Medianews.az
Ata-anası, həyat yoldaşı, oğlu öldürülən rəhbər – Bu seçim nədən xəbər verir? -
539 baxış

Ata-anası, həyat yoldaşı, oğlu öldürülən rəhbər – Bu seçim nədən xəbər verir? - “Nyu-York Tayms"

ABŞ və İsrailin hava zərbələrini davam etdirdiyi – müharibənin getdiyi bir dövrdə İranda yeni rəhbər müəyyənləşib. Dövlət mediasının yaydığı məlumata görə, fevralın 28-də öldürülən ali rəhbər Əli Xameneinin oğlu Müctəba Xamenei ölkənin yeni ali rəhbəri seçilib.

Medianews.az bildirir ki, məsələ ilə bağlı ABŞ-nin “Nyu-York Tayms” qəzetində “İranın yeni lideri: ayətullah Xameneinin oğlu sirli fiqurdur” başlıqlı məqalə dərc olunub.

Məqalədə deyilir ki, Müctəba Xameneinin rəhbər seçilməsi Tehranın İsrail və ABŞ qarşısında geri çəkilmək niyyətində olmadığı və mövcud sərt teokratik kursun davam etdiriləcəyi deməkdir.

Qəzet vurğulayır ki, hətta İranın özündə də Müctəba Xamenei barədə məlumatlar kifayət qədər məhduddur: “O, uzun illər atasının hakimiyyət çevrəsində kölgədə qalan, lakin təsirli fiqur kimi tanınıb. Müctəba Xamenei ali rəhbərin ofisində hərbi və kəşfiyyat strukturlarının fəaliyyətinin koordinasiyasında mühüm rol oynayıb. Onun İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə çox yaxın münasibətlərə malik olduğu və həmin qurumun ən çox dəstəklədiyi şəxslərdən biri sayıldığı bildirilir”.

Məqalədə qeyd olunur ki, 56 yaşlı Müctəba Xamenei ali rəhbər vəzifəsinə seçilmək üçün lazımi dini statusa – ayətullah tituluna malikdir: “O, uzun müddət şiə dini məktəblərində dərs deyib. Buna baxmayaraq, onun şəxsi baxışları və siyasi mövqeyi barədə məlumat azdır. Müctəba Xamenei nadir hallarda ictimaiyyət qarşısına çıxır, demək olar ki, çıxış etmir. İndi isə o, yalnız İranın ali dini və siyasi rəhbəri deyil, eyni zamanda ölkənin silahlı qüvvələrinin ali baş komandanıdır”.

ABŞ-ın Con Hopkins Universitetinin Yaxın Şərq üzrə eksperti Vəli Nəsr “Nyu-York Tayms”a deyib ki, bu seçim həm gözlənilməz, həm də məna yüklü qərardır.

Vəli Nəsrin sözlərinə görə, Müctəba Xameneinin seçilməsi atasının siyasi xəttinin davam etdirilməsi deməkdir və o, digər namizədlərlə müqayisədə hakimiyyəti daha tez möhkəmləndirə biləcək fiqur sayılıb. Nəsr qeyd edir ki, Müctəba Xamenei uzun müddət potensial varis kimi müzakirə olunsa da, son iki ildə bu mövzuda az xatırlanırdı.

“Nyu-York Tayms” yazır ki, bəzi məlumatlara görə, Əli Xamenei yaxın çevrəsinə oğlunun onu əvəz etməsini istəmədiyini deyibmiş və bunu belə izah edibmiş ki, ali rəhbərlik vəzifəsinin irsi hakimiyyətə çevrilməsi düzgün olmazdı: “Axı 1979-cu ilin islam inqilabı məhz irsi hakimiyyətə son qoymaq şüarı ilə monarxiyanı devirmişdi.

Lakin Müctəba Xameneinin ali rəhbər seçilməsi göstərir ki, ölkədə hakimiyyət dairələri – yüksək rütbəli din xadimləri, SEPAH və nüfuzlu siyasətçilər – müharibə və böhran şəraitində sıx birləşərək bu qərarı qəbul ediblər. Bu çevrələrdə Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də əsas fiqurlardan biridir.

Praqmatik siyasətçi kimi tanınan Laricani hazırda ölkənin idarə olunmasında aparıcı rol oynayır və Müctəba Xamenei ilə uzun illərin müttəfiqi və dostu sayılır. Hər iki şəxs İranın silahlı qüvvələri daxilində də böyük təsirə malikdir.

SEPAH vaxtilə islam respublikasını və onun sərhədlərini qorumaq üçün yaradılmış ideoloji hərbi struktur idi. Orduda mümkün çevriliş və ya parçalanma riskinə qarşı əlavə təhlükəsizlik sipəri kimi nəzərdə tutulmuş bu qurum zamanla İranın ən güclü siyasi, hərbi və iqtisadi institutlarından birinə çevrilib.

Hazırda İranın İsrailə, Fars körfəzi ölkələrinə və regiondakı ABŞ bazalarına yönəltdiyi ballistik raket və pilotsuz uçuş aparatlarının hücumlarını da əsasən SEPAH idarə edir. Bu proses ABŞ və İsrailin İran ərazisinə endirdiyi genişmiqyaslı hava zərbələri fonunda davam edir.

Müctəba Xamenei ali rəhbər postuna 88 üzvdən ibarət Ekspertlər Şurası tərəfindən seçilib. Bu qurum yüksək rütbəli şiə din xadimlərindən ibarətdir və İran Konstitusiyasına görə, ali rəhbəri seçmək səlahiyyətinə malikdir.

