“Sabir Rüstəmxanlı mənim rusdilli məktəblərlə bağlı açıqlamama münasibət bildirərək deyib ki, “bu fikirlər ziyalıya yaraşmır”. Mən də demək istəyirəm ki, ziyalı olan insan ana dili səviyyəsində əlavə daha bir dil bilməlidir. Bir dil bilən adam ziyalı ola bilməz. Çünki təfəkkürü geniş olmalıdır. Hər bir milləti qabağa aparan onun elm adamlarıdır. Təkcə Azərbaycan dilini bilən səviyyəli elm adamını təsəvvür etmək qeyri-mümkündür. Yaxşı, rus dili olmasın, ingilis dili olsun, ingilis dili olmasın, ərəb, fars dilləri olsun. Amma rus məktəbini bitirən adam iki dil, Azərbaycan məktəbini bitirən adam isə bir dil bilir. Ona görə də ziyalıya nə yaraşır, nə yaraşmır, bu baxımdan Sabir müəllim hər şeyi tərs, başı üstə qoyur. Ziyalıya məhz elə bu yaraşır?” Bunu Medianews.az-a açıqlamasında kinorejissor və kinoşünas Ayaz Salayev Xalq şairi Sabir Rüstəmxanlıya cavab olaraq bildirib.

Ayaz Salayev daha sonra deyib ki, rus sektoru formalaşmış təhsil ocağıdır və orada tədris almaq bu millətin hüququdur:
“Bizim bir çox ziyalılarımızı da məhz bu sektor yetişdirib. Ona görə də rus təhsil ocaqlarını bağlamağı dəstəkləmək yox, onları müdafiə etmək ziyalıya yaraşır. Bu fikri dəstəkləyən insan heç cür özünü ziyalı adlandıra bilməz. Əfsuslar olsun ki, təhsil ocağını bağlamağa çağıran adam ziyalıdır. Bu çox acınacaqlı vəziyyətdir. Elə adamlara heç cür ziyalı demək olmaz. Mən Sabir Rüstəmxanlı ilə ana dilimizdə danışmışam, başqa dilləri bilib-bilməməsi ilə bağlı heç bir məlumatım yoxdur. Bunu yaxşısı budur ki, özündən soruşasız.
Siz dəqiq bilirsiz ki, mənim bu fikirlərimi etirazla qarşılayanlar ziyalılardır? Onların ziyalı olduğuna əminsiz?! Ziyalı o adamdır ki, biliyin tərəfdarıdır. Ziyalı sözü öz mənşəyini itirib. Ona görə ki, bütün o “ziyalı”lar bir dil bilir”.
Qeyd edək ki, Sabir Rüstəmxanlı Ayaz Salayevin “Nə vaxtsa kimsə yenə də rus bölməsini bağlamaq məsələsini qaldırsa, mən o dəqiqə döyüşməyə hazıram, o dəqiqə! Hələ ki, mən sağam, rus məktəblərini söküb-dağıtmaq istəsələr, qabağında dayanmağa hazıram” fikirlərinə qarşılıq olaraq bunları bildirib:
“Ayaz Salayev bu məsələyə bir az səhnə, aktyor pafosu ilə yanaşır. Halbuki bu məsələyə sakit ağılla baxmaq lazımdır. Bu, boks rinqi deyil ki, “qarşıma çıxsın, görəcək, yumruqla cavab verəcəyəm” deyəsən. Bu cür danışıq tərzi bir ziyalıya yaraşmır" deyə o bildirib.
Əli Əsgər,
Medianews.az