Medianews.az
Müharibə həqiqətləri olmur
214 baxış

Müharibə həqiqətləri olmur

Rey Kərimoğlu

reykerim@gmail.com

Müharibə həqiqətləri olmur

Qarabağ müharibəsində ağır döyüşlər gedən bir çox yer adları - toponimlər hələ də Azərbaycan insanının qulağından getməyib. Fərrux, Sırxavənd, Çıldıran, Qlobus, Sur, Kərkicahan, Xocalı, Qızıl Qaya, Sarı Qaznaq... Ağdamla Əsgəran arasında yerləşən Qara Qaya da onlardan biridir. Bu o Qara Qayadır ki, xocalılar qətliamdan baş götürüb ora  qaçmışdılar. Qara Qayadan sonra Ağdam idi...

 

Xocalılar o gün yeganə pənah yeri kimi baxırdılar Qara Qayaya - Ağdama. 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıya hücuma keçəndə Qara Qaya ermənilərin əlindəydi. Əslində Qara Qaya uğurunda dəfələrlə ağır, qanlı döyüşlər olub. Bu qanlı qaya bəzən bizim, bəzən isə ermənilərin əlinə keçirdi. Həmin gecə isə Qara Qaya ermənilərin əlindəydi.

 

Biz Qara Qayaya necə gəldik?

 

...Fevralın 26-da səhər saat 5-6 radələrində Şirin Mirzəyevin əmri ilə bizi batalyondan Ağdamın Şelli kəndi istiqamətinə gətirdilər. Şirin Mirzəyev də ordaydı. Dəhşətli bir səhnəylə üz-üzə gəldik. Qocalar, qadınlar, uşaqlar... qarın, palçığın içində, həyəcanlı, çaşqın, gözləri yaşlı, üst-başı qan içində. Ətrafda çoxlu təcili yardım maşınları. Yaralılar, dərddən başını itirənlər. Ağdamın yerli batalyonunun əsgərləri, ağır xəstə olan Fred Asif (Asif Məhərrəmov) də buradaydı... Ağdamlılar xocalıları xilas etmək üçün Qara Qaya istiqamətində özlərini ölümə atırdılar...

 

Qara Qayaya yaxın yerdə yaralıları xilas etmək üçün bir neçə maşından ibarət ilkin tibbi yardım məntəqəsi yaradılmışdı. Qəribədi, həmin gün hər şey elə tez öz həllini tapırdı ki. Ağdamda olan yerli özünümüdafiə dəstələrinin rəhbərləri də, onların digər mövqelərdə keşik çəkməyən əsgərləri də burada idi. Əvvəlcə arabir, sonra isə şiddətli döyüş başladı. Məlum oldu ki, Xocalıdan qaçıb canını qurtarmaq istəyən insanların qarşısını meşədə ermənilər kəsiblər...

 

Heç bir komanda verilmədən hamı döyüşə atılmışdı. Çoxlu qar yağmışdı və bu, vəziyyəti daha da ağırlaşdırırdı. Yamaclardan, dərə və təpələrdən qalxıb-enmək çətin idi, belə şəraitdə yaralı çıxardıb gətirmək isə lap cəhənnəm əzabı idi.

 

Xeyli adam döyüşürdü...Silahlı, silahsız ağdamlılar Qara Qayanı alıb Əsgəran və Naxçıvanik istiqamətinə irəliləyirdilər. Ermənilərin bir neçə mövqeyini almışdıq. Qarşımıza ayaqyalın, başaçıq, qorxudan, dəhşətdən, soyuqdan donmuş, əsim-əsim əsən yaralı qadınlar, uşaqlar çıxırdı. Mən döyüşçü dostum Nail Nəsirovla meşədə qalmış yaralı qadınları və uşaqları xilas etməyi qərara aldıq. Yeriyə bilməyən, ən ağır vəziyyətdə olanları çiynimizə, qucağımıza alıb qarlı yamacla, dərə-təpəylə min bir çətinliklə tibb məntəqəsinə çatdırırdıq. Bu minvalla artıq 4-5 nəfəri xilas etmişdik. Ermənilər bizi vura bilmirdi, çünki digər əsgərlərimiz onları Əsgəran və sağ-sol istiqamətə sıxışdırırdılar. Ermənilərin bir neçə postu alınmışdı deyə, onlar xeyli itki verərək geri qaçırdılar.

