Ukrayna parlamenti – Ali Rada iyulun 16-da prezident Vladimir Zelenskinin təqdimatına baxaraq Sergey Koretskini baş nazir təyin edib.
Əvvəlki baş nazir Yuliya Sviridenko iyulun 14-də istefaya göndərilib.
Ölkədə hökuməti parlament formalaşdırır. Baş nazirin, xarici işlər və müdafiə nazirlərinin namizədliyini prezident, qalan hökumət üzvlərinin namizədliyini baş nazir verir.
Ali Radada Vladimir Zelenskiyə bağlı Xalq Xidmətçisi Partiyası və müttəfiqləri çoxluqdadır.

1978-ci il təvəllüdlü Sergey Koretski avtomobil və avtomobil təsərrüfatı, iqtisadiyyat, neft və qaz hasilatı üzrə üç ali təhsil alıb.
1997-2018-ci illərdə “Kontinium” yanacaq holdinqində məsul vəzifələr tutub, o cümlədən baş direktor olub. 2018-ci ildən müxtəlif biznes layihələrinə yön verib, 2022-ci ildə “Ukrnafta” və “Ukrtatnafta” müəssisələrinin direktoru, 2025-ci ildə “Naftoqaz” şirkətinin rəhbəri seçilib.
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən dərhal sonra Rusiya Krım yarımadasını zəbt edib, martın 18-də bölgəni Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlara başlayıb, sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Müharibə üzündən Ukraynada seçki keçirmək mümkün olmur.
2019-cu ildə prezident seçkisinin ilk turu martın 31-də olub, ikinci turda – aprelin 21-də Vladimir Zelenski qalib gəlib, iyulun 21-də isə Ali Rada seçilib. Yerli seçkilər 2020-ci il oktyabrın 25-nə düşüb.
2023-cü il oktyabrın 29-da keçirilməli olan parlament seçkisi, 2024-cü il martın 31-də keçirilməli olan prezident seçkisi və 2025-ci il oktyabrın 26-da keçirilməli olan yerli seçkilər təxirə salınıb.