Medianews.az
Rusiyanın süqutunu qaçılmaz edən beş şərt
150 baxış

Rusiyanın süqutunu qaçılmaz edən beş şərt

Rusiyanın süqutunu qaçılmaz edən çoxsaylı səbəblər olsa da, qənaətimcə, əsas beş amil var. 

Rus xalqının tarixdə qurduğu digər iki imperiya – çar Rusiyası və Sovet İttifaqı kimi Rusiya Federasiyası da militarist dövlətdir.

Militarist dövlətlərin taleyini müəyyən edən ən əsas amil ordunun vəziyyəti və cəmiyyətdə orduya münasibətdir.

Birinci Dünya müharibəsində rus ordusunun fəlakətli itkiləri imperiyanın dağılmasını şərtləndirən əsas amil idi.

Əfqanıstanda uzun və yorucu müharibənin nəticəsiz bitməsi dərin iqtisadi böhran keçirən Sovet İttifaqının çöküşünü tətiklədi.

Hazırda Ukraynaya qarşı 4 ildən çoxdur davam edən cinayətkar müharibədə Rusiya ordusu çox ağır itkilər verərək sağalmaz yara alıb.

“Mediazona” internet resursunun aprelin 24-nə olan məlumatına görə, BBC teleradio şirkəti könüllülər qrupu ilə birlikdə Rusiya-Ukrayna müharibəsində həlak olanlardan 213 min 858 nəfərin kimliyini adbaad müəyyən edə bilib. Açıq mənbələr üzərindən tərtib edilmiş siyahıda təbii ki, Rusiyanın Ukraynada itirdiyi əsgərlərin hamısının adı yoxdur. Rusiya itkilərini gizli saxlayır və əsgər ölümləri barədə ictimaiyyətə məlumat verilmir. Buna görə də “Mediazona” qeyd edir ki, kimlikləri aşkara çıxarılanlar həlak olmuş hərbiçilərin təxminən yarısını təşkil edir.

“Mediazona”nın bu məlumatı Ukraynaya qarşı cinayətkar müharibədə həlak olan Rusiya hərbiçilərinin sayının 415 mindən artıq olması haqqında Qərb kəşfiyyatının hesabatlarının gerçəklikləri əks etdirdiyini göstərir. Fəlakətli dərəcədə böyük itki Rusiya ordusunun döyüş qabiliyyətini itirməsinə səbəb olub.

Rusiya Müdafiə Nazirliyi və digər rəsmi qurumlar itkilər barəsində məlumat verməsə də, internet əsrində hər şeyi sona kimi gizlətmək mümkün deyil. Rusiya cəmiyyəti də fəlakətli itkilərin miqyası barədə məlumatlandıqca cəmiyyətdə ordu ilə bağlı ruh düşkünlüyü dərinləşir. Bütün bunlara görə də rusiyalı ekspertlərin özləri belə Rusiyanın indiki vəziyyətini çar Rusiyasının 1916-cı ilin qışındakı vəziyyətə bənzədiyini bildirirlər. Ordu müharibədə qalib gəlmək qüdrətində deyil və bu, cəmiyyətə bəllidir.

Rusiyanın süqutunu qaçılmaz edən ikinci amil prezident Vladimir Putinə inamın itməsidir. İmperator II Nikolaya inamın itməsi çarı elitanın dəstəyindən məhrum elədi və bu, monarxiyanın devrilməsi ilə nəticələndi. Sovet İttifaqının ilk və sonuncu prezidenti Mixail Qarbaçova etimadın itməsi “QKÇP qiyamı”nı (Dövlət Fövqəladə Vəziyyət Komitəsi) doğurdu. Bu isə hakimiyyət böhranı yaratdı və SSRİ dağıldı.

Çar Rusiyasının və Sovet İttifaqının çöküşünün oxşar tərəfi ondan ibarətdir ki, hakimiyyət böhranı dövlətin çökməsini tətikləyir.

İndi də Rusiya elitasında Putinə inam itib və bu hal hakimiyyət böhranını qaçılmaz edir. Hakimiyyət böhranı yaranan kimi Rusiya çökməyə başlayacaq.

Onu da qeyd etmək yerinə düşər ki, Rusiyada mövcud olan avtoritar rejim mütləqiyyət rejimlərinin içərisində ən zəifidir. Monarxiya varlığını ilahi iradə, totalitar rejim isə cəlbedici ideologiya ilə əsaslandırdığı üçün cəmiyyətin nəzərində bir şəxsin ətrafında formalaşmış avtoritar hakimiyyətdən daha çox legitimliyə malikdir. Monarxiya və totalitar rejimlərdə böhranlı vəziyyətdə hakimiyyətin legitim yolla ötürülməsi mexanizmi olsa da, avtoritar rejimdə belə mexanizm mövcud deyil.

