Çin hakimiyyəti ABŞ və İsrailin İrana hücumlarından sonra artan təhlükəsizlik riskləri səbəbindən ölkədəki vətəndaşlarına İrandan çıxmaq çağırışını yenidən edib.
Medianews.az xəbər verir ki, rəsmi Pekin bölgədə vəziyyətin qeyri-sabit və proqnozlaşdırılmaz olduğunu bildirib.
Çinin İrandakı səfirliyi və konsulluqları tərəfindən yayılan açıqlamada təhlükəsizlik şəraitinin mürəkkəb və dəyişkən olduğu vurğulanıb. Vətəndaşlara hərbi və strateji obyektlərdən uzaq durmaq, mümkün qədər tez təhlükəsiz ərazilərə keçmək tövsiyə olunub.
İranda qalan şəxslərə fövqəladə hallarda yerli hüquq mühafizə orqanları və Çin diplomatik nümayəndəlikləri ilə əlaqə saxlamaq məsləhət görülüb. Bildirilib ki, xəbərdarlıqlara baxmayaraq ölkəyə səfər edənlər konsulluq dəstəyindən məhrum qala bilər.
Qeyd edək ki, Çin hücumlardan əvvəl də – fevralın 27-də oxşar xəbərdarlıq etmişdi.
Medianews.az