 

Onlar Qara Qayaya necə gəldilər?

 

Bu il Xocalı soyqırımının ildönümü ərəfəsində Azad Azərbaycan Televiziyasında (ATV) o müdhiş hadisəylə bağlı veriliş hazırlayırdılar. Xocalıların xilas edilməsi üçün Ağdam tərəfdən Qara Qayaya gedən əsgərlərdən biri kimi məni də dəvət etmişdilər. Mən bizim Xocalıların harayına necə çatmağımızı, Qara Qayanı və bir neçə erməni postunu geri alaraq sağ qalan, yaralı xocalıların necə xilas edilməsindən danışdım.

 

Xocalı sakini, həmin  soyqırımı öz gözləri ilə görən Mehriban Əliyeva və Bəhram Əhmədov da dəvət edilmişdi verilişə. Sağ olsun, jurnalist Günay Novruz “Gözümdə qan qaldı” (http://www.youtube.com/watch?v=cgnDqZVh_cg&feature=youtu.be) adlı verilişə görə.

 

M.Əliyeva insan ürəyini titrədən hadisələri üstündən 21 il keçməsinə baxmayaq, yenə də göz yaşları axıda-axıda, həyəcanla, ağrı ilə, içini döyə-döyə danışdı...

 

Sonra B.Əhmədov o gecə başlarına gələnləri danışdı. O da çox böyük ağrı ilə...Bəhram həmin gecə evdə təzə çörək bişirmələrindən, ermənilərin hücumlarının başlanmasından tutmuş, ta canlarını ermənilərlə rusların əlindən sağ-salamat qurtarıb gəlib Qara Qayaya necə çatmalarına qədər danışdı. Onların qrupunda haradasa 50-60 nəfər olub. Onun çoxu qadın, 4-5 nəfəri isə kişi-döyüşənlər olub.

 

“...Artıq Qara Qayanın düz aşağısındaydıq. Dedim, ay camaat, görürsünüz, o Qara Qayadır, onu keçsək, artıq Şelli kəndidir! Qorxmayın, az qalmışıq. Gördük ki, Qara Qayanın üstündə əsgər formasında 2-3 nəfər var. Onlar da sarı rəngli əsgər forması geyinib. Seçilmirdi. Biz də sarı geyimliydik, onlar da, heç bilmirsən nə millətidir. Onlar camaatı aldatdı. Dedilər ki, gəlin, gəlin... 50-60 nəfər qadın var idi yanımızda. Çoxu qaçdı bunlara tərəf. Nəysə ürəyimə damdı ki, onlar azərbaycanlıya oxşamır, ermənidilər. Dedim, getməyin, ağlım bir şey kəsmir, deyəsən onlar ermənidir. Dedilər ki, yox, bizimkilərdir, bizimkilərdir. Bunlar qaçdılar onların üstünə. Mən getmədim, qaldım yerimdə. Bir 20-30 nəfər mənə güvənən qadın qalmışdı yanımda. Çünki onları mən gətirirdim. Bunlar mənim sözlərimə qulaq asdılar getmədilər... Gedənlər ermənilərə çatanda onlar çoxaldılar... Hamısı yerlərindən qalxdı, bunları avtomatla biçdilər. Ölən orda öldü, ölməyən də bizə tərəf qaçıb gəldi. Mən hadisəni görəndə qadınlara dedim çəkilin. Köhnə bir səngər var idi, üstünü kol örtmüşdü. Hamısını yığdım ora. Haradasa, 30 santimetrə qədər qar var idi. Hamı uzandı qarın üstünə... Gəldilər o qabaqdakıları tutdular. Dedilər üstünüzdə nə var? “Zayom”, qızıl, pul, qumbara, silah hamısını tullayın yerə!..”