Maraqlıdır ki, şura yeni rəhbərin seçimini müzakirə etdiyi gün İsrail Qum şəhərində – şiə dünyasının əsas dini mərkəzlərindən birində yerləşən binaya zərbə endirib. Ənənəvi olaraq Ekspertlər Şurasının iclasları həmin binada keçirilir. Lakin “Fars” agentliyinin məlumatına görə, bina boş olub və təhlükəsizlik səbəbindən din xadimləri iclası onlayn formatda keçiriblər.

Müzakirələr zamanı şuradakı din xadimlərinin əksəriyyəti Müctəba Xameneinin namizədliyini dəstəkləyib. Onlar hesab ediblər ki, İranın hazırkı vəziyyətində ölkəni idarə etmək üçün lazım olan təcrübə və imkanlar məhz onda var. Bəzi ruhanilər isə ABŞ və İsrail tərəfindən öldürülmüş ayətullahın oğlunun seçilməsini onun siyasi irsinə hörmət kimi qiymətləndiriblər”.

Tehrandan olan analitik Mehdi Rəhməti “Nyu-York Tayms”a deyib ki, hazırkı şəraitdə Müctəba Xameneinin seçilməsi ən məntiqli variant sayılır: “Çünki təhlükəsizlik və hərbi strukturların idarə olunması və koordinasiyası ilə bağlı bütün mexanizmləri o, yaxından bilir. Əslində bu işlərin çoxuna artıq o nəzarət edirdi”.

Bununla yanaşı, Rəhməti qeyd edib ki, bu qərar İran cəmiyyətində yeni gərginlik yarada bilər. Onun sözlərinə görə, əhalinin böyük bir hissəsi islam respublikasının idarəçilik modelinə qarşıdır və ali rəhbərliyin ailə daxilində ötürülməsi ciddi narazılıq doğura bilər: “Cəmiyyətin müəyyən hissəsi bu qərara sərt və mənfi reaksiya verəcək. Bu isə əks-təsir doğura bilər”.

“Nyu-York Tayms” yazır ki, ayətullah Əli Xamenei İranın bütün əsas dövlət qərarlarında son sözü deyən fiqur idi: “O, daxili islahatlara qarşı sərt mövqe tutur, ABŞ ilə nüvə danışıqlarında ciddi güzəştlərə getmirdi.

Bu ilin yanvarında ölkə üzrə geniş etiraz aksiyalarının sərt şəkildə yatırılması da onun əmri ilə həyata keçirilmişdi. Hüquq müdafiə təşkilatlarının məlumatına görə, təhlükəsizlik qüvvələri həmin aksiyaların dağıdılması zamanı azı 7 min nəfəri öldürüb.

İran hökumətinin məlumatına görə, müharibə başlayandan sonra ABŞ və İsrailin zərbələri nəticəsində Müctəba Xameneinin ailəsi də ciddi itkilər verib. Hücumlar zamanı onun həyat yoldaşı Zəhra Adil, anası Mənsurə Xocəstə Baqerzadə və oğullarından biri həlak olub.

Ali rəhbər postu uğrunda əsas namizədlərdən sayılan digər şəxslər isə din xadimi və hüquqşünas Əlirza Ərafi, həmçinin islam inqilabının banisi ayətullah Ruhullah Xomeyninin nəvəsi Seyid Həsən Xomeyni idi.

Ərafi ayətullah Xameneinin öldürülməsindən sonra yaradılmış üç nəfərlik müvəqqəti rəhbərlik şurasının üzvlərindən biri idi. Həm Ərafi, həm də Xomeyni daha mülayim mövqeli fiqurlar hesab olunurlar. Xomeyni xüsusilə İranın sıxışdırılan islahatçı siyasi düşərgəsinə yaxınlığı ilə tanınır.

Bəzi analitiklər isə hesab edirlər ki, Müctəba Xamenei atasından fərqli olaraq müəyyən islahatlara meylli ola bilər. Onların fikrincə, o, daha gənc və praqmatik ruhanilər nəslini təmsil edir və soy-kökünə görə sərt xətt tərəfdarlarının müqaviməti ilə daha az üzləşə bilər.

Müctəba Xameneiyə yaxın siyasətçi Əbdülrza Davəri deyir ki, o, Səudiyyə Ərəbistanının faktiki lideri Məhəmməd bin Salmanın həyata keçirdiyi modernləşmə kursuna bənzər dəyişikliklərə başlaya bilər.

Davərinin sözlərinə görə, ABŞ ilə münasibətlərin gərginliyinin azaldılması istiqamətində addım ata biləcək nadir fiqurlardan biri məhz Müctəba Xameneidir: “Bu istiqamətdə hərəkət edə biləcək biri varsa, o da odur. Başqa bir lider belə addım atsa, hakimiyyət elitası və mühafizəkar qüvvələr tərəfindən ciddi müqavimətlə üzləşə bilər”.

Vaşinqtonun Müctəba Xameneinin hakimiyyətə gəlməsinə necə yanaşacağı isə hələlik aydın deyil.

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib ki, müharibə başlayandan bəri ABŞ administrasiyasının İranın mümkün liderləri kimi gördüyü şəxslərin çoxu öldürülüb: “Az sonra elə olacaq ki, biz artıq heç kimi tanımayacağıq”.

Tramp İranla bağlı ən pis ssenarinin nə ola biləcəyi barədə suala belə cavab verib: “Ən pis variant odur ki, biz bütün bunları edək və sonda əvvəlkindən heç də fərqli olmayan biri hakimiyyətə gəlsin. Bu baş verə bilər. Amma biz bunun olmasını istəmirik”.

Medianews.az

Bizə qoşulun