Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində (RİH) keçirdiyi əməliyyat nəticəsində saxlanılan sabiq icra başçısı Musa Şəkiliyev barəsində seçilmiş həbs qətimkan tədbiri 6 ay müddətinə uzadılıb.
Medianews.az "Report"a istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının vəsatəti əsasında verilmiş təqdimat üzrə qərar qəbul olunub.
Qeyd edək ki, DTX 2025-ci ilin iyun ayında Qax RİH-də əməliyyat keçirib.
Əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.
2025-ci il iyunun 21-də Səbail Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, 2025-ci il oktyabrın 14-də Musa Şəkiliyevin həbs müddəti 4 ay müddətinə, 2026-cı il fevralın 13-də isə həbs müddəti 5 ay müddətinə uzadılıb.
Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama əsasən, Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.