaq….” Miskita isə ondadı ki, Azad Mirzəcanzadə haqda yarımçıq qalan filmin nəticəsi olaraq mənim ilk müəllif yazım akademiklə bağlı oldu. Və illər sonra bir vaxt televizyonçu Ayselin çəkilməyən filmi bu gün yazıçı Ayselin “Azad” adlı kitabı kimi doğuldu.
– Kitabda diqqət çəkən özəl bir məqam var. Deyirsiniz: “Bəzi şeyləri anlamağa gərək yoxdu. Baş verənlərin hamısında bir anlam, bir açıqlama, bir səbəb axtarmaqla özümüzü daha böyük düyünə salırıq. Hər şey olduğu kimi maraqlıdı”. Bu qənaətə gəlmənizə səbəb nədir?
– Həyatda səbəbsiz şeylər çoxdur. İzahsız o qədər şey var ki… Elə sevginin özünü götürək. İnsan sevəndə necə olur, nəyə görə sevir, sevgi nədir və sair və ilaxır suallar müzakirə olunur. Cavabı da əsrlərdir, illərdir heç kəs tapa bilmir. Adama deyərlər, yaşayın da doya-doya, niyə izah axtarırsınız?! Lap götürək Yerdəki həyatın, insanın yaranışını.
Din bu məsələni Adəm və Həvva əhvalatı ilə izah edir. Allah Adəmi yaratdı, qabırğasından Həvvanı yaratdı. Onlar əvvəlcə cənnətdəymişlər. Daha sonra ilan Həvvanı yoldan çıxardır. Həvva da Adəmə təsir edir, alma yeyirlər, Allah onları Yerə qovur. Deyək ki, din durumu bu cür çözdü, biz də yedik. Digər tərəfdən alimlər iddia ediblər ki, uzun-uzadı yağışların yağması nəticəsində yerin su qatında yağışın və okeanların tərkibindəki maddələr reaksiyaya girib və yaşam hüceyrələri, ilk canlı hüceyrələr olan probiontlar yaranıb. Beləliklə də ilk dəfə suda yaşayan canlılar əmələ gəlib. Əvvəlcə birhüceyrəlilər, sonra çoxhüceyrəlilər yaranıb.
“Anam Kəmalə Abiyeva həm də şairdi, “Məktəb illəri”, “Bu dünyanı nağıl bilək”, “Yağış yağır bu şəhərə”, “Özün günahkarsan” və bir çox tanınan mahnıların söz müəllifidi, ancaq fizik olduğu üçün hesab edir ki, Nobel mükafatı yazıçılara deyil, yalnız fiziklərə verilməlidi” |
Erkək dişi hüceyrə ayrılaraq cinsi çoxalma yolu ilə yeni canlılar ortaya çıxıb və təkamül nəticəsində müxtəlif canlılar formalaşıb. Darvin də iddia edib ki, müasir insanın əcdadı da bu canlılardan biri olan, Afrika cəngəlliklərində yaşayan insana bənzər meymunlardı. Bu nəzəriyyəni çoxu inkar etsə də hələ alternativ nəzəriyyə yoxdu. Elm dindən sonra yarandığı üçün onun gəldiyi nəticəni qəbul etmək daha məntiqlidir. Din elmin ilkin versiyasıdı. Din şəxsən mənə mənbə kimi maraqlıdı. Elmi izahlardan öncəki ibtidai izahlar kimi, antika kimi maraqlıdı. Fəlsəfənin özündə yaradılışla bağlı yüzlərlə versiya var. Ona görə deyirəm, elə qavramlar var ki, onlara konkret izah, yorum vermək olmur. Yazıçı kimi bütün bunlar mənə fikir, düşüncə sonsuzluğu olaraq ilginc gəlir.
Ümumən sivilizasiyanın, mədəniyyətin inkişaf bölgüsü var: mifologiya, din, fəlsəfə, ədəbiyyat, elm. Hətta elmüstü mərhələlər var. Məsələn, biz yaşadığımız elektro-informasiya dövrü elmdən ötə bir şeydi. Ümumilikdə bütün bunların hamısının elmliliyi var deyə alimlər özlərini hər kəsdən üstün sayırlar.
Bu sahələr arasında həmişə konflikt olub. Məsələn, ədəbiyyat fəlsəfəni tənqid edib, cəfəngiyat adlandırıb, fəlsəfə ədəbiyyatı qəbul etməyib, söz yığını sayıb. Fəlsəfə deyib ki, mənim işim idrakladı, sən nə işə baxırsan? Ədəbiyyat deyib, mən kamil insan yaradıram, sən nəylə uğraşırsan? Tanrı var, yoxdu, materiya birinci yaranıb, yoxsa ideya, nə bilim nə, kimə lazımdı bu? Belə konfliktlərdə elm həmişə özünü yuxarı başa qoyur. Kantın fikrini yazmışam o kitabda, hər hansısa elmin riyazi dəqiqliyi nə qədərdirsə, elmliliyi də o qədərdi. Ona görə riyaziyyatçılar, fiziklər başqa sahələri ciddi qəbul etmirlər. Məsələn, baxmayaraq ki, mənim anam Kəmalə Abiyeva həm də şairdi, “Məktəb illəri”, “Bu dünyanı nağıl bilək”, “Yağış yağır bu şəhərə”, “Özün günahkarsan” və bir çox tanınan mahnıların söz müəllifidir, ancaq fizik olduğu üçün hesab edir ki, Nobel mükafatı yazıçılara deyil, yalnız fizikaçılara verilməlidi. Deyir ki, dünyada işığı kəşf etməkdən böyük nə ola bilər? Nobeli – təbiətdə var olan, ancaq insanlığa məlum olmayan bir gerçəyi tapan adam almalıdı.
Musavat.com