İstanbul Boğazında yerləşən və məşhur “Kurtlar Vadisi” serialı ilə yadda qalan Abud Əfəndi Köşkü yenidən satış xəbəri ilə gündəmə gəlib.
Medianews.az xəbər verir ki, məlumata görə, köşkün səhmlərinin 15,23 faizi 170 milyon TL-yə satışa çıxarılıb.
Boğazın Üsküdar rayonunun Kandilli sahilində yerləşən tarixi bina özünəməxsus memarlığı ilə seçilir. Köşk 1835–1855-ci illər arasında Osmanlı saray memarı Qarabet Balyan tərəfindən inşa edilib. İki mərtəbəli taxta memarlığı, ağ fasadı və qırmızı kirəmitli damı ilə Boğazın ən görkəmli malikanələrindən biri hesab olunur.
Malikanə 1900-cü ildə Mehmet Abud Əfəndi tərəfindən alınıb və 1981-ci ilə qədər Abud ailəsinin iqamətgahı kimi istifadə olunub. Təxminən 1500 kvadrat metr torpaq sahəsində yerləşən binanın əsas sahəsi 270 kvadrat metr, ümumi istifadəyə yararlı sahəsi isə 540 kvadrat metrdir. Alt mərtəbədə daş konstruksiyalı iki qayıq evi, üst mərtəbədə isə mərkəzi salon və otaqlar yerləşir.
Köşk xüsusilə “Kurtlar Vadisi” serialındakı şura səhnələri ilə məşhurlaşıb və illər ərzində televiziya tarixinin ikonik məkanlarından birinə çevrilib. Bu səbəbdən malikanə həm tarixi, həm də mədəni baxımdan xüsusi dəyərə malik hesab olunur.
Hazırda səhmlərinin bir hissəsinin satışa çıxarılması ilə köşk yenidən investorların və ictimaiyyətin diqqət mərkəzinə gəlib. Ekspertlər bildirirlər ki, Boğaz sahilində yerləşən tarixi malikanələrin investisiya dəyəri hər il daha da artır və bu köşk həm yerləşməsi, həm də tarixi ilə unikal obyekt sayılır.
Medianews.az