Alman politoloqu, “Avtoritar idarəetmənin iki məntiqi” (The Two Logics of Autocratic Rule) əsərinin müəllifi Yohannes Gerşevski (Johannes Gerschewski) “Davamlılığın üç sütunu: avtoritar rejimlərdə legitimlik, repressiya və kooptasiya" (The Three Pillars of Stability: Legitimation, Repression, and Co-optation in Autocratic Regimes) əsərində qeyd etdiyi kimi, rejimin mövcudluğu üçün legitimlik həyati önəmə malikdir. Repressiya şiddətlənsə də, kooptasiya, yəni resursların və imtiyazların bölüşdürülməsi yolu ilə elitaları sistemə inteqrasiya etmək qeyri-mümkündür.

Putinin müharibə cinayətkarı kimi mühakimə olunmasını bəyan etdikdən sonra psixiatrik xəstəxanaya salınan Z-bloqçu İlya Remeslo xəstəxanadan çıxdıqdan sonra yenə Putini hədəf alaraq onu ölkədəki bütün problemlərin tək səbəbi adlandırıb. Uzun illər rejimin təbliğatçılarından olmuş Remeslonun çıxışları təsdiq edir ki, Putinin avtoritar rejimi legitimliyini itirib və mövcudluğunu uzun müddət davam etdirə bilməz.

Rusiyanın çöküşünü qaçılmaz edən üçüncü şərt iqtisadiyyatın çöküşüdür. Qərbin tətbiq etdiyi sanksiyaların nəticəsində Rusiya qlobal iqtisadiyyatdan önəmli şəkildə təcrid olunub. Sovet İttifaqının dağılmasından sonra sürətlə qlobal iqtisadiyyata inteqrasiya olunan Rusiya indiki təcrid vəziyyətində uzun müddət yaşaya bilməz. Nəhayət ki, sanksiyalar öz bəhrəsini verməyə başlayıb və Rusiya iqtisadiyyatı çökür. Bu çox geniş mövzu olsa da, oxucuları yormadan iki statistik məlumatla Rusiya iqtisadiyyatında vəziyyətin nə yerdə olduğunu göstərməyə çalışacağam.

Rusiyanın ən varlı subyektlərindən olan Leninqrad vilayətinin büdcəsində Ukraynaya qarşı müharibə iştirakçılarına ödənişlər etmək üçün 8.5 milyard rubl çatışmır. Digər bir məlumat isə ondan ibarətdir ki, maliyyə naziri Anton Siluanovun xəbərdarlıq etdiyi kimi, əyalətlərin büdcə kəsirləri dəhşətli miqyas almağa başlayaraq 2 trilyon rubla çatıb. Aydın görünür ki, Rusiya büdcə kəsirləri dövlətin öz öhdəliklərini yerinə yetirməsinə imkan vermir.

Dövlətin öz üzərinə düşən vəzifələri yerinə yetirə bilməməsi isə Rusiyanın çöküşünü qaçılmaz edən dördüncü şərti doğurur. Bu, idarəçiliyin pozulması və mərkəzdənqaçmadır. Dövlət öz öhdəliklərini yerinə yetirə bilmədiyi zaman əyalətlər özlərini xilas etmək üçün müstəqil davranmağa başlayırlar. Sovet İttifaqının son bir ilində baş verən hadisələr bunun bariz nümunəsidir.

Rusiyanın çöküşünü qaçılmaz edən beşinci şərt əlverişsiz beynəlxalq münasibətlərdir. Rusiyanın beynəlxalq münasibətlərdən təcridi onun süqutunu qaçılmaz edən şərtlərin bəlkə də birincisidir. Rusiya son 300 ildə beynəlxalq münasibətləri müəyyən edən dövlətlərdən biri və bəzən də birincisi olub. İndi isə keçmiş əyalətlər belə Rusiya ilə adi məsləhətləşmə aparmağa ehtiyac görmədən qlobal layihələrə imza atır. Beynəlxalq münasibətlərdən təcrid olunmağın nəticəsidir ki, Rusiya Suriyadakı ənənəvi təsir dairəsini qoruya bilmədiyi kimi, Nikolas Maduro və Seyid Əli Xameneini də ABŞ-dan qorumaqda aciz qaldı.

Kanadanın ingilisdilli “National Post” qəzetinin redaktoru və “Atlantic Council”un baş elmi işçisi xanım Dayan Fransis son məqalələrinin birində qeyd edir ki, Rusiya artıq ölü zonadadır və imperiyanın süqutu qaçılmazdır.

Xaqani Cəfərli,
politoloq

Bizə qoşulun