 

Ermənilər camaatdan müxtəlif adamları soruşublar. Bəhram bütün bunları girdikləri səngərdə altında gizləndikləri qarğıların arasında görürmüş, eşidirmiş. Əsir düşənlər arasında Bəhramın uşaqlıq dostu Taleh də varmış. Silahsız olduqlarından səslərini çıxarmayıblar.

 

“...Bir də gördüm ki, Talehi çağırdılar ki, bura gəl. Onun da qucağında on aylıq, ya da bir yaşında Samir adlı uşaq var idi. Mən qarğıların arasından baxırdım. Amma nəsə edə bilməzdim... Silahım yox idi, əlimdə bir TİR tüfəngi var idi. Bunu çəkdilər qırağa. Bir dənə güllə vurdular. Vuranda o, dala  getdi, yıxıldı. Deyəsən, güllə uşağa dəydi, uşaqdan keçib atasına dəydi. Sonra Talehin yoldaşı qaçdı erməninin üstünə üzünü cırmağa, paltarını cırmağa başladı. Bunu da vurdular... Üç güllə vurmuşdular... Bu vaxt bir erməni yüyürə-yüyürə gəldi. Erməni dilində dedi ki, Yura, bəs nağayraq bütün Ağdam gəlir! Dedi tez olun, əsirləri çıxardın. Bunlar əsrilərə dedilər ki, tez olun, qalxın. Onlar gəlib düz bizim bir metrliyimizdən keçdilər. Orda bir erməni  dedi ki, bu qoca kaftar getmir, neyləyək? Dedi getmir, başından at! Onda həmin qocanı - bilmirəm, qadın idi, yoxsa kişi, çünki onu görə bilmirdim - vurdular.

 

Ermənilər ayağı yer tutan əsirləri də özləri götürüb qaçıblar. Bu vaxt öldürülən Talehin yoldaşı yaralı olsa da Bəhramgilin gizləndiyi yerə tərəf gəlib...

 

“Bir az keçmiş gördüm kimsə inildəyə-inildəyə gəlir. Gəldi, gəldi - bizim gizləndiyimiz yer aşağıdaydı - hündürdən şapp eləyib düz düşdü bizim üstümüzə. Hətta bir qadın dedi ki, bir az yavaş ol də...Talehin yoldaşı idi. Üç güllə dəymişdi, amma hələ ölməmişdi...Onda gördüm ki, yuxarıdan, Şelli tərəfdən atışma səsi gəlir. Qulağıma Azərbaycanlı səsi gəldi. Camaata dedim, qorxmayın, deyəsən, gəliblər bizi qurtarmağa. Amma risk edib çıxa bilmirdim. Bir uşaq ölmüş nənəsinin yanında, nənə, nənə, deyərək ağlayırdı...Mən dəqiq görmək üçün bir qədər qabağa süründüm. Biz tərəfdən gülləni nətəhər atırdılarsa, çıxmaq mümkün deyildi. Axı bilmirlər ki, biz varıq burada. Güllədən başımı qaldıra bilmədim. Bir qadının ağ güllü baş yaylığı var idi, qarğının qırıb yaylığı ucuna bağlayıb havada yelləməyə başladım. Bir 3-4 dəqiqədən sonra həmin istiqamətdə güllə səsi kəsildi. Gördüm yuxarıdan hündür və saqqalı bir oğlan gəldi. Ağlayan uşağa yaxınlaşıb onu qucağına alaraq dedi ki, ağlama, ay bala, ağlama! Sonra fit çalaraq yuxarıdan o biri uşaqları işarə verdi ki, gəlin...Qatır Məmmədin dəstəsi idi, Allahverdi Bağırovun dəstəsi idi, Şelli camaatı idi...Sağ olsunlar, camaatın çoxuna kömək edən elə onlar oldu...”

 

Əslində, müharibə həqiqətləri olmur... Sonunda insan fəlakəti, faciəsi dayanan istənilən mübarizənin, hərəkətin hansı həqiqətindən danışmaq olar? Olanlar isə müharibə dəhşətləri, ağırları, acılarıdır. O acılar ki, ömrü boyu bizimlə yaşayır, hər an bizi təqib edir.

 kulis.az

Bizə qoşulun