Azər Həsrət, azer@azerhasret.com
Bu gün bir tədbirə dəvət edilmişdim. Media ilə bağlıydı. “Çağrıldığın yerə ar eləmə” deyib getdim. Zamanımı boşa xərclədim deyəsən…
Ümumiyyətlə isə bu qənaətə gəldim ki, bizdə ciddi protokol problemi var. Təkcə bu gün getdiyim tədbirlə bağlı qənaətim deyil bu. Bir çox yerlərdə belə hala rast gəlmişəm. Çox zaman da fikir verməmişəm.
Amma bugünkü deyəsən lap yaddaqalan olacaq. Çünki tədbirə vaxtından 15 dəqiqə tez gəlib zamanında qeydiyyatdan keçdim. Yolu göstərib zala qədər müşayiət etdilər. Hər şey qaydasındaydı. Ancaq bundan sonrası artıq uyğun olmadı. Yəni zalda yer göstərilmədi. Buna fikir vermədim. Düşündüm ki, yer göstərmirlərsə sərbəst otura bilərik.
“İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhmizadə və “Olaylar” media qrupunun rəhbəri, tarixi romanlar müəllifi Yunus Oğuzla birlikdə bir qıraqda oturduq. Az keçməmiş bir gənc xanım gəlib xahiş etdi ki, “orada qonaqlar oturacaq, olarmı yerinizi dəyişəsiniz?” Qayıtdım ki, “qonaqlar elə bizik. Amma yerimizi dəyişə bilərik. Lütfən yer göstərin, orda əyləşək”. Xanım əfəndi bir az da utanan kimi oldu və çəkilib getdi. Bizsə ayağa qalxdıq. Gözlədik ki, ev sahibi gəlib yer göstərər. Ev sahibi gəldi, salam verdi, kefimizi soruşdu və çəkilib getdi. Yunus bəylə qaldıq ayaqda. Rəhimzadə isə lap arxada özünə yer eləyib oturdu.
Tədbir başladı, anlaşıldı ki, hardasa 6-7 nəfər bizim statusumuzda olan qonaq var, onun da 3-ü bizik. Amma buna baxmayaraq nə bir yer göstərən oldu, nə də ilgilənən. Hal belə olunca Yunus bəylə sakitcə oradan ayrıldıq. Çıxışda hədiyyə etdikləri kitab və qəzeti də qeydiyyat masasına buraxdım…
İndi demək istədiyim budur ki, bizim dostlarımız bizi qonaq dəvət etməzdən öncə elementar protokol qaydalarını öyrənsinlər gərək.
Belə hal bir dəfə də başıma gəlmişdi. Çox yaxın dostlarımızdan birinin çox da önəmli bir tədbirinə dəvət edilmişdim və faktiki rəzil olmuşdum. Çünki uyğun ilgi göstərilməmişdi. Sonradan dostumuza bu iradımı dostyana bildirəndə demişdi ki, “axı sən özgəsi deyilsən”. Mənsə cavab vermişdim ki, “özgəsi deyiləm, ancaq mənim də özümə görə avtoritetim var. Məni dəvət etdiyin yerdə, düzdür, qonaqların çoxu tanıyır və nə qədər sadə birisi olduğumdan xəbərləri var. Amma elələri də var ki, ilk dəfə görürlər və təbii ki, şəxsimə qarşı ilgisizlik onlarda haqqımda xoş olmayan təəssürat yarada bilər”.
Bütün bunları niyə yazıram? Bəlkə də kimsə oxuyub düşünəcək ki, özünü dartan, özündən müştəbeh olduğum üçün yazıram. Əsla elə deyil. Hər zaman sadə, layiq olduğumdan da azına qane olan birisiyəm. Ancaq bu da dostlarımızın bizimlə bağlı diqqətsizliyinə səbəb olmamalıdır axı. Bundan başqa, biz belə şeylərin üstündən keçirik adətən. Ancaq başqalarına qarşı da bu cür yanaşma təbii ki, dəvət edən tərəf olaraq sizin üçün də yaxşı sonuclar verməz. Çünki mən bu cür münasibət gördüyüm yerə ikinci dəfə dəvət ediləndə min cür bəhanəylə ora getməkdən yayınıram. Ancaq o yerdə ki, ən adi diqqət görür, ən adi protokol qaydalarının şahidi oluram hər zaman həvəslə gedirəm. Və getdiyim tədbirlərdə də hər zaman sonadək iştirak edirəm. Yuxarıda da deyildiyi kimi, “çağrıldığın yerə ar eləmə, çağrılmadığın yeri dar eləmə”.
Burda bir məqamı da qeyd edim ki, yazdıqlarım sadəcə dostyana iraddır. Çünki dəvət aldığım tədbirin səbəbkarı dəyər verdiyim, işini görüb bəyəndiyim şəxslərdən biridir. Həqiqətən onların işi başqaları üçün örnək olacaq səviyyədədir. Və mən dəfələrlə, bir çox tədbirlərdə onlar haqqında danışmışam, örnək kimi göstərmişəm və bundan sonra da göstərməyə davam edəcəm. Çünki haqlının haqqını verməsəm günah olar. Amma bağışlasınlar, protokol məsələsində çox ciddi problemləri varmış…
Hə, bu arada onu da qeyd edim ki, bir çox titullarla yanaşı mən həm də Mətbuat Şurası İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri vəzifəsinin daşıyıcısıyam. Və bir qayda olaraq təşkil etdiyim hər hansı tədbirə dəvət etdiyim qonaqları şəxsən qarşılayıb oturacağı yerə qədər müşayiət edir, bir-iki kəlmə xoş söhbət edib üzr istəyərək digər qonaqları qarşılamaq üçün ayrılıram. Qonaqlarım çox olanda isə bu iş üçün əlavə şəxsləri də görəvləndirirəm ki, gələnlər ilgisizliklə üzləşməsinlər. Elementar qaydadır yəni bu..