Medianews.az
Ları canilərin hökmranlığı –
56 baxış

Ları canilərin hökmranlığı – legitim prezidenti saymırlar

Ana dilimizi yaxşı bilənlər başlıqdakı “ları” sözünü görcək, anlayacaqlar, amma bu söz dilimizi yaxşı bilməyənlərə çöçün gələ bilər deyə, yüngülvarı bir izah verim.

“Ları” sözü əsasən “xoruz”la bərabər, “ları xoruz” şəklində işlədilir, ədəbi mətnlərdə, xüsusən cənub dialektlərində və Güney Azərbaycan folklorunda var. Dalaşqan, təkəbbürlü, banlayan xoruzlara “ları xoruz” deyirlər. Güneyli yazıçımız Mirzə İbrahimovun əsərlərində də bu ifadə yer alıb.

“Ları canilər” ifadəsi isə adamın yadına İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan Larican kəndini sala bilər. Bu, Arazın o tayında balaca bir kənddir, Xudafərin körpüsündən keçsən, 5 dəqiqəlik yoldur.

Bir də Əli Laricani var. Əsl adı Əli Ərdəşir Amuli Laricani olan bu şəxs 1958-ci ildə İraqda, Nəcəfdə doğulub. Şah onun atasını ora sürgün edibmiş, Ərdəşir də orada dünyaya gəlib. Ola bilər, onun dədə-babasının əsli Laricandandır. Çünki İranda qaydadır, böyük adamlar doğulduqları yerin adını özlərinə soyad götürürlər. Məsələn, rəhmətlik Xamneyi Xamnə kəndindəndir, mərhum prezident Əli Əkbər Haşimi-Rəfsəncani isə Kirnan vilayətinin Rəfsəncan Behraman kəndindən idi.

Laricani İran siyasətçisdir, keçmişdə parlamentin spikeri olub, cavan vaxtlarında SEPAH-a komandanlıq edib, 28 fevraldan bu səhərə qədər İran dövlətini o idarə edirdi. Çünki o, fərmandehin sağ əli idi və ondan böyük səlahiyyətlər almışdı. Gecə yarısı isə yeni fərmandeh gəlib.

“Ları canilər” dedikdə isə İrandakı paralel hakimiyyət - destruktiv, aqressiv, amansız qüvvələr nəzərdə tutulur. Bu saat İranda əsas söz sahibi həmin o ları xoruz kimi dalaşqan, təkəbbürlü, yeri gəldi-gəlmədi banlayan (təhdid dolu bəyanatlar verən) adamlardır.

Təsəvvür edin, bu adamlar müharibə aparırlar, amma ölkənin prezidentinə xəbər vermirlər. Normalda bir müəssisədə nəsə bir toplantı olanda gözətçini və xadiməni də çağırırlar ki, söhbətdən halı olsunlar, amma İranda ali dini lider üləmaları, komandanları yığıb iclas edir, xalqın səsi ilə seçilmiş prezidenti iclasa çağırmır.

Düzdür, bunun prezident Pezeşkiana ziyanı olmadı, bunker bombalananda o, orada olmadığı üçün salamat qaldı, amma yenə də saymazlıq adama ağır gəlir. SEPAH o boyda prezidenti saymır. O gün ları canilərdən biri demişdi ki, Pezeşkianın dediyinə məhəl qoymayın. Dünən də kişinin iki gün əvvəl verdiyi “qonşulardan üzr istəmək” açıqlamasını geri oxutdurublar.

Bu yerdə adamın yadına Pezeşkianın ötən il xalqla görüşündə ana dilimizdə şeir oxuduğu zaman başına gələn hadisə düşür. Deməli, 90+ milyon vətəndaşın seçdiyi adam tribunada çıxış edir, şeir oxuyur, dövlətdə 30-cu dərəcəli vəzifə tutan biri səhnəyə çıxır və prezidentə deyir ki, sən ana dilində şeir oxuya bilməzsən. Hesab edin ki, bir leytenant gəlib generalın qulağına deyir ki, furajkanı başına düz qoy, toqqanı da bərkit.

Ta bu nə prezidentlik oldu? O vəzifəni tutan adamın müstəqil şəkildə şeir oxumaq səlahiyyəti yoxdursa, o post üçün vurhavurla seçki keçirmək nəyə lazımdır?

Təkcə bu fakt göstərir ki, İranda çox şeylər qaydasında deyil. Dövləti xalqdan səs almış adamlar idarə etməlidir, öz yanından özünü ömürlük rəhbər elan edənlər, öz postlarını övladlarına ötürənlər yox. Legitimlik şərtdir. Hakimiyyətin mənbəyi xalqdır. Ədalət dövlətin təməlidir və s.

Söhbəti başqa bir xamnəli məşhur – böyük mütəfəkkirimiz Mirzə Fətəlinin “Aldanmış kəvakib” povestinin sonuncu cümlələri ilə bitirmək istəyirəm. Yazıçımız hələ 169 il əvvəl yazmışdı: “Vallah, qəribə əhməqdirlər bu ingilis tayfası ki, belə xətərli millət ilə az qalmışdı cəng başlayalar”.

Budur, ingilislər o cəngi başlayıblar, görək, axırı necə olur.

**

Dünya köhnə dünyadır, fərmandehləri təzədir.

Samir SARI 

Bizə qoşulun