Medianews.az
General Yəhya Rəhim Səfəvi: “Plan 15 il qabaq hazırlanıb”
160 baxış

General Yəhya Rəhim Səfəvi: “Plan 15 il qabaq hazırlanıb”

İranın ali liderinin baş hərbi müşaviri general Yəhya Rəhim Səfəvi bildirib ki, Hörmüz boğazının bağlanması planı hələ 15 il əvvəl hazırlanıb.

Medianews.az xəbər verir ki, Yəhya Səfəvinin açıqlamasını İranın “Təsnim” agentliyi yayıb.

General deyib ki, hələ 2011-ci ildə ali rəhbər Əli Xamenei ona Hörmüz boğazının bağlanmasına dair plan hazırlamağı tapşırıb.

Yəhya Rəhim Səfəvinin sözlərinə görə, bundan sonra o, həmin dövrdə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı olan Əli Fədəvi, Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə və SEPAH komandanının müavini Hüseyn Salami ilə birgə 15 səhifəlik əməliyyat planı hazırlayıb.

Yəhya Rəhim Səfəvi qeyd edib ki, plan yalnız Hörmüz boğazının bağlanmasını deyil, həm də Fars körfəzi, Oman dənizi, Qırmızı dəniz və Aralıq dənizində həyata keçiriləcək əməliyyatları əhatə edib.

Onun dediyinə görə, sənəd təsdiqlənmək üçün ali rəhbərə təqdim olunub və daha sonra icra məqsədilə Silahlı Qüvvələrin Baş Qərargahına göndərilib.

“Bu gün həyata keçirilən tədbirlər 15 il əvvəl şəhid rəhbərin uzaqgörənliyi ilə hazırlanmış planın bir hissəsidir” deyə Yəhya Rəhim Səfəvi vurğulayıb.

Baş hərbi müşavir bildirib ki, Əli Xamenei İranın raket potensialının artırılmasına da daima önəm verib: “1997-ci ildə mən İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) komandanı təyin olunanda bizim 2000 raketimiz var idi. Lakin ali rəhbər bunun kifayət etmədiyini bildirərək dedi ki, ölkənin hücum xarakterli müharibəni ən azı üç ay idarə edə biləcək qədər raketi olmalıdır”.

Qeyd edək ki, general Yəhya Rəhim Səfəvi azərbaycanlıdır. O, 2007-ci ildən ali rəhbərin baş müşaviridir. Bundan qabaq 10 il ərzində (1997-2007) “Sepah”a rəhbərlik edib.

1989-cu ildən İranın ali rəhbəri olmuş Əli Xamenei 2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin ilk günü raket zərbəsi ilə öldürülüb.

Medianews.az

Bizə qoşulun