Medianews.az
147 milyonluq narkotik kül oldu
145 baxış

147 milyonluq narkotik kül oldu – Azərbaycanda

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Bakı Neft Maşınqayırma Zavodunun ərazisində məhkəmələrin qərarları ilə müsadirə edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələr məhv edilib.

Medianews.az xəbər verir ki, rəsmi məlumatlara görə, məhv edilən narkotiklərin ümumi çəkisi 5 ton 155 kiloqram təşkil edib. Bununla yanaşı, 140 minə yaxın həb və 13 min 367 ədəd çətənə kolu da yandırılaraq dövriyyədən çıxarılıb.

Mərasimdə Baş Prokurorluq, Ali Məhkəmə, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, TƏBİB və Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri iştirak ediblər. Məhvetmə prosesi kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə açıq şəkildə həyata keçirilib.

Məhv edilən narkotik vasitələr üzrə ümumilikdə 1446 məhkəmə hökmü çıxarılıb. Həmin hökmlərlə müsadirə edilmiş maddələr arasında ən böyük pay marixuanaya məxsus olub.

Yandırılaraq məhv edilən narkotik vasitələrin siyahısında 526 kiloqram heroin, 4 ton 135 kiloqram marixuana, 109 kiloqram tiryək, 164 kiloqram həşiş, 1 kiloqram kokain, 220 kiloqram müxtəlif növ psixotrop maddə, 140 min 620 ədəd müxtəlif həb və psixotrop preparat, eləcə də 13 min 367 ədəd çətənə kolu yer alıb.

Bu rəqəmlər göstərir ki, son illərdə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə ciddi zərbə vurulub. Məhv edilən narkotik vasitələrin qara bazardakı ümumi dəyərinin 147 milyon manat olduğu bildirilir.

Ekspertlərin fikrincə, belə həcmdə narkotik vasitələrin dövriyyəyə buraxılması minlərlə insanın həyatına, xüsusilə gənclərin sağlamlığına və gələcəyinə ciddi təhlükə yarada bilərdi. Narkotik ticarətindən əldə olunan gəlirlər isə əksər hallarda transmilli cinayətkar şəbəkələrin maliyyələşdirilməsinə xidmət edir.

Son illərin statistikası göstərir ki, Azərbaycanda aşkar olunan narkotiklərin mühüm hissəsinin ölkəyə cənub sərhədlərindən keçirilməsinə cəhd olunur. Xüsusilə İran mənşəli narkotik qaçaqmalçılığı ilə bağlı Dövlət Sərhəd Xidməti və digər qurumlar tərəfindən mütəmadi əməliyyatlar keçirilir.

Mütəxəssislər bildirirlər ki, son dövrlər qaçaqmalçılar ənənəvi üsullarla yanaşı, pilotsuz uçuş aparatlarından da istifadə etməyə çalışırlar. Bu isə narkotik dövriyyəsinə qarşı mübarizədə yeni texnoloji yanaşmaların tətbiqini zəruri edir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu 2026-cı ilin yanvar-mart ayları ərzində həyata keçirilmiş mübarizə tədbirlərinin yekunları barədə məlumatı da açıqlayıb.

Hüquq-mühafizə orqanlarının kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində hesabat dövründə narkobiznes şəbəkələrinə və qanunsuz dövriyyəyə ağır zərbə vurulub. 2026-cı ilin ilk üç ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən ümumilikdə 2443 cinayət faktı aşkarlanıb.

Cinayətlərin 549-u narkotik vasitələrin qanunsuz satışı, 1889-u qanunsuz əldə edilməsi və saxlanılması, 4-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, 1-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Bu cinayətlərlə əlaqədar 1044 nəfər məsuliyyətə cəlb edilib ki, onların da 13 nəfəri xarici ölkə vətəndaşıdır. Xarici vətəndaşlardan ümumilikdə 112 kiloqramdan çox narkotik maddə götürülüb.

Aşkarlanan cinayətlərin 54-ü qrup halında, 500-ü isə əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib.

Qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 896 kiloqram 808,712 qram narkotik vasitə və psixotrop maddə, həmçinin 17 ədəd həb müsadirə edilib. Müsadirə olunan narkotiklərin 85,5 faizi marixuananın payına düşür.

Təhlillər göstərir ki, bu marixuananın 1 ton 949 kiloqram 312,6 qramı xarici mənşəli olub və tərkibi laboratoriya şəraitində psixotrop maddələrlə zənginləşdirilmiş xüsusi təhlükəli növlərə aiddir. Qalan 528 kiloqram 340,64 qramı isə ölkə daxilindəki istixanalarda, zirzəmilərdə, meşəlik ərazilərdə və çay yataqlarında qanunsuz kultivasiya edilmiş narkotik vasitələrdir.

2025-ci ilin analoji dövrü ilə müqayisədə ümumi cinayət faktlarının sayı 118, satış məqsədi olmadan saxlanılma faktlarının sayı 251 artıb, müsadirə olunan narkotiklərin çəkisi isə 691 kiloqram 798,93 qram çox olub.

Bununla belə, bəzi istiqamətlərdə müsbət dinamika da qeydə alınıb. Belə ki, qaçaqmalçılıq faktları 14, qrup halında törədilən cinayətlər 2, qanunsuz kultivasiya faktları 2, digər cinayətlər 1 fakt azalıb. Məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 24 nəfər, xarici ölkə vətəndaşlarının sayı isə 15 nəfər az olub.

Həmçinin ötən illə müqayisədə digər narkotik vasitələrin çəkisi 69 faiz, psixotrop maddələrin çəkisi isə 58,7 faiz azalıb.

Hesabat dövründə məhkəmə və istintaq qərarları əsasında külli miqdarda narkotik vasitə yandırılma üsulu ilə məhv edilib. Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2026-cı il yanvarın 30-da 25 məhkəmə və istintaq qərarı əsasında 858 kiloqram 620,899 qram narkotik vasitə və psixotrop maddə, 22 min 139 ədəd həb, 1056 ampul, eləcə də 4745 ədəd həb və 240 paket güclü təsir edən maddə yandırılaraq məhv edilib.

Regional səviyyədə isə 8 rayon və şəhərdə birgə komissiyaların təşkilatçılığı ilə 380 məhkəmə hökmü üzrə ümumi çəkisi 6 kiloqram 574,623 qram narkotik vasitə və 19 ədəd güclü təsir edən həb sıradan çıxarılıb.

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 21 min 944 nəfər istiqamətləndirilib. Onlardan narkotik vasitələrdən istifadənin müəyyənləşdirilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1527 nəfərin 736-sının istifadəçi olduğu müəyyən olunub və zəruri tədbirlər görülüb.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə Respublika Narkoloji Mərkəzində 276, QİÇS-lə Mübarizə Mərkəzində 297, Sumqayıt Narkoloji Mərkəzində isə 125 nəfər olmaqla, ümumilikdə 698 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına görə, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yeni yoluxma hallarının sayında azalma müşahidə olunur. 2026-cı ilin mart ayının sonunadək aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 15 nəfər və ya 4,2 faiz inyeksion narkotik istifadəçisi olub.

Rüb ərzində "802" qaynar xətt telefon xidmətinə vətəndaşlardan 183 müraciət daxil olub. Müraciətlərin 16-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 16-sı narkotik asılılığından müalicə, 151-i isə digər məsələlərlə – təkrar müraciətlər, qanunvericiliyin izahı, məcburi müalicə prosedurları və s. ilə bağlı olub.

Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 32 məktub ünvanlanıb.

Qaynar xətt vasitəsilə operativ əlaqələndirmə təmin edilərək daxil olan məlumatlar əsasında cinayət işləri başlanıb, külli miqdarda narkotik dövriyyədən çıxarılıb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib, ailələrə psixoloji və hüquqi dəstək göstərilib.

Paralel olaraq, cəmiyyətdə maarifləndirməni gücləndirmək məqsədilə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı və aidiyyəti dövlət qurumlarının iştirakı ilə 24 maarifləndirici və təşkilati tədbir, həmçinin 15 maarifləndirici sosial aksiya olmaqla, ümumilikdə 39 tədbir keçirilib.(Musavat.com)

Bizə qoşulun