Medianews.az
28 aprelin 28 may qətliamı -
89 baxış

28 aprelin 28 may qətliamı - Yaxud 71 illik əsarətin 35 il əvvəlki iflası

...Əgər tarixin təkəri saat əqrəbinin əksi istiqamətində hərəkətini davam etdirsəydi, bu gün biz “Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 106-cı ildönümü”nü qeyd etməyə məcbur idik. Təqvimlərimizdə isə noyabrın 7-si “Böyük Oktyabr Sosialist İnqilabının 109-cu ildönümü” sözləri qırmızı hərflərlə yazılmış olardı.

Proletar diktaturasının SSRİ adlanan quruluşu tarixi dialektikanın qanunlarına tamamilə zidd olaraq 71 il davam etdi. 15 respublika, o cümlədən “sovet Azərbaycanı” “qırmızı imperiya”nın “xalqlar həbsxanasında” yaşamalı oldu.

28 aprel Azərbaycan tarixində yeni əsarətin başlanğıcıdır. 7 onillik ərzində bu təcavüzdən Azərbaycan türklərinin təkcə dövlətçilik tarixinə qarşı deyil, milli kimliyinin və dəyərlərinin üzərinə çirkablar atıldı, beyinlərə saxta və çürük ideologiya sırımaq istədilər.

Tarix kitablarında bizə yurdumuzun az qala daş dövrünü öyrətsələr də, 1920-ci ilin aprel işğalına qədərki maarifçilik, milli azadlıq hərəkatı və müstəqil dövlətçilik dövrünü yaddaşımızdan silməyə çalışdılar. Amma təməli saxta ideologiyadan ibarət rus-bolşevik rejimi o illərin həqiqətlərini, aprelin maydan sonra anormal gəlişini şərtləndirən amilləri nəsillərin hafizəsindən təmizləməyi bacarmadı.

Şərqdə ilk demokratik quruluşun – Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna səbəb olmuş hadisələrin inkişaf yoluna qısa nəzər yetirək. 1918-ci il sentyabrın 15-də Azərbaycana köməyə gəlmiş Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakını bolşevik, eser-daşnak qoşunlarından azad etsə də, bu antimilli qüvvələr tamamilə məhv edilməmişdi. Separatçılar şimaldan aldıqları yardımların sayəsində tədricən gücləndilər, 1919-cu ilin ikinci yarısından isə xüsusilə fəallaşdılar. Silahlı çevriliş yolu ilə Azərbaycanda hakimiyyəti ələ keçirməyə hazırlıq görülürdü. Bu çərçivədə 1919-cu ilin yayında Rusiya Kommunist (bolşevik) Partiyasının Bakı komitəsi xüsusi hərbi-texniki komissiya yaratmışdı.

Rusiya Silahlı Qüvvələri baş komandanı S. Kamenevin 22 mart 1920-ci il tarixli direktivində deyilirdi ki, Qafqaz cəbhəsində Denikin ordusunun məğlub edilməsindən sonra Rusiya qoşunları Bakı istiqamətində hücumu davam etdirməli və keçmiş Bakı quberniyasının ərazisini bütünlüklə işğal etməlidir. Martın 28-də onun V.Leninə məruzəsində bildirilirdi: “Terek vilayətinin və Qroznının tutulması haqqında Rusiya hökumətinin direktivindən irəli gələn vəzifələr artıq yerinə yetirilib. Qarşıda Bakı istiqamətində hücumun davam etdirilməsi ilə bağlı hökumətin yeni direktivindən irəli gələn vəzifələrin həlli dayanıb”.

***

XI qırmızı ordunun 20-ci diviziyası hücumqabağı mövqeni Dərbənddə tutmuşdu. Bu diviziya hücuma aprelin 27-si gecə keçməli və elə səhəri gün Yalama stansiyasına çıxmalı idi. 1920-ci il aprel ayının 28-si, saat 00:05 dəqiqədə 70 minlik XI qırmızı ordu, öndə 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla, Samur çayının üzərindəki körpünü keçir. İşğalçı ordu ilə Anastas Mikoyan, Qəzənfər Musabəyov bolşevik süngüləri üzərində Azərbaycanda şura hökuməti qurmağa gəlirdilər. Ruslar qəflətən hücum etmək istəyirdilər. Onların desantı stansiya ilə sərhəd məntəqələrini birləşdirən telefon xətlərini kəsir. Amma Azərbaycan Ordusunun Quba alayının zabiti Ağaəli Babazadənin rəhbərliyi altında bir neçə yüngül top və pulemyotla silahlanmış iki rota, 300 nəfərdən ibarət süvari eskadronu və kiçik jandarm dəstəsi Yalama stansiyası yaxınlığında düşməni gözləyirdi. Qarnizonu gözlənilən hücumdan süvari patrullar xəbərdar etmişdilər. Fəqət qüvvələr qeyri-bərabər idi. Həmdulla Əfəndinin könüllülər dəstəsindən savayı, köməyə yetişən olmadı. Yalama qarnizonu bolşeviklərin hücumuna iki saat davam gətirə bildi. 350 döyüşçü son nəfəsinədək vuruşdu, sağ qalanlar partizan dəstələrinə qoşulmaq üçün geri çəkildi. Bununla da rus bolşeviklərinin Bakıya yolu açıldı…

***

1920-ci il aprel ayının 28-də Sovet Rusiyası qoşunlarının hərbi müdaxiləsi nəticəsində Azərbaycanın dövlətçilik və müstəqillik tarixinin ən şərəfli mərhələsi sayılan Xalq Cümhuriyyəti süqut etdi. Cəmi 23 ay azadlığı dadan Azərbaycanda həyatın bütün sahələrində köklü dəyişikliklərin əsası qoyulmuşdu. Nə yazıq ki, Vətənimiz aldadıcı şüarlar altında bölgəyə soxulmuş Rusiyanın hegemonluğu altına düşdü və xalqın həyatında yeni əsarət dövrü başladı. Bolşevik-daşnak “çete”si Azərbaycanda milli hökuməti devirəndən sonra irticaya və “manqurtlaşdırmaya” start verildi. Milli fədailərin əksəriyyəti qırmızı işğalla barışmayıb yurdu tərk etdi, bir çoxu isə dərdə tablaşmayıb çərləyib öldü. Beləcə, cəmi 23 ay müstəqil olmuş Azərbaycanın yetmiş bir illik qara günləri başladı.

…Azərbaycan Cümhuriyyəti Azərbaycan türklərinin tarixdə özünüdərk, özünüifadə etdiyi nadir hadisələrdən biridir. İndi o şanlı tariximiz ay-ay, gün-gün öyrənilir, araşdırılır və tədris olunur. O dövrdə bolşevik Rusiyasının törətdiyi tarixi cinayəti isə bu gün ən yüksək tribunalardan, həm də çəkinmədən dilə gətirilir.

Azərbaycan Prezidenti İlham Əliyev keçən ilin avqustunda Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Rusiyanın Azərbaycanla bağlı işğalçılıq siyasətinin tarixi köklərinə toxunaraq bildirib: “1917-ci ildə Rusiya imperiyası süqut etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar. 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi”.

Cümhuriyyətin süqutundan 70 il sonra məmləkətimzin səmasında azadlıq Günəşi yenidən doğdu. Onun gec-tez doğacağına, bir kərə yüksələn bayrağın heç vaxt enməyəcəyinə son nəfəsinə qədər inanan M.Ə.Rəsulzadə yüz üç il bundan əvvəl – 1923-cü ildə XX əsrin son imperiyasının diktatoru İosif Vissarionoviç Stalinə məktubunda yazırdı: “Moskvada olduğum iki il ərzində mən Şərq millətlərinin və xüsusilə türk ellərinin nicatının yalnız özlərində, özünü bir millət kimi tanımalarından ibarət olduğuna qəti surətdə inandım. Bunun üçün sisteminizdə millətin özünə bəslədiyi bu inamın kökündən yox edildiyini və milli anlamının milli inqilab anlamına təbdil edildiyinə soyuqqanlı baxa bilmirdim”.

Məktubda daha sonra deyilir: “Şərq millətləri kommunist həyatı ilə deyil, öz milli həyatları ilə yaşamaq istəyirlər. Bu məqsədlə də onlar özlərini əsir edən qüvvələrə qarşı mübarizə aparırlar və bu mübarizələrində onlara yardım edə biləcək müttəfiqlər axtarırlar. Bir zaman onlar Vilsonun prinsiplərinə inandılar; sizin şüarlarınız isə onlara daha cəlbedici göründü. Fəqət, heyhat, Vilson prinsipləri Versal, Trianon və Sevr müqavilələrinə müncər oldusa, sizin şüarlarınız da Ukrayna, Türküstan və Qafqazın yenidən istilası ilə nəticələndi. Buna görə də vətənim Azərbaycanın sizin işğal və əsarətinizə qarşı mübarizəyə qəhrəman Türkiyənin Antantaya qarşı yürütdüyü mücadilə qədər bir haqqı vardır”.

Məktub İstanbulda çıxan “Yeni Qafqazya” dərgisinin 23.01.1923-cü il tarixli 5-ci sayında dərc olunub. Sonradan bu məktub M.Ə.Rəsulzadənin “Stalinlə ixtilal xatirələri” adlı məşhur kitabında da yer alıb.

...Əslində biz 106 il bundan əvvəl tarixin təbii axarının tərsinə çevrildiyinin rəmzi sayılan bu təqvim gününü Şərqdə demokratik quruluşlu ilk dövləti – Azərbaycan Xalq Cümhuriyyətini yoxdan yaradan, sonra onun milli ideya kimi yaddaşlardan silinməməsi, yaşaması üçün Nargində güllələnən, Sibirdə donan, türmələrdə çürüyən, qəzetlərdə, ədəbiyyatda alçaldılan, qürbətdə çərləyən fədailərimizin Anım Günü kimi qeyd etməliyik. Bu, XX əsrin sonlarında S.M.Kirov adına “Qırmızı Əmək Bayrağı” ordenli Azərbaycan Dövlət Universitetinə qəbul olub, M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetini bitirən müəllifin heç də sadəlövh arzusu, romantik duyğusu deyil, tarixin məhvərini dialektik qanunauyğunluğa qarşı çevirmək istəyənlərə bəşəri və ümumxalq etirazın ifadəsi olardı.

İmran Bədirxanlı
“Xalq qəzeti”

Bizə qoşulun