"Yay aylarında düzgün qidalanma həm qida zəhərlənmələrinin, həm də isti havanın orqanizmə mənfi təsirlərinin qarşısını almaqda mühüm rol oynayır".
Medianews.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin canlı yayımında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
Onun sözlərinə görə, yay mövsümündə qidalanmaya xüsusi diqqət yetirilməsinin iki əsas səbəbi var.
“İsti hava qidaların daha tez xarab olmasına səbəb olur və bu da qida zəhərlənməsi riskini artırır. Eyni zamanda, yay aylarında ağır və yüksək kalorili qidaların qəbulu orqanizm üçün əlavə gərginlik yaradır. Buna görə də bu fəsildə qidalanmaya daha həssas yanaşmaq lazımdır”, - mütəxəssis bildirib.
Z.Quliyev qeyd edib ki, yay aylarında tərkibində su çox olan meyvə və tərəvəzlərə üstünlük verilməlidir.
“Hazırlanan yeməklər mümkün qədər qısa müddətdə istehlak olunmalıdır. Yeməklərin uzun müddət, hətta soyuducuda saxlanılması belə bəzi hallarda qida təhlükəsizliyi baxımından risk yarada bilər”, - deyə o vurğulayıb.
Mütəxəssis əlavə edib ki, istirahət zamanı da qida seçiminə diqqət edilməlidir.
“Dəniz və ya hovuz kənarında yağlı, yüksək kalorili, karbohidrat və zülalla zəngin ağır yeməklər əvəzinə qarpız, pomidor və digər yüngül qidalara üstünlük verilməsi daha məqsədəuyğundur. Həmçinin yay aylarında enerji və spirtli içkilərin həddindən artıq istifadəsi tövsiyə olunmur”, - deyə Zakir Quliyev bildirib.