Uzunömürlü insanların həyat tərzini araşdıran məşhur ekspert Dan Buettner 100 yaşı keçən şəxslərin qidalanmasında ortaq bir vərdişi müəyyən edib.
Medianews.az xəbər verir ki, araşdırmalara görə, dünyanın “Mavi Zonalar” adlanan və uzunömürlülüyün daha çox müşahidə olunduğu bölgələrində yaşayan insanlar digər bölgələrlə müqayisədə ən az dörd dəfə daha çox lobya istehlak edirlər.
Mütəxəssis bildirir ki, 100 yaşını keçən insanların demək olar hamısı həyatları boyu mütəmadi olaraq lobya yeyir.
Lobya yüksək qida dəyərinə malikdir: tərkibinin təxminən 21 faizi zülal, 77 faizi isə kompleks karbohidratlardan ibarətdir. Bu isə enerjinin orqanizmə tədricən və sabit şəkildə ötürülməsini təmin edir.
Eyni zamanda lobya liflə zəngindir, bağırsaq sağlamlığını dəstəkləyir, toxluq hissi yaradır və çəki artımının qarşısını ala bilər.
Dan Buettner gündə ən az yarım stəkan bişmiş lobya istehlak etməyi məsləhət görür.
Medianews.az