Yay fəslinin ən gözoxşayan mənzərələrindən biri bənövşəyi rəngə bürünmüş lavanda sahələridir. Səhərin ilk Günəş şüaları lavanda kollarının üzərinə düşdükcə ətrafa yayılan zərif qoxu insanı tamam başqa aləmə aparır. Bir vaxtlar yalnız xarici ölkələrin geniş lavanda tarlalarında görməyə alışdığımız bu mənzərə artıq Naxçıvanda da formalaşmağa başlayıb. Muxtar respublikada ilk dəfə salınan lavanda sahəsi kənd təsərrüfatında yeni istiqamətin əsasını qoyur.
Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun ərazisində yaradılan sınaq sahəsi gələcək üçün böyük ümidlər vəd edir. 2024-cü ilin mart ayında burada 0,6 hektar sahədə Lavandula angustifolia növünün ilk sınaq əkini həyata keçirilib. Əkin materialları Bolqarıstandan gətirilib və yerli torpaq-iqlim şəraitinə uyğunlaşdırılıb.
Lavanda sahəsində görülən işlərlə yaxından tanış olarkən Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Yasin İsmayılov bildirib ki, məqsəd bu bitkinin Naxçıvanın torpaq və iqlim şəraitində məhsuldarlığını öyrənmək, uğurlu nəticələr əldə olunduğu təqdirdə isə əkin sahələrini daha da genişləndirməkdir. Onun sözlərinə görə, hazırda sahədə bütün aqrotexniki tədbirlər bitkinin bioloji xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Suvarma, becərmə və digər qulluq işləri vaxtında aparılır ki, bu da bitkinin sağlam inkişafına şərait yaradır.
Əməkdaşın sözlərinə görə, lavanda yüksək iqtisadi əhəmiyyətə malik bitkilərdən biridir. Əczaçılıq, kosmetika və efir yağları sənayesində geniş istifadə olunan bu bitki zəngin efir yağı tərkibi ilə seçilir. Aqrotexniki qaydalara düzgün əməl olunduğu halda hər hektardan 150 kiloqrama qədər efir yağı əldə etmək mümkündür. Bu isə fermerlər üçün gələcəkdə yeni və gəlirli istehsal istiqamətinin formalaşmasına imkan yarada bilər.
Lavanda sahəsində diqqəti cəlb edən məqamlardan biri də çiçəklərin ətrafında fasiləsiz dolaşan arılardır. Məlum olur ki, bu bitki arıçılıq üçün də olduqca qiymətlidir. Çiçəkləmə dövründə bol nektar verən lavanda arıları özünə cəlb edir və yüksək keyfiyyətli, xoş ətirli balın istehsalına şərait yaradır. Beləliklə, bir bitkinin becərilməsi, eyni zamanda bir neçə sahənin inkişafına da töhfə verir.
Bu gün hələ sınaq mərhələsində olan lavanda əkinləri gələcəyin böyük layihəsinin ilk addımı hesab olunur. Əldə ediləcək nəticələrə uyğun olaraq sahələrin genişləndirilməsi nəzərdə tutulur. Bu isə kənd təsərrüfatının şaxələndirilməsi, həm yeni gəlir mənbələrinin yaradılması, həm də yerli xammal bazasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Naxçıvanda bənövşəyi rəngə boyanan kiçik bir sahə gələcəyin böyük layihəsinin başlanğıcı kimi görünür. Əgər aparılan sınaqlar uğurla davam edərsə, yaxın illərdə lavanda xoş ətri ilə yanaşı, həm də kənd təsərrüfatının inkişafına, məşğulluğun artırılmasına və iqtisadi dəyərin yüksəlməsinə verdiyi töhfə ilə də seçiləcək. Naxçıvanın məhsuldar torpaqlarında yetişən bu zərif bitki gələcəkdə muxtar respublikanın yeni aqrar brendlərindən birinə çevrilə bilər.
Elnurə Cəfərova,
“Şərq qapısı” qəzeti