Sosial şəbəkələrdə paylaşdığı videolarla tanınan iranlı fenomen Mooni Rahimi bu dəfə izləyiciləri ilə kədərli xəbər paylaşıb. Bir müddət əvvəl ABŞ prezidenti Donald Trampın İrana qarşı addımlarını dəstəkləyən və Xameneinin ölümünü rəqs edərək qeyd edən gənc qadın müharibədə doğmasını itirib.
Mooni Rahimi doğma əmisi oğlunun müharibədə həlak olduğunu bildirib. O, hesabında birgə çəkilmiş fotolarını paylaşaraq kəskin etirazını ifadə edib. Fenomen qeyd edib ki, əgər ölkədəki siyasi vəziyyət fərqli olsaydı, yaxın qohumu indi sağ qalardı. Göz yaşları içində bu sətirləri yazdığını deyən Rahimi hər gecə doğmalarını itirdiklərini vurğulayıb.
ABŞ-yə köçməsinə baxmayaraq orada da xoşbəxtlik tapa bilmədiyini deyən iranlı fenomen gəncliyini və azadlığını itirdiyini qeyd edib. O, vətəninin viran qalmasını və həmvətənlərinin qətlə yetirilməsini izləməyin dözülməz olduğunu bildirib. Bu paylaşım sosial media istifadəçiləri arasında geniş müzakirələrə və fərqli reaksiyalara səbəb olub